Niyə susursan?!

Niyə susursan?! 

 Qürbətə gedəndə son dəfə dönüb arxaya baxmadın. Yəqin, kövrələcəyindən qorxdun, ağlayacağından çəkindin, eləmi ? Niyə susursan?! Ayrılan zaman kövrəldinmi heç? Ayrılığımıza təəssüfləndinmi?

Mənsə səndən ayrılandan hey yalqız gəzib-dolaşırdım. Çox uzaqlarda olduğunu bilə-bilə hər yanda səni axtarırdım, hey səni arayırdım. Sən də mənsiz yalqız oldunmu heç? Məni görmək üçün geriyə dönmək istədinmi? Niyə susursan? Məni yenidən tapmaq arzusuna düşdünmü heç?

Mənimsə sənsiz qalandan sonra dünyam boşaldı. Gözümün önündə bütün rənglər qaraya boyandı. Gündüzlərim gecələrə döndü, hər yana qaranlıq çökdü. Arzularım şüşə kimi çiliklənib yerə töküldü. Səni yadımdan çıxara bilməyib dəli oldum, divanəyə döndüm. Bir an da olsa belə, unuda bilmədim o təkrarsız günlərimizi. Yəqin, sən də məni unuda bilmirdin, deyilmi? Niyə susursan? Yoxsa heç yadına düşmürdüm? 

Mənimsə hər yerdə gözümə sən görünürdün. Bir yerdə olduğumuz, əl-ələ tutub gəzdiyimiz yerlərdə. Məni sevib-oxşadığın yerlərdə. Hər yanda sən var idin. Qulaqlarıma yalnız sənin səsin gəlirdi. “Səni sevirəm”, - deyən pıçıltın. “Sənsiz qala bilmirəm”, - deyən səsin. Sən də mənim səsimi eşidirdinmi heç? Gecə-gündüz səninlə danışan səsim sənə çatırdımı? Niyə susursan?! Heç mənim üçün darıxırdın? Niyə susursan?! Hərdən də olsa, yadına düşürdümmü?

Sən gedəni səndən ötrü çox darıxdım. Sızım-sızım sızladım, ağladım. Səni sevə-sevə, uzaqdan-uzağa oxşaya-oxşaya. Həsrət göz yaşımı axıda-axıda. Kimsə duymasın deyə, için-için, təklikdə isə hönkür-hönkür ağladım. Əzizini itirmiş, tək-tənha qalmış kimi. Həmin vaxtlar sən də məndən ötrü hönkür çəkib ağladınmı heç? Niyə susursan?! Keçmişlərimizi yada salanda, heç olmasa, bircə dəfə də gözlərin doldumu heç?

Yad bir əldən yapışıb səadət axtarmağa gedirsən. Bu müqəddəs yolda gözüyaşlı qoyduğun itkin bir gəlinin xeyir-duasına ehtiyacın varmı heç?! Niyə susursan?! Yoxsa xeyir-duasız da bəxtəvər olacağına əminsən? Niyə susursan?! Niyə susursan?!