Kuklanın sirri

Gülzar İbrahimova 

                                                      Kuklanın sirri

                                                            (Nağıl)

     Bir gün Nərgiz Anası ilə mağazaya gedəndə Nərgiz yerdə pul görüb dedi:

- Ana, bax, yerə pul düşüb.

- Kiminsə cibindən düşüb yəqin. Götürək!

Ana pulu yerdən qaldırıb səkiyə qoydu. 

Nərgiz pulun arxasınca baxıb təəccüblə soruşdu:

- Bəs niyə götürmədin, Ana?

- Qoy ya pulun sahibi götürsün, ya da kimin pulu azdır, o götürsün. 

- Onda yerdən niyə qaldırdın?

- Olmaz. Pulu yerdə görəndə götürmək lazımdır. Günahdır. 

- Niyə günahdır? 

- Əgər pulu verib çörək almaq olursa, onda pulun yerdə qalması, çörəyin də yerə düşməsi kimi günahdır.

- Həəə... - deyib Nərgiz başa düşsə də, başa düşməsə də, yadında saxladı ki, pul yerə düşəndə, mütləq onu qaldırmaq lazımdır. 

Bir gün Nərgiz pəncərədən həyətə baxırdı. Bayırda möhkəm qar yağırdı. Hər tərəf ağappaq qar idi. Birdən Nərgiz gördü ki, yuxarı mərtəbədən kimsə aşağı bir kukla atdı. Kukla bərkdən yerə düşdü, düşəndə onun ayağının biri dibindən çıxıb başqa yerə atıldı. Nərgiz elə bildi ki, kiminsə kuklası əlindən düşdü. Amma neçə saat keçdi, kuklanı götürən olmadı. Kukla bir gün bayırda qaldı. Qar onun üstünü örtdü. Səhər Nərgiz bayıra çıxıb qarı qazdı, kuklanı ordan çıxarıb evə apardı. Atası da, anası da onu bu işinə görə danlasalar da, Nərgiz kuklanı atmadı. 

- Axı sənin ondan da gözəl kuklaların var, - Ana dedi. 

- Ana, hamı isti evdə oturub, kukla qarın altında qalıb. O da günahdır, məncə. 

Ana gülüb dedi:

- Yaxşı qalsın, amma həyətə çıxanda özünlə bayıra çıxararsan, kimindisə, qaytararsan. 

Nərgiz "yaxşı". deyib, razılaşdı. Sonra isti su töküb kuklanı balaca vannada çimdirdi, paltarlarını yudu, saçlarını daradı. Kukla tamam dəyişdi, gözəlləşdi. Ona ad da qoydu "İnci".  Kukla bir gecə bayırda qalmışdı deyə, Nərgiz balaca,  yun ədyalını onun üstünə örtdü. Hər gün onunla oynadı. Nərgizə elə gəlirdi ki, onun kuklası sehrlidir. Çünki, Nərgizin kefi olmayanda, elə bil kukla qaşqabağını tökürdü, qızın kefi yaxşı olanda, elə bil o da gülümsəyirdi. 

Bayıra çıxanda Anası deyən kimi, kuklanı da götürdü ki, kimindirsə, qaytarsın. Amma heç kəs kuklaya sahib çıxmadı. Nərgiz onu yenə evə gətirib, isti ədyalına bükdü.

Bir gün Nərgiz xəstələnmiş, bağçaya getməmişdi. Ana günorta Nərgizi yatırdıb aptekə getdi. Hava çox şaxta idi. Aptek yaxında idi deyə, Ana tez qayıdacaqdı, amma hər yan şaxta-buz bağladığından Ana on dəqiqəyə qayıtdı. Elə gec də qayıtmadı. 

Ana qayıdıb nə görsə yaxşıdır? Nərgiz soyuqdan büzüşüb. Pəncərənin iri gözü açılıb qar, külək Nərgiz yatan otağa dolub, ev olub buz kimi. Ana tez pəncərəni bağladı, otaq yavaş-yavaş isinməyə başladı. Bu vaxt Nərgiz də oyandı. Boğazında ağ, tüklü, yumşaq dovşan oyuncaq olduğundan boğazı tərləmişdi. Yorğanın üstündən İnci kuklanı bükdüyü ədyal var idi deyə, istidən az qala ürəyi sıxıldı. Ana yumşaq dovşanı, ədyalı onun üstündən götürə-götürə soruşdu:

- Nə yaxşı pəncərə açılanda ağlına gəlib, ədyalı götürüb üstünə salmısan, dovşanı da boğazına qoymusan? Yoxsa xəstəliyin şiddətlənərdi. Gərək onda pəncərəni də örtəydin. Onda lap yaxşı olardı. 

- Mən yatmışdım. Ayağa durmamışam. - Nərgiz təəccüblə dedi.

- Mən mağazada idim. Atan işdədir, evdə də səndən başqa heç kim yox idi. Bəs üstünə ədyalı kim salıb? 

- Bilmirəm...

- Eybi yox, yəqin yuxulu olmusan. Əsas odur bürünmüsən, sənə soyuq olmayıb. 

Nərgiz bir az fikrə getdi, sonra tez qalxıb İnci kuklasını götürdü. Kuklanı çevirib, düz gözlərinə baxdı. Sehrli kukla müəmmalı-müəmmalı gülümsünürdü. Nərgiz bir daha əmin oldu ki, onun kuklası sehrlidir. Amma heç vaxt, heç kimə kuklasının sirrini açmadı.