Sol, şehli çiçəyim…

Sol, şehli çiçəyim…

Necə də gözəlsən, Qızılgül ! Gözəlliyindən aləm sevinir, ətrindən bağ-bağçalar məst olur. Tanrı səni çox qüsursuz yaradıb. Bütün güllər sənin kimi olmaq istəyir. Belə gözəlliyinə bülbülün sənə aşiq olduğuna güllər sənə həsəd aparır.

Danışsana, gözəllər gözəli, dillənsənə. Sevinirsənmi gözəlliyinə? Gözəlliyin hamını sevindirən kimi, sənə də sevinc bəxş edirmi?

Amma çox qəmginsən, qızılgül! Nə qədər al-əlvan olsan da kədərin gözə çarpır. Kədərli həyatından gileyli olduğun göz yaşlarından bəllidir. Hər gün səhəri göz yaşları ilə açırsan. Kimin üçün darıxırsan, qızılgül? Kimin üçün göz yaşı axıdırsan? Kim səni sevib, kim səni atıb? Kim sənin qəlbinə dəyib ki, tikanlı olmusan? Kim qəlbini qırıb ki, tikanlarını hamıya batırırsan?

Kimin həsrətindən hər səhər yuxudan göz yaşı içərisində oyanırsan? Gecələri kimin həsrəti ilə yatırsan ki, sübh tezdən göz yaşlarına qərq olursan? Soruşanlara isə “şeh düşüb üstümə”, - deyirsən və ağladığını hamıdan gizlədirsən.

Bəlkə də elə kədərdən tez solmağa başlamısan? Gül qönçən lap yenicə açmışdı, nə tez solmağa başladı?

Sol, gözəl qızılgülüm, sol! Mən sənin göz yaşlarına baxa bilmirəm. Həmişəlik sol ! Bu qədər həsrət, bu qədər əzab-əziyyət çəkməkdənsə sol!

Sol, şehli çiçəyim, sol!!!