Ayrılığın şərəfinə

Ayrılığın şərəfinə

 Ayrılıq şərabını mənə içirib, sağlıq deməyimi də istəyirsən? Nə olar, istəyirsənsə, deyərəm...

Ayrılığımız şərəfinə son badəni qaldırıram. Sağlıq deyə-deyə. Həmişə bir yerdə olmağımızın şərəfinə badə qaldırırdım, indi isə ayrılmağımızın şərəfinə badə qaldırıram.

İçməmiş məst olmuşam, şərabdan yox. Ayrılığımıza içirəm. Gözlərinə son dəfə baxıb içirəm. Məni yarıyolda qoyub qayıdan gözlərinə. Soyuq, qəddar gözlərinə. Elə bil, şərab yox, zəhər içirəm...

Gəl içək sənin sağlığına! Sevməyimə peşman eləsən də məni. Arzularımla tənha qoyub qaçsan da məni.

İçək sənin sağlığına! Qoy, bundansonrakı həyatın gözəlliklərlə əhatə olunsun. Canın həmişə sağlam olsun. Varın-dövlətin başından aşıb-daşsın. Həyatda istədiyin hər şeyin olsun. Dəm-dəstgahlı evin-eşiyin. Çilçıraqdan bərq vuran otaqların. Ağ qumaşdan yatağın...

Amma məni yarıyolda qoyan yarım! İçimdə bir istəyim də var. Gizlətmirəm onu səndən. Həmin yataqda heç vaxt isinməyəsən.

Qismətinə dünyanın ən gözəli çıxsın. Həmin dünya gözəlinə ən bahalı nişan üzüyü alasan. Nişan günündə üzüyü barmağına taxanda barmaqların sevincdən titrəməsin!

Ən təmtəraqlı toy sənin toyun olsun. Aləm toyuna yığışsın. Hamı ağ paltarda daha gözəl görünən gəlinə baxıb, sənə qibtə, paxıllıq eləsin. Səninsə gözün hamının arasından kimisə axtarsın, axtarsın...

Bal ayında dənizin ləpələri sizi ağuşuna alsın. Gözyaşı kimi dumduru suyun içərisində əlin əl axtarmasın.

Ömrün uzun olsun. Lap çox yaşayasan. Dünyadan köçəndə əzizlərin başının üstündə olsun. Amma son nəfəsində mənim adımı çəkəsən, məni çağırasan.

İndi isə qaldır son badəni, içək ayrılığın şərəfinə!