Sənsiz qala bilmirəm

Sənsiz qala bilmirəm 

- Yanına gəlmişəm, sevgilim mənim, yanına gəlmişəm! 

- Niyə gəlmisən yanıma, kim sənə dedi yanıma gələsən? Tez qayıt, gəldiyin yolla da geri dön!

- Nə olar, sevgilim, qovma məni, sənsiz qala bilmirəm. Necə ki sən mənsiz qala bilmirdin. Sənsiz nəfəsim çatmır, necə ki sən bunu mənə deyirdin. Sənsiz boğazımdan su da keçmir, necə ki sən mənsiz yemək yemirdin. Dünyam boşalıb sənsiz, qovma məni, yalvarıram, qoy yanında qalım.

- Gəl, eşit məni, səni and verirəm məhəbbətimizə, qayıt!

- Mənim müqəddəs and yerim sən idin, sən də məndən çox-çox uzaqdasan. Heç nəyə and vermə. Daha mənim üçün müqəddəs and yeri yoxdur. Yadındadır, əzizim, bir zamanlar mənsiz qala bilmirdin, deyirdin, həyatı mənsiz təsəvvür eləmirsən. Bəs indi niyə məndən ayrı qalmaq istəyirsən? Axı «Sevgimiz əbədidir», - deyirdin; bəs sənin sevgin nə tez qurtardı? Qovma məni, insafın olsun, sevgilim, nə olar, qoy səninlə qalım.

- Elə demə, rəngi solmuşum mənim, elə demə. Səni uşaq vaxtından sevmişəm! Heç mənim sənə sevgim qurtararmı? Bircə mən istəmirəm ki, sən bədbəxt olasan. Hələ cavansan. Bil ki, bütün xoş və bədbəxt anların sonu olur. Bir azca səbirli olsan, başına gələnləri unudacaqsan, hamı unutduğu kimi. Sonra da öz taleyini qurarsan. Körpəmiz olar. Körpəmizə adımı verərsən. Mən əvvəllər təksə səni sevirdim, indi isə ikinizi də sevirəm. Amma qayıt, ruhum mənim, qayıt, yalvarıram sənə, qayıt.

- Mən dözə bilmirəm sənsiz, pənahım mənim! Uşaqlıqdan səni başımın üstündə görüb təkcə səni sevmişəm, həmişə məni axtarmısan, tapmısan. Bir gün, bir saat da mənsiz qala bilməmisən. İndi üçüncü gündür, sənsizəm, heç məni axtarıb-aramırsan. Budurmu sənin etibarın, budurmu sənin sədaqətin? Sənsiz günümün necə keçdiyindən xəbərin varmı? Yanına gəlmişəm, İlham! Məni peşman qaytarma, qırılmış ümidimi qırma, sevgilim!

- Ürəyimi acı sözlərinlə dağlama, “etibarsız” deyib, məni yandırma! Dözə bilmirəm bu sözlərinə, sevgilim. Gəl yanıma, gəl, mənim sözə qulaq asmayan, tərsxasiyyətli sevgilim. Mən də sənsiz qala bilmirəm.

Gəl, heç olmasa, əbədi dünyada bir yerdə olaq, mənim etibarlı, sədaqətli Fərizəm!