Yanınıza gələcəyəm

Yanınıza gələcəyəm

Ulduzlar, yenə də yanınıza gəlmişəm. Gəlmişəm sizinlə söhbət edəm.

Yenə də köhnə bağımızdayam. Ay işığında uzanmışam həyətdəki çəmənlikdə. Seyr edirəm sizləri, Siz əvvəlkitək gözəl və cazibədarsınız. Mənsə solmuşam, payız yarpağı kimi.

Sizin gözəllikdən alışıb-yanmanızı hamı görür, mənim yanmağım içimdə olduğundan, onu heç kəs görmür. 

Yadınızdamı, mən uşaqikən uzun yay gecələrində Ay işığında bu çəmənlikdə uzanar, sizə baxmaqdan doymazdım. Bütün dərdlərimi sizinlə bölüşdürər, arzularımı sizə deyərdim.

Hələ onda heç bilmirdim ki, arzularımdan hansı həyata keçəcək, hansı qəlbimi yandıraraq pərən-pərən edəcək?

Sən demə, ən xoşbəxt vaxtlarım elə həmin illər olub, arzularla, ümidlərlə yaşadığım illər, sizinlə söhbət elədiyim illər. Bir də ki o vaxtlar həyatı tam dərk etmədiyim illər idi.

Baxıram sizə. Amma əvvəlki kimi üzünüzə şax baxa bilmirəm. Elə bilirəm, taleyimdə baş verənlərdə ancaq özüm günahkaram. Olanlardan heç birini taleyə, qismətə yazmıram, elə bilirəm, özüm hər şeyi səhv eləmişəm.

Baxa bilmirəm sizə əvvəlkitək. Bir az baxan kimi baxışlarım torpağa sancılır. Başını aşağı dikmiş günahkar övlad kimi. İstəyirəm həmin vaxtdan-bu vaxta qədər başıma gələnlərin hamısını sizə danışım. Amma nədənsə üzünüzə baxa bilmirəm. Gözlərim dolur, baxışlarım yerə dikilir.

Bəlkə bu keçən zamanda bir dəfə də olsun başımı qaldırıb sizə baxmamışam, siz də məndən küsübsünüz?

İnciməyin məndən, mənim ulduzlarım! Siz ki mənim başıma gələnlərdən xəbərdarsınız. Mən həyatla mübarizədəydim - maraqsız, mənasız bir mübarizədə. Sonu məğlubiyyətlə qurtaran bir mübarizədə.

Küsməyin məndən, yanınıza gələcəyəm. Özü də həmişəlik!..