Qayıt, Ana, bir anlığa qayıt!

Ananın qədri çox gec bilinər…

Qayıt, Ana, bir anlığa qayıt!

Sirli-sehrli dünyanı gəzib, ata ocağına qayıtdım, Ana! Bir vaxtlar isti nəfəsindən od alıb-yanan ocağa. Küncə-bucağa göz gəzdirdim. Dedim, bəlkə o ocağın istisindən bir əsər-əlamət qala. Vaxtilə qədrini bilmədiyim ana nəfəsini axtardım orada.

Qollarının arasına girmək, qabarlı əllərindən öpmək istədim sənin. Qollarımın üstündə gəzdirmək istədim səni. Tapa bilmədim. Sevginə sevgimlə cavab vermək istədim. O ülvi, o müqəddəs, o təmənnasız məhəbbətinə.

Hər sözünə qulaq asmaq, hər dərdinə şərik olmaq, hər kəlmənə, «Jan!» demək istədim. Amma çox gec oldu. Səni heç yerdə görmədim.

Heyf, çox heyf ki o sevginin qədrini gec bildim; özüm valideyn olandan sonra. Onda da artıq çox gec idi. Sən çox-çox uzaqlardaydın. Sənə bənzər ana görəndə “Kaş mənim də anam sağ olaydı”, - deyə fikirləşdim.

Bircə anlığa qayıdıb gələ bilsəydin yanıma, onda görərdin, səninçün necə darıxmışam. Səni duz kimi yalayardım, ayaqlarından öpərdim, “Bağışla, qədrini bilməmişəm, Ana!” - deyərdim.

Oxşayardım səni, sən məni oxşadığın kimi, öpərdim səni doya-doya, sən məni öpdüyün kimi; mənim müqəddəs Anam.

Mənim Anam! Mənim şirin Anam! Heç nəyi özünə qıymayıb, hər şeyi bizə verən, əvəzində isə soyuqluq və kobudluqdan başqa bir şey görməyən Anam!

İndi mənim soyuq məhəbbətlər əhatəsində sənin ülvi, əvəzsiz məhəbbətinə, isti nəfəsinə ehtiyacım var. Qayıt, qayıt, bir anlığa həyatıma gəl. Gəl gör ki, sənin dizlərində doyunca yatmadığım üçün necə peşman olmuşam. Üstümü örtəndə əllərindən tutub öpmədiyim üçün necə peşman qalmışam. Gəl gör ki, Sən məni bağrına basanda, bağrından tez ayrıldığım üçün necə peşmanam. Nə olar, Ana, bir anlığa qayıt!