Gülzar İbrahimova
Sincab acgöz Canavarı necə aldatdı
(Nağıl)
Meşədə bir qoz ağacı vardı. O, elə böyük idi, altında da, üstündə də, nə qədər heyvan, quş, həşərat yaşayırdı.
Ağacda quşlar yuva qurmuşdu. Gövdəsində dələlər, sincablar yaşayırdı. Oyuğunda Boz dovşan qalırdı, Torpağın altında isə Porsuq ailəsi ilə yaşayırdı.
Porsuq güclü və bacarıqlı idi. Yerin altında da olsa, özünə elə ev-yuva düzəltmişdi, içərisinə girən heyran olurdu. Yerin altını dərin qazıb, içərisinə gil ilə suvaq vurmuşdu. Daşlardan təbii saqqız yığmışdı, saqqızla evin divarlarına quru qoz yarpaqları yapışdırmışdı. Ev rahat olsun deyə, döşəməyə balaca cubuqlar düzmüşdü. Hətta evin ortasında hovuz da düzəltmişdi.
Porsuqgilin evi qışda isti, yayda isə sərin olurdu. Ya çox isti olanda, ya da qış çox soyuq olanda Porsuq qonşuları evinə çağırar, onları kəkotu çayına qonaq edərdi. Qonşular ad günlərini keçirəndə, ya bayram eləmək, deyib-gülmək istəyəndə Porsuqgilə yığışar, şənlik edər, mahnı oxuyar, çalıb-oynayardılar.
Amma Ata Porsuğun bir eybi var idi. O asqıranda elə asqırırdı, o boyda qoz ağacı silkələnir, yatanlar oyanırdı. Yaxşı ki, bu gec-gec olurdu. Bu vaxt Porsuq həyətə çıxır, qonşuları narahat etdiyinə görə üzr istəyirdi.
Dovşan bütün günü kələm-kök yeyir, həyətin təmizlik işlərinə baxırdı. O heç vaxt qoymazdı ki, kimsə həyəti zibilləsin. Deyərdi:
- Bu boyda meşəni heç kim süpürə bilməz. Yaxşısı budur, meşəni təmiz saxlayaq!
- Düz deyirsən! - Qonşular deyir, təmizlik edirdilər.
Həmin ağacda balaca, arıq, bir Sincab da var idi. O, çox gülməli idi. Sincab yeməyi çox xoşlayırdı. Bütün günü dayanmaz, elə hey, fısdıq, fındıq yeyərdi. Deyərdi:
- Çoxlu yeyəcəyəm, idman edəcəyəm, hamıdan güclü olacağam.
Sincab çox yesə də, kökəlib, şişməzdi. O, bütün günü, qoz ağacının budaqlarında aşağı-yuxarı çıxar, hoqqa çıxarar, atılıb-düşərdi. Dayananda da ağzına fıstıq doldurub danışar, hamını güldürərdi.
Qoz ağacında yaşayan qonşular mehriban və şən idilər.
İsti günlərin birində pis bir hadisə baş verdi. Qonşuların çoxu qorxudan gizləndi. Qoz ağacının altına qorxulu bir Canavar gəlmişdi. Yəqin ki, qoz yeməyə gəlmişdi.
Dovşan qorxudan oyuğun dibinə çəkildi. Quşlar uçub getdi. Porsuqların həmişəki kimi heç nədən xəbəri yox, onlar yerin altında şirin-şirin yuxuya getmişdilər.
Canavar ac idi. O, yem tapmayanda həmişə qoz yeməyə gəlirdi. Elə təzəcə qoz yeməyə başlamışdı, birdən xışıltı eşitdi. Elə bildi ilandı, sonra baxdı ki, qoz ağacının altında balaca Sincab yatıb, üstünə də yarpaq örtüb. Sincab böyrü üstünə çevriləndə yarpaqlar xışıldadı. Canavar yarpaqların səsinə Sincaba yaxınlaşdı. Sevindi: "Nə yaxşı oldu, on gün olar, dilimə ət dəymiyib, indicə onu yeyərəm!".
Elə ağzını açdı ki Sincabı yesin, birdən Porsuq bərkdən asqırdı. Canavar qorxudan diksinib geri çəkildi. Sincab oyanıb qarşısında boz, qorxulu Canavar gördü. Canavar Sincaba yaxınlaşanda Sincab quru yarpaqların altına girib orda elə itdi, Canavar bir də baxdı ki Sincab ağacdadır. Peşman-peşman uladı.
Bu vaxt həmişəki kimi Porsuq həyətə çıxdı ki, yuxudan oyatdığı heyvanlardan, quşlardan üzr istəsin. Yuvasının qarşısında vahiməli Canavar görəndə çaşıb dedi:
- Xoş gəlmisən!
- Sağ ol. Eşitmişəm qəşəng evin var, Baxmaq olar, sənin evinə?
- Əlbəttə! Amma qapısı bir az darısqal olar sənə!
Porsuq belə dedi ki, canavar onun evinə girməsin, amma Canavar qapıdan soxulub birtəhər özünü evə saldı. Qapı Canavar üçün darısqal olsa da, ev geniş idi.
