Kaş quş olaydım

Kaş quş olaydım 

Kaş quş olaydım. Heç olmasa, ömrü ən qısa bir quş. Quş olsaydım, Tanrının mənə bəxş etdiyi bu qısa ömrü ancaq göylərdə keçirərdim.

Quşa dönüb göylərdə uça bilsəydim, mənə bir bahar ömrü də bəs edərdi. Nəinki insan olub torpaqda yaşayardım.

Kaş quş olub bu gözəl bahar günlərində göylərdə uçaydım. Səmada pərvazlanıb, təbiətin gözəlliyini, füsunkarlığını görəydim. Səhər açılar kimi ağappaq, tər çiçəklərlə dolu ağaclara qonub cəh-cəh vuraydım. Göz yaşı kimi duru bulaqlardan su içib, üzümü göylərə tutaraq deyəydim: “Yaşamaq necə də gözəldir!”.

Kaş quş olaydım! Qanadlarım yorulana qədər dağların, meşələrin, çayların üstündən uçaydım, sonra enib yamyaşıl çəmənlərdə dincələydim.

Kaş quş olaydım! Çəmənlikdəki lalələri, nərgizləri, cürbəcür dağ çiçəklərini qoxuya-qoxuya gəzib, yenə də göylərdə pərvazlanaydım. Qanadlarım yorulanda ən uca dağların zirvələrində dincələydim.

Kaş balaca və azad bir quş olaydım. Onda mən istədiyim yerə uçub, dünyanın bütün gözəl diyarlarını dolaşardım. Bütün dənizlərin, okeanların ucsuz-bucaqsız sularının üstündə dövrə vurar, doymazdım. Qanadlarım yorulanda onların sahillərində gəzərdim.

Kaş kicicik bir quş olaydım. Tək bir bahar, çox yox, tək bircə bahar ömrüm olaydı. Çəmənlər yamyaşıl olana qədər, ağacların hamısı yarpaq açana qədər yaşayaydım. Ancaq onların yayın istisindən yanıb-saraldığını görməyəydim. Güllərin, çiçəklərin saralıb-solduğunu görməyəydim. Elə o vaxta qədər ömrüm olsaydı, mənə bəs edərdi.

Bütün bunlardan sonra Günəşə doğru uçardım; yanıb kül olana qədər. Belə həyat daha mənalı, daha əziz olardı, nəinki insan olub, torpaqda yüz il yaşamaqdansa.