Ən varlı siçanlar

Biri vardı, biri yoxdu, bir siçan vardı. Siçanın Təti və Məti adında iki oğlu vardı. Siçan qocaldığından artıq balalarına yem verə bilmir, tez yorulurdu. Balalar isə artıq böyümüşdülər. Onların işləmək vaxtları idi.

Bunu görən ana oğlanlarını yanına çağırıb dedi:

- Şirin balalarım, şəkər balalarım! Sizi sevmişəm, əzizləmi şəm, qayğınızı çəkmişəm, yedirtmişəm. İndi isə yorulmuşam, yaşa dolmuşam, qocalıb, əldən düşmüşəm. Daha sizə baxa bilmirəm. Başınıza çarə qılın, özünüzə iş tapın ki, gələcəkdə ac qalmayasınız. Balalar analarını qucaqladılar, ağladılar, ona təsəlli verdilər.

- Ana - dedilər, - narahat olma, ac qalmarıq!

Ana sevindi. Sandıqdan iki torba çıxarıb birini Tətiyə, o birini isə Mətiyə verib dedi:

- Balalarım! Bu torbadakıları çətin günüm üçün saxlamışdım. İndi mənim çətin günümdür, ona görə də torbaları sizə verirəm. Təti və Məti tez torbanı açıb içinə baxdılar. Torbanın dibində müxtəlif toxumlar görüb soruşdular:

- Bu nədir, ana?

- Toxum! Buğda, arpa, qarpız, balqabaq, xiyar, pomidor toxumları. Onlar bərəkətdir. Sizi heç vaxt ac qoymazlar.

Bir neçə gündən sonra Təti ilə Məti bağa getdilər. Onlar tor balarını da özləri ilə götürmüşdülər. Təti torbasını açıb bütün toxumları səliqə ilə yerə basdırdı. Sonra onlara su verdi. Məti isə torbanı açıb toxumları görəndə ağzı sulandı, onları səliqə ilə çıxarıb ləzzətlə yeməyə başladı. Ağlına gələn bu oldu:

- Ee.. ee.... ee, nə olar olar, acından ölməyəcəyəm ki...

Günlər keçdi, toxumlar gül açdı, güllər dadlı məhsullara çevrildi. Məhsullar isə - buğda, arpa, qarpız, xiyar, pamidor, balqabaq biri-birindən dadlıydı. Təti həvəslə işləyir, məhsulu artırırdı.

Bir gün Təti gördü ki, gecələr kimsə onun bostanından oğurluq eləyir. Balqabaqlar dişlənib, qarpızlar bölünüb... Təti oğrunu tutmaq üçün siçan tələsi qoydu. Səhər tezdən səs-küyə oyandı. Səs qardaşının səsiydi. Məti tələyə düşmüşdü. Çığırıb qardaşından kömək istəyirdi. Təti köməyə gəldi. Onu tələdən xilas edib danladı:

- Oğurluq elədiyinə utanırsan?

- Ac idim, başqa yolum yox idi.

- Var idi başqa yolun. Sən bunu məndən xoşluqla istəyərdin, mən də verərdim.

Təti Mətini tərəvəzlərə qonaq etdi. Məti ləzzətlə yeyib-doyandan sonra isə qardaşına bir torba toxum pay verdi. Məti utandığından başını aşağı saldı. O bu dəfə toxumları yemədi. Saxladı. Vaxtı gələndə onları əkdi. Çoxlu məhsul topladı. Onları həm yedilər, həm də qışa azuqə topladılar. Beləliklə, qardaşlar az bir vaxtda ən varlı siçanlar oldular.