Axtardığını tapdın

Axtardığını tapdın 

Bir-birindən gözəl günlərimiz vardı. Elə bil, torpaqda yaşamır, göylərdə uçurduq. Günlərimiz elə gözəldi ki, sanki addımlayır, ancaq ayaqlarımız yerə dəymirdi. Dumduru, şəffaf suda sanki balıq kimi üzürdük.

Çox gözəl günlərimiz vardı, amma sən o gözəl günlərin içərisində nəsə axtarır, hey axtarırdın. Ürəkdən sevinib güldüyümüz yerdə dayanıb ətrafa boylanır, nə isə tapmaq istəyirdin. Tapa bilmir, kədərlənirdin.

“Nə axtarırsan?” - deyə sorurdum səndən, sənsə cavab tapmayıb elə hey axtarırdın. Tapmırdın axtardığını. Tapmadıqca da qəlbimi sındırır, məni günahkar sayır, nahaqdan ürəyimi qırırdın. 

Çox axtardın, çox aradın, axır ki tapdın. Sevincin içindən kədər, sevginin dərinliyindən ayrılıq tapdın. Tapan kimi də, elə bil, yüngülləşdin. Ondan sonra sakitləşdin. Həmişəlik sakitləşdin.

Sən demə, illərlə axtardığın elə ayrılıq imiş. Onu tapan kimi məni itirdin.