Acılardan gül dəstəsi

Acılardan gül dəstəsi

Gəlmə yanıma səssiz-səmirsiz, qəlbsiz, ürəksiz, gəlmə! Gəlmə yanıma həvəssiz-həvəssiz, sevgisiz, məhəbbətsiz, gəlmə!

Səni belə görmək mənə çox ağırdır, inan, çox ağır.

Sənsizliyə dözərəm, özümü aldada-aldada səni gəzərəm, axtararam, tapmasam da, axtararam. Dözərəm ayrılığına. Çətin də olsa, dözərəm.

Amma səni and verirəm Tanrıya, bircə yanıma gəlmə, gəlmə! Dözə bilmirəm soyuq baxışlarına, alışa bilmirəm sevgisiz danışıqlarına, dözə bilmirəm! 

Gətirmə mənə acı sözlərdən, keçmişlərdən, solmuş güllərdən, acılardan gül dəstəsi, gətirmə!

Güldana qoya bilmərəm o gül dəstəsini, güldanım düşüb-sınıb. Əlimdə tuta bilmirəm, qollarım yanıma düşüb. Gətirmə mənə ağrı-acı çələngi, dərdi-sərdən, acılardan gül dəstəsi, gətirmə, yalvarıram sənə, gətirmə!