Yat, Qoca, yat!

Yat, Qoca, yat! 

Niyə yatmırsan, Qoca!

Haran ağrıyır ki, sızım-sızım sızıldayır, yanındakıları yatmağa qoymursan?

İş görməmisən, qolun ağrıya, çox gəzməmisən, dabanın sızlaya.

Niyə inildəyirsən, niyə ah-zar edirsən? Yanındakı binəva qocalar dinməsələr də, sənin iniltindən zara gəliblər.

Ürəyin sancırsa, bunu özünə dərd eləmə, indi cavanların da çoxunun ürəyi ağrıyır. 

El-oban üçün bəlkə qəribsəmisən, Qoca, oranın dağları, çölləri, yamyaşıl meşələri üçün darıxmısan?

Eh, ay Qoca, neyləyirsən o vətəni ki orda sən artıqsan? Oradakılara lazım olsaydın, gətirib Qocalar evinə atmazdılar səni. Bir də ki buranın özü də ağaclıqdır. Hər tərəfdə sıra ilə küknar ağacları əkilib. 

Görürəm, bu da ürəyindən deyil.

Büzüşüb çarpayının bir küncündə, niyə uşaq kimi için-için ağlayırsan? Gözlərindən axan yaşlar üzündəki qırışları doldurub. Nə istəyirsən? Bəlkə əllərin qabar ola-ola tikdiyin evini istəyirsən?

Məgər hündür, geniş Qocalar evi tikdiyin ikigözlü daxmadan pisdir? Orada gedib buz kimi bulaqdan əziyyətlə su gətirirdin; burda otağın içərisində isti suyun, soyuq suyun, hər cür şəraitin var. Gündə 3-4 dəfə vaxtlı-vaxtında isti yeməyini verirlər, daha nə istəyirsən?

Qoca, naşükür olma, yumşaq yorğan-döşəyin var, yıxıl, rahat yat.

Bəlkə darıxırsan, oğlanlarını istəyirsən? Kasıblıqla, min bir əzab-əziyyətlə böyütdüyün oğlanların üçün ürəyin birtikədir? Darıxma, indi onlar özləri də yekə kişidirlər, uşaq deyillər ki, onları qucaqlayıb-öpəsən. Hərəsinin öz uşağı var. Yəqin, nigaransan - birdən xəstə-zad olarlar. Yox, narahat olma, sağ-salamatdırlar, baş həkim onlarla hərdən telefonla danışır. 

Mənimlə danışa-danışa nə tez-tez nəvələrinin şəkllərinə baxırsan? Eh, ay Qoca! Oğlanlarından nə etibar görmüsən ki, nəvə də axtarırsan?..

Niyə yenə gözlərin doldu, Qoca? Deyəsən, kobud danışdım səninlə, xətrinə dəydim. Bağışla, istəmədim xətrinə dəyim. Görürəm, çox narahatsan, ona görə bunları sənə deyirəm. Yat, qoca, yat. Yat ki, ürəyin istəyən adamı, heç olmasa, yuxunda görəsən. Yat!.. 

Səhərin açılmasına az qalır, Qoca, yat! Özü də hirsindən-hikkəndən çarpayını didib-tökmə. Vaxt gələr, o çarpayı sənin oğlanlarına da gərək olar!..

 

Ataya itaət Allaha itaət deməkdir.

Atanın üzünə ağ olmaq,

Allahın üzünə ağ olmaqdır

(Məhəmməd Peyğəmbər)