Yazıqları gəldi

Yazıqları gəldi 

Bir anda gözlərimə qaranlıq çökdü, daha sonra nə olduğundan xəbər tutmadım. Qulağıma çox uzaqdan səslər gəldi: “Bədəni buza dönüb, həkim çağırın... Gecdir, daha həkim çağırmayın”. Səslər get-gedə kəsildi. Daha heç nə eşitmədim.

Bircə o yadımdadı ki, dar, sonu görünməyən uzun, dairəvi bir dəhlizdən sürətlə keçib səmaya qalxdım. Məni bir tərəfdə qara geyinmiş qanadlı məlakələr, başqa tərəfdə ağ geyinmiş məlakələr qarşıladılar. Fani dünyada yaşadıqlarımı, başıma gələnləri soruşdular. Onlara hər şey məlum olsa da, özümdən öyrənmək istədilər olanları. Danışmaq istədim. Həyəcandan dilim tutuldu, danışa bilmədim. Onlar mənə fırça, rənglər və kətan verdilər ki, başıma gələnlərin əksini çəkim.

Çəkdim. Kətan üzərində əvvəlcə Günəş, sonra isə mavi səma çəkdim. Daha sonra çəkdiyim qara buludlar onları tamam görünməz elədi. Qasırğalı həyat, tufanlı dəniz, ölüb, suyun üzərində qalmış balıqlar, payız yarpaqları, buz qayalıqlar, üzərinə bıçaq saplanmış qanlı ürək, göz yaşları, beli sınmış, dizüstə çökmüş adam...

Mən dayanmadan çəkirdim... Bu vaxt qanadlı məlakələrdən biri əlimdən tutdu. “Dur!” - deyə əmr etdi. Yarımçıq şəkli əlimdən aldı. Onu o biri məlakələrə göstərdi. Şəklə baxanda özüm də heyrətə gəldim. Rəssam olmasam da, yaşadığım həyatı aydın çəkmişdim.

Məlakələr şəklə baxıb aralarında pıçıldaşdılar. Yavaşcadan mübahisə etdilər. Sonra isə “Yazıqdır, geri göndərək”, - dedilər. Yazıqları gəldi mənə, geri göndərdilər. 

Qulağıma yenə səs gəldi: “Şükür Allaha, deyəsən, duamızı eşitdi. Nəfəsi özünə qayıtdı”.