Elə etmə, özüm gəlim

Elə etmə, özüm gəlim

Yuxuma gir, əziz Anam, yuxuma gir!

Yuxuma gir, gəl yanıma, küsmüsənsə, küsmə məndən, yuxuma gir, məni dindir. Küsmə məndən. Əgər səhvim olubsa da, danla məni, ağlat məni, ovut məni. Amma yuxuma gir. Ümid yerim, tənhalığım yorub məni, yuxuma gir!

Ev çırağım! Yanan-yanıb, sınan-sınıb, heç olmasa, sənsə mənə təsəlli ol, yuxuma gir, səni görüm, tənhalıqdan uzaqlaşım, insanlaşım...

Qorxma, Ana! Yuxuma gir, de sözünü! Sözlərinlə sındırmazsan ürəyimi. Sınan sınmır. Qorxma, Ana, ağlatmaszan bir də məni, gözlərimdən bil ki, daha yaş tökülmür, yuxuma gir. Unutmuşam kövrəkliyi. Yuxuma gir, küsmə məndən, yuxuma gir, məni dindir.

Yuxuma gir, sənlə yenə doğmalaşım. Yuxuma gir, sənlə yenə qujaqlaşım, uşaqlaşım. Nələr gəldi bu başıma, dinlə məni, qoy danışım. Yuxuma gir, yuxuma gir!

Elə etmə, özüm gəlim. “Ana!” deyib bərkdən sənlə qucaqlaşım! Elə etmə özüm gəlim düz yanına! Elə etmə, qıyma mənə, yuxuma gir!!!