İsti Canavarı əldən salmışdı. O, özünü hovuza atdı. Doyunca çimdi. Sonra yaş-yaş divanda uzandı. Kəkotu çayı içib dincəldi. Gedəndə isə dedi, sabah yenə gələcək.
Canavar gedəndən sonra hamı Qoz ağacının altına toplaşdı. Sincab Ata Porsuğun qarşısına qaçıb ona dedi:
- Çox sağ ol, qonşular deyir sən olmasaydın, Canavar məni yeyəcəkdi.
Porsuq ata təəccüblə soruşdu:
- Mən neylədim ki...
- Mən ağacdan baxırdım, az qala Canavar Sincabı yeyəcəkdi, sən bərk asqırdın, Canavar diksinib dayandı. Sonra da Sincab qaçıb-aradan çıxdı. - Dələ dedi.
Ata Sincab hər iki əli ilə başını tutub dedi:
- Aman, nə yaxşı Sincab xilas ola bilib. Yoxsa necə olacaqdı.
Sincab atılıb Ata Porsuğu qucaqladı. Hamı sevindi. Sincabı hamı çox istəyirdi. Ona bir şey olsaydı, Qoz ağacının alt;nda daha heç vaxt şənlik olmayacaqdı
- Vaxt gələr, mənim də sənə yaxşılığım dəyər! - Sincab Porsuğa dedi:
O belə deyındə hamı güldü. Sincab pərt olub dedi:
- Nəyə gülürsüz, məgər mən yaxşılıq edə bilmərəm?
Ana Porsuq Sincabın başını tumarladı. Porsuq balaları ona mahnı oxudular. Sincabın kefi kökəldi. Ana Porsuq hamını kəkotu çayına qonaq elədi.
Bir neçə gün hər gün Canavar Porsuğun evinə qonaq gəldi. Ata Porsuq da, Ana Porsuq da, onların balaları da artıq bezmişdi.
Canavar içəri girən kimi hovuzda çimir, yaş-yaş divanın üstündə uzanır, həyasız-həyasız soruşurdu: "Yeməyə nə var".
Bütün bunlar Ata Porsuğu elə bezdirmişdi, amma qorxudan Canavara söz deyə bilmir, bikef gəzirdi. Qonşular bunu başa düşürdü, amma onlar da heç nə edə bilmirdilər.
Bir gün Sincab Porsuqlar ailəsini həyasız Canavarın əlindən xilas elədi. Necə?
Sincab gördü Ata Porsuğun heç kefi yoxdur, dedi:
- İstəyirsən elə edim ki, bir daha Canavar sizə gəlməsin!
Ata Porsuq dedi:
- Sən bu boyda canınla nə edəcəksən? Narahat olma, qoy gəlsin.
- Başa düşürük, o səni bezdirib. Mən deyəni etsən, Canavarı görməyəcəksən!
Sincab planını Ata Porsuğa dedi. Ata Porsuq fikirləşib sonra razılaşdı.
Sonra Sincab qonşulara da iş tapşırıb Qoz ağacının düz başına çıxıb gözlədi. Elə ki, uzaqdan gördü canavar gəlir, fit çaldı. Bir anda porsuqlar yuvaya qaçdı. Dələlər, Dovşanlar, Sincablar, Quşlar hərəsi gücü çatan qədər torpağı yuvanın qapısının üstünə tökdülər. Porsuğun yuvası görünməz oldu.
Canavar gəlib Porsuğun yuvasını axtardı, axtardı, tapmayıb dələlərdən soruşdu:
- Porsuğun evinin qapısı niyə yoxa çıxıb?
- Burda heç vaxt Porsuğun evi olmayıb! - Dələlər xorla dedi:
- Necə yəni, Porsuğun evi olmayıb? - Canavar təəccübləndi.
- Biz neçə illərdir burda yaşayırıq, bu qozun altında porsuq görməmişik.
- Necə görməmisiz?
- Porsuqlar bura gəlmir. Çünki, bu qoz ağacının qozu çox acı olur, ona görə!
- Yalan danışmayın, dünən burda porsuqgilin evi vardı. Ev yoxa çıxdı?
- İnanmırsan, bizə?
- Siz nə cürətlə məni aldadırsız? - Canavar hirslə dedi.
Dələlər oyuqlarına girib gizləndilər. Canavar gedən kimi hamı porsuqgilin qapısını torpaqdan təmizlədi. Səhər Canavar gizlincə gəlsə də, Sincab xəbər tutdu, hamıya dedi. Yenə Porsuqgilin qapısı torpaq altda görünməz oldu. Canavar bu işə məəttəl qaldı. O yerdən bir qoz götürdü, onu ağzına qoydu, sındırsın, ağzı elə acı oldu, yandı-yaxıldı. Çaya qaçdı ağzını yusun.
Sincab Canavarı aldatmaq üçün yerdəki qozlara acı bibər sürtmüş, Canavar qoz yemək istəyəndə ağzı zəhər kimi acı olmuşdu.
Ondan sonra Canavar bir daha o yanlara gəlmədi, qonşular yenə əvvəlki kimi xoşbəxt yaşadı.