Mənim ağıllı balam

Mənim ağıllı balam

Bağçaya Ayxan adında təzə uşaq gəldi. O, hamıdan balaca idi. Buna görə də hər şey onun üçün maraqlıydı. Uşaqlar qələmlərlə nəsə çəkib deyirdilər, “hərf yazdıq”, nəsə çəkib deyirdilər, “rəqəm yazdıq”. Ayxan heç bilmirdi hərf hansıdır, rəqəm hansı. Tərbiyəçiyə də o qədər sual verirdi ki, bəzən buna görə utanırdı. Bir gün tərbiyəçi uşaqlara dedi:

- İki-iki sıraya düzülün, meşəyə gedirik!

Uşaqlar sevincək «ura», qışqırdılar. Meşə çox da yaxınlıqda deyildi. Təzəcə bağçadan çıxmışdılar ki, gördülər kişilər yolda dizi üstə oturub, çəkiclə daşı döyürlər. Ayxan kişilərə baxıb qışqırdı:

- Mən bilirəm onlar nə edirlər! Daş-daş oynayırlar!

Tərbiyəçi Ayxanın səhvini düzəltdi:

- Yox, onlar daş-daş oynamırlar, yola daş düzürlər. Bir azdan Ayxan maraqlı bir şey gördü. Maşına uzun lent bağlanıb. Lent fırlandıqca üstündəki kərpicləri

harasa aparır. Adamlar isə həmin kərpicləri götürüb üst-üstə qoyurlar. Bütün bunlara maraqla tamaşa edən

Ayxan tərbiyəçiyə dedi:

- Görün nə qəşəng kubik-kubik oynayırlar.

Gəlin, biz də oynayaq.

Tərbiyəçi dedi:

- Yox, onlar ustalardır, oyun oynamırlar, ev tikirlər.

- “Hə?”, - deyə Ayxan soruşdu.

- Əlbəttə. Bax, qaldırıcı kran ağır daşları yuxarı mərtəbəyə qaldırır, fəhlələr də onlardan divar hörürlər. Bəs böyük əmilər ev tikməsə biz harda yaşayarıq?

- Onda bizim isti evlərimiz olmaz?

- Düzdü, olmaz!

Bu vaxt uşaqların yanından ötüb keçən əsgərlər balaları görüb gülümsədilər.

Ayxan onlara əl eləyib qışqırdı:

- Dava-dava oynamağa gedirsiniz? Mən də sizinlə oynamaq istəyirəm!

Bu dəfə Ayxanı özündən iki yaş böyük olan İsmayıl başa saldı:

- Əsgərlər dava-dava oynamırlar. Onlar əsl əsgərlərdir.

Silahları da var. Vətənimizi qoruyurlar ki, müharibə olmasın, əmin-amanlıq olsun. Bütün uşaqlar sevinc içərisində yaşasınlar.

Bir azdan uşaqlar böyük bir tarlaya çatdılar. Ayxan sevinclə yaşıllıqda qaçmaq istədi. Amma yanındakı oğlan qolundan tutub saxladı:

- Dayan, nə edirsən? Bura buğda zəmisidir. Onu tapdalamaq olmaz. Zəmini tapdalasaq, o, böyüməz, buğda olmaz.

Yediyimiz dadlı bulkalar, çörəklər də olmaz.

- Aaa, - deyə Ayxan təəccübləndi. Gör o, bir gündə nə qədər şey öyrənmişdi. “Öyrəndiklərimin hamısını axşam atama, anama danışacağam. Onlar da mənə «Mənim ağıllı balam», deyəcəklər, - deyə o düşünür, düşündükcə də üzünə təbəssüm qonurdu.