Bəxtgüzgüsü

Bəxtgüzgüsü

Üzüqoyulu daşın üstündə niyə uzanmısan, Gəlincik? Gəl qaldırım səni, gedək mənimlə!

Ah, biçarə! Niyə səni qaldırarkən “Ana!” çağırdın? Eşidirmi məgər bədbəxt anan səsini?! Gələcəkmi çağırırsan o yazığı? Onu bu qədər çağırmısan, heç səsinə hay verə bilibmi?

Yazıq, qız! Səni bu günə kim qoyub? Bir qolun yox, bir gözün yox, üzüqoyulu düşmüsən daşın-torpağın üstünə?!

Hansı cəllad qolunu sındırıb? Kimə pislik eləmisən ki, gözünün birini çıxarıb? Uzun saçın niyə yoluq-yoluq, ipək paltarın niyə cırıq-cırıqdır? Javan canına kim qıyıb, bu kökə salıb səni, Gəlincik?!

Eh... zavallı! Səni də, yəqin, günün birində bir zalım xoşlayıb, alıb, sevib. “Mənim qəşəng, gözəl kuklam!” - deyib qolları üstündə yatırıb. Oynadıb, oynadıb, doyandan sonra isə döyə-döyə qolunu sındırıb, gözünü kor edib, rəhmsizcəsinə, qəddarcasına atıb səni küçələrə. 

Gəl, səni aparım özümlə. Su tapmasam, göz yaşlarımla üz-gözünü silib-təmizləyərəm. Bir bucaqda sənə yer düzəldərəm. Bəxtgüzgüm çoxdan sınıb, güzgüyə baxmaq istəyəndə sənə baxaram, sənə də ağlayaram, özümə də.