Bircə söz ver

Bircə söz ver

Gəl, tez gəl ömrüm-günüm, tez gəl. Ruhum gedib, cismim qalıb. Ölüm gəlib, amma əcəl itib, gəl. Gəl, başına dolanım, gəl. Azacıq insafın olsun, gəl. Cavan canıma qıyma, gəl!

Gəl, uzun gecələrimi qısalt, gəl. Gəl, məni yuxudan yox, fikirdən oyat, gəl. Gəl, mənə taleyazanım, taleyimi qaraltma, gəl!

Saçım yağışdan islanıb, qurumur, gəl qurut. Soyuqdan əllərim donub, isinmir, gəl isit. Gəl gözlərinə baxım. Elə-beləcə qalım, gəl. Özün gəl, Əzrayılı göndərmə, özün gəl, gəl!

Söz ver, gələcəksən ki, qalxmağa taqətim olsun. Söz ver, gələcəksən ki, boğazım açılsın. Söz ver, gələcəksən ki, inamım olsun!

Gələcəyinə mütləq söz ver. Söz ver, gələcəksən ki, gözyaşı tapım. Heç olmasa, ağlamaqla başımı qatım. Səni arayım, səni axtarım. Yorulanda verdiyin sözü yadıma salım, təsəlli tapım.Ümidim olsun ki, gələcəksən, yaşayım, ölməyim qalım. Göylərə əl açıb Tanrıya yalvarım. Bircə söz ver!

Sən bircə söz ver. Sonra isə özün necə istəyirsən, elə də edərsən. İstəyərsən gələrsən, istəməzsən yox... Bircə söz ver, gələcəksən!