Dünyanın xoşbəxti

Dünyanın xoşbəxti 

Deyirlər, qədim zamanlarda dünyada cürbəcür, biri-birindən gözəl çoxlu quş var imiş. Onların hamısı bir adada yaşayarmış. Quşları yaradan və qoruyan başçı quş isə sıldırım qayanın başında tək qalarmış. Quşlar onun yanına getməyə cürət eləməzmiş. Başçı tək yaşar, yuxarıdan quşlara baxar, onun qaydalarına əməl eləməyənlərini cəzalandırarmış. Quşların səsləri çıxmazmış. Onlar başlarının hərəkəti ilə bir-birlərini başa düşərmiş.

Günlərin birində adaya dəniz tərəfdən qara, soyuq, küləkli burulğan gələr. Tufan burulğanının gəlməsini görən quşlar, gizlənib canlarını qurtarır. Burulğanı görməyən saysız-hesabsız quş isə məhv olar.

Bunu görən başçı quş quşları başına yığar və onların başa düşdüyü dildə deyir:

- Mən sizi yaradanda sizə dil, səs verməmişdim. Amma görürəm, fəlakət gələndə xəbər vermək və yaