Müqəddəs və sehrli mahnı

Müqəddəs və sehrli mahnı

Həzin, həm də kədərli bir səda var. Bu sədanı eşidən kəs kövrəlir, qəhərlənir. Qulaq verir bu səsə, istər-istəməz xəyalən göylərə uçur. 

Bu nə sehrli-sirli sədadır belə, hər kəsi ovsunlayır? Hətta ağlayan körpə də bu səsi eşidəndə onun sehrinə düşüb bir anlığa susur.

Gündə neçə dəfə bu dərin musiqini eşidən ən qocası da, ən xəstəsi də demir: “Bəsdir, daha səsləndirmyin bu mahnını!». Çünki müqəddəsdir bu mahnı. Sehrlidir bu təranə.

Kim bəstələyib bu musiqi sədasını, eşidəni susdurur? Kimdir bu musiqinin bəstəkarı? Bəlkə bu mahnını yazandan sonra qeyb olub, göylərə çəkilib? Bu necə avazdır seçib mahnısına? Bu necə səslərdir ki, yan-yana düzüb, insanlar bu səsdən bihuş olurlar? Adam bu səsi dinlədikcə ruhu özündən ayrılıb, uzaqlara gedir.

Mahnının sözləri həmin dili bilməyən adam tərəfindən başa düşülməsə də cümlə-insanlar tərəfindən sevilir, sanki hamı onu anlayır. Dahidirmi bunu yazan, bilinmir. Kimdir o müqəddəs məxluq ki, insanların ürəyini öz bunca sehrli mahnısıyla heyran edir, onları mehribanlığa, əmin-amanlığa səsləyir? Əbədi həyatda xəcil olmamaq üçün onları haqq yoluna çağırır. Bu müqəddəs musiqini eşidən kəsi o sehrli səda göylərə qaldırır, onu həm cənnətdə gəzdirir, həm də cəhənnəmi yadına salır. Yaxşını, yamanı bir-bir hər kəsə xatırladır.

Kim bilir nə vaxt yazılıb bu təranə? Nə vaxt notlara köçürülüb, nə vaxtdan dillərə düşüb, nə vaxtdan dünyaya yayılıb? Kim bilir?

Bütün yazılmış, ya yazılmamış, camaatın dili ilə bu günə çatmış mahnıların ən yaxşısı müvəqqəti də olsa, unudula bilib, amma bu ecazkar mahnıdan, bu sehrli təranədən başqa. 

Musiqinin xoş avazını doymadan dinləyirsən. Bu vaxt heç bir iş görə bilmirsən, yalnız və yalnız xəyala dalırsan. Bir də bu sirli-sehrli səs kəsiləndə həmin aləmdən ayrılırsan. Müqəddəs “Azan” səsinin sehrindən oyanırsan.