Bahar məni qışa satdı

Bahar məni qışa satdı 

Bir bahar məni sevindirdi, məni sevdirdi. Çiçəklərini başıma səpdi. Bahara vurğun oldum, baharı sevdim. Qəfildən bahar itdi, çıxıb getdi, yerinə  yay gəldi, yay məni yandırdı, yaxdı. Baharı soraqlayanda payız yolumu kəsdi.  

Bir payız söyüdün altına çəkilib məktubunu oxudum. Sonra ətrafıma baxdım... Görəsən məktubu başqa kimsə oxumadı ki?

Yanımda salxım söyüddən başqa kimsə yoxdu! Ağladım. Məktubu cırıb atdım. Külək kağız parçalarını göydə tutdu.

Bu payız yağış yaman çox yağdı, deyəsən mənə ağladı. Bəlkə mənə ağlamadı...

Məktubuna cavab yazdım. Salxım söyüd yazdıqlarımı görüb saçlarını yoldu. Məktubumu küləyə verdim ki, sənə gətirsin. Külək yazdıqlarımı görüb qəzəbləndi, tufana çevrildi, sonra mənə yazığı gəldi, saçlarıma sığal çəkdi.

Payızı sevə bilmədim, payız məndən küsdü getdi. Məni qışa atıb getdi. Qış məni, soyuğunda üşütdü, qarında-çovğununda dondurdu.

Soyuq, qaranlıq qış gecələrində İsti soba da məni dondurdu. Sonra bir daha bahar gəlmədi, bahar məni qışa satdı.