Kukla olmaq nə çətin imiş

 

Gülzar İbrahimova 2013
Yayımlandı :  2013 il noyabr ay, 23 saylı “Sehrli dünya” jurnalı,  səh. 19                                                                                     

                                                                     

                                                        Kukla olmaq nə çətin imiş

                                                                    (Nağıl)

   Nanə adlı göyçək qız var idi. Yuyunmağı xoşlamaz, saçlarını daramazdı. 

Bir gün ana Nanəyə dedi ki, sabah qonaqlarımız gələcək. Qəşəng geyinərsən, şkafdakı oyuncaqlarını səliqəyə salarsan. Əl-üzünü yuyarsan, saçlarını darayarsan!

Nanənin kefi pozuldu. Oyuncaqlarını səliqəyə sala-sala deyindi: “Nə qədər daranmaq olar? Nə qədər yuyunmaq olar?”. Kuklasına baxıb ah çəkdi: “Heyf deyil kukla olmaq? Nə yuyunursan, nə daranırsan!?”. 

Səhər Nanə gördü otaqda böyük bir oğlan gəzir. Oğlana diqqətlə baxanda gördü bu böyük oğlan onun kiçik qardaşıdır. Özünü aynada görəndə qorxub ağladı. Başa düşdü ki, balaca  kuklaya dönüb. Ağladı, qışqırdı, amma onu eşidən olmadı... Neyləyə bilərdi? Sakitcə oturdu oyuncaq şkafında. 

Birdən kiçik qardaşı yaxınlaşdı, onun bir ayağından tutub neçə dəfə göyə tulladı. Tuta bilmədiyinə görə hər dəfə kukla yerə düşdü. Qonaqlar gəldi. Qonaqları görən kimi qardaşım məni küncə tulladı. Belim elə ağrıdı ki...

Qonaqların arasında gombul bir qız da vardı. O məni görən kimi yerdən qaldırdı. Üst-başımı çırpdı. Sonra aparıb saçımı soyuq suda yudu. Yazıq canım, soyuqdan əsim-əsim titrəyirdim. Nə qədər qışqırırdımsa, da heç kəs məni eşitmirdi. 

Kukla olmaq sən demə dəhşət imiş. Gombul qız darta-darta saçlarımı daradı. Rezinlə elə möhkəm yığdı ki, başım indiyə qədər ağrayır. Yaxşı ki anamın səsi gəldi. Yoxsa kim bilir daha nələr olacaqdı... 

Anamın səsini eşidən kimi yuxudan ayıldım. Heç anamın deməyini gözləmədim. Kuklamın da saçlarını özüm yuyub daradım. Heç vaxt qoymadım ki, qardaşım onu yerə atsın. O vaxtdan deyinmədim. Qorxuram ki, deyinsəm yenə dönüb kukla olaram!