Cəza

Cəza

 Bir kənd var idi - Qeyrətlilər kəndi. Qayalıqlar əhatəsində yerləşərdi bu kənd. Gecələr qayalığın başından baxanda evlərdən gələn işıqlar çırağa bənzədirdi bu kəndi. 

Kəndin öz başbilənləri vardı - kəndin, kənd camaatının öz qoluzorlu başbilənləri. Bu başbilənlərin də şəriətdən iraq öz yazılmamış qanunları vardı - dəhşət saçan, ölüm, qan qoxuyan qanunları. 

Kənd qeyrət qalası idi. Buranın cavanları bacı namusu gözləmək, bacı qeyrəti çəkmək kimi qayğılardan azad idilər. Xoşbəxt yaşayırdılar. Bacıları bir kimsəyə ürək verməz, kimsəni sevməz, bulaqbaşına görüşə getməz, toy olanda çadırdan gizlin-gizlin cavanlara boylanmazdılar.

Çünki bu kənddə qız yox idi. Qızsız, bacısız qalmışdı kənd. Kəndin başbilənlərinin məsləhəti ilə gülsüz-çiçəksiz qalmışdı, gülüşsüz, qəhqəhəsiz qalmışdı bu kənd; için-için ağlar qalmışdı bu kənd...

Anadan olan körpə qızları bu kənddə öldürərdilər. Körpə qızların canlarına qıydıqca, körpələri beşikdəcə boğduqca bu qeyrət qalasında qeyrətli olardılar, güclənərdilər. Başbilənlərə qulaq asdıqca əllərini qana batırar, körpə qızları analarından zülmlə ayırıb ya boğar, ya diri-diri basdırar, ya da qarlı havada çöldə qoyub tələf edərdilər. Anaların göz yaşlarına məhəl qoyan kim idi? Onların yalvarışlarına baxan kim idi?

Allahdan qorxmazdılar bu qeyrətlilər. Körpə qızlarını məhv etdikdən sonra daha da şax gəzərdilər. Sanki fəxr edərdilər. Ana fəryadlarını, göz yaşlarını saymazdılar. Heç nəyə baxmazdılar. Təkcə başbilənlərin sözündən başqa.

At çapar, güləşər, bir-birlərinə əsl ər kimi meydan oxuyardı bu kişilər. Çox güclü idilər. Hətta körpələrinə belə gücləri çatardı. Rəhmsizlikdən, qəddarlıqdan qan pərdəsi örtərdi onların gözlərini. Qıyardılar körpə, gücsüz məxluqlara. Hər “kişi” öz körpəsini özü boğardı. 

Bir sirri də var idi bu kəndin. Hər kəs anadan olan qız körpəsini məhv etsəydi, onun ardınca onun 4-5 oğlu olardı. Elə bil, Tanrı da qorxardı bu kəndin camaatının allahsızlığından, çəkinərdi bu qeyrətlilərə qız övladı verməkdən. Bir evdə on-on iki oğlan uşağı olardı. Sevinərdi həmin külfətin başçısı.

Başbilənlərin ürəkləri daşa dönmüşdü. Onlar nə Tanrıdan, nə Peyğəmbərdən, nə Axirətdən qorxardılar. Namaz qılardılar. Allaha ibadət edərdilər. Hər kəlmələrində “Allah” işlədərdi bu allahsızlar.

Yadlarından çıxarardılar ki, körpəni yaradan Tanrıdır. Yaratdığı gündən də onları müqəddəs mələklərə tapşırıb. Hər körpənin üstündə bir mələk qoyub.

Onlar unudardılar ki, analar, qızlardır hər bir daxmanın istisi. Müqəddəs kitabda yazılanlara məhəl qoymazdılar. Orada isə deyilirdi: “Xanım və xanım qızlar Uca Allahın qüdrət qələmiylə çəkdiyi, Camal ismiylə süslədiyi sevimli varlıqlardırlar. Onlar ibadət və itaətləriylə Jənnət hurilərindən üstün, yetişdirdikləri imanlı nəsil səbəbiylə Jənnət ayaqları altına səriləcək qədər çox ülvi bir şərəfə layiqdirlər.

Xanım qızlar yer üzündə yaradılan ilk insana yoldaş olan Həvva anamızın dəyərli qız övladları, fatehləri yetişdirən anaların qız övladlarıdırlar.

Peyğəmbərlərə analıq etmiş analar məmləkətin böyüklərini yetişdirən tərbiyəçilərdirlər”. Bu yazılara məhəl qoymazdılar qeyrətlilər.

Evlənmək, arvad qulluğundan xoşlanmaq, oğul atası olmaq istəyənlər isə gedib özlərinin dediyi kimi “biqeyrətlər” yaşayan kəndlərdən evlənərdilər. Qonşu kəndlərdən, qız övladlarını məhv etməyən, onları sevə-sevə böyüdüb-ərsəyə yetirən kəndlərdən qız alıb gətirərdilər. Həmin qızı onlara verməyəndə isə qızı ya qaçırar, ya da yerli-dibli itirərdilər. 

Qeyrətlilərə bələd olan bir kimsə qızlarını halallıqla həmin kəndin oğlanlarına ərə verməzdi. Qeyrətlilər qızları zorla özlərinə ömür-gün yoldaşı edərdilər. Həmin qızlar oğul doğar, başçılarını xoşbəxt edər, qız doğanda isə özləri bədbəxt olardılar.

Amma qeyrətlilərin xoşbəxtliyi çox uzun sürmədi. Bir gün Tanrının da səbir kasası doldu. O qəzəbləndi bu elin camaatına. Onun yaratdıqlarını məhv elədiklərinə, Yaradana qarşı çıxdıqlarına görə.

Günlərin qara günlərinin birində kəndin dağları lərzəyə gəldi. Gurultu qopdu. Çıraqlar qəfil söndü. Kəndin düz ortasından yer aralandı. Nalə, fəryad göylərə qalxdı. Heç bir an keçməmiş, bütün səslər kəsildi. Kəndin evləri camaatı ilə birgə aralanmış yerə çökdü. Torpaq təzədən yerinə qayıdanda kəndin yerində torpaqdan savayı bir şey yox idi. Həmin gündən bir kimsə Qeyrətlilər kəndindən heç kəsə rast gəlmədi. 

Məhəmməd Peyğəmbərin (ə.s) müqəddəs bir kəlamı var: “Günahların bəzisini nə namaz, nə oruc, nə də Həcc pak edir. Onları ancaq və ancaq ağır cəzalar yuyur”.