Ayrılıq sultanı

Ayrılıq sultanı

 Xan Araz! İki doğma eli bir-birindən ayıran, araya həsrətdən körpü salan Ayrılıq sultanı!

Özün şahidi oldun başımıza gələnlərin, Araz! Deyəndə dilim titrəyir, yazanda qələmim. Yurdumun ən gözəl yerlərini erməni viran qoydu, camaatını çöllərə saldı. O vaxt elimin didərginləri sənin üstünə qaçdı, səndən kömək istədi. Onlar sənə pənah gətirdilər Araz. Amma çox heyf ki, həmin anda sən onlara həyan olmadın. Neçə-neçə qız-gəlinimizi, oğul-uşağımızı, qocamızı, cavanımızı rəhmsizcəsinə uddun. Səndən imdad, sığınacaq istəyənlərin səsini həmişəlik kəsdin.

Erməni nəfəsi ilə murdarlanmış Oxçu çayımı səni tilsimə saldı? Qəlbini daşa döndərdi. Səni rəhmsiz elədi. Suyunu bulandırdı? 

Suyu bulanıq, özü soyuq Araz! Bir eli ikiyə bölüb araya soyuqluq salan Ayrılıq sultanı!

Həmin gün sən də düşmənlərimizə kömək elədin. O gün sən də bizi təkləyənlərə qoşuldun. Bizə divan tutdun, bizə dağ çəkdin. 

Bulanıq suların səndən rəhm diləyənlərin boğazına , oradan da vücuduna doldu. Burulğanlar yaradıb, bir anda sənə pənah gətirənləri əjdaha kimi uddun.

O vaxtdan suyunda şəhid olanların ruhu və bizim sınıq qəlbimiz səndən inciyib.

Su müqəddəsdir, Araz! Suyunu təmizlə. Palçıqdan, lildən təmizlə. Murdar nəfəs dəymiş, axıb sənə tökülən Oxçu çayından təmizlə! Sənə çirkli olmaq yaraşmır, sultanım!

İçini təmizlə, Ayrılıq sultanı! İçini təmizlə, Xan Araz! Onda göz yaşı kimi duru olarsan. Xan adına layiq olarsan. Səmtini də dəyişib, başqa yerdən ax. Qoy iki bölünmüş elim birləşsin. Bəlkə onda, günahların bağışlana!...