Kameranın əhdi

Vətən Oğlu Çingiz Mustafayevə

İthaf Olunur

Kameranın əhdi

Kamera hər şeyi çəkdi. Çəkdi ki, hamıya göstərsin. Çəkdi ki, dünyada heç nəyə inanmayanlara hər şeyi inandırsın. O, Vətənini özündən çox sevən sahibini sevdi. Sahibinin hər istəyini yerinə yetirdi. Səssiz, sözsüz.

Nələr görmədi yazıq Kamera, nələr görmədi?! Cansız gözü, az qala, qaraldı, cansız dili, az qala, dilə gəldi, ürəyi partlamaq, alışıb-yanmaq istədi. Amma dözdü, çünki dözmək lazım idi. Qorxmadı, yorulmadı, hər şeyi çəkdi. Qan gölməçələrində islana-islana gördüklərini çəkdi. Düşmən gülləsindən yayınıb onun törətdiklərini çəkdi. Dərisi qoparılmış başları, üzləri tanınmaz hala salınmış adamları, bir yerdə bədəni, başqa bir yerdə isə başı çəkdi. İşgəncə ilə öldürülmüş körpə meyidləri gördü və çəkdi. Daha nələr çəkmədi Kamera... Amma qorxmadı, yorulmadı, gecə də, gündüz də çəkdi. Haqqı, ədaləti hamıya sübut etmək üçün çəkdi.

Günlərin birində o öz sahibini də çəkdi. Əvvəlcə qorxdu, dayandı. Sahibi də qorxdu, amma ölümdən yox, ona atılan güllənin “özününkülərin» atdığından qorxdu. Çevrilib arxaya baxdı. Arxada isə yalnız “bizimkilərdi”. İlk dəfə “bizimkilərdən” qorxdu. Əvvəllər düşmən gülləsindən yaralanmışdısa da, yarası belə göynətməmişdi. “Özümünkülərin güllə yeri necə də pis yandırır, İlahi!». O zarıyıb yaxınlıqdakını köməyə çağırdı. “Bizimki” köməyinə gəldi. Amma yaralıya kömək əvəzinə, Kameranın torbasından dolu kasetləri götürüb getdi. Hara getdi? Niyə getdi? 

Bayaqdan donub-qalmış Kamera, elə bil, ayıldı. Yenə də çəkməyə başladı. Sahibini, onun üstündən bulaq kimi axan qanını çəkdi. Bədənini yağı gülləsi yox, öz gülləmiz deşdiyini çəkdi. Zarıya-zarıya dediyi “satqın” kəlməsini çəkdi. Bir an da dayanmadan çəkdi. Sanki hamıya sübut etmək istəyirdi ki, mənim sahibimi “özümüzünkülər” vurdular. Həmin gündən kamera sahibsiz qaldı. Amma sahibinə etibarlı çıxdı. Onun istəyini yerinə yetirdi. Çəkdiklərini bütün dünyaya göstərdi.

O, indi gözləyir; gözləyir ki, sahibinin çəkmək istədiyi doğma yerləri çəksin. Kamera əhd edib sahibinin arzuları yerinə yetincəyə qədər qara torbada qalacaq. O, əhd edib ki, bir də Laçında sahibinin heykəlinin açılış mərasimini çəkmək üçün qara torbasından çıxacaq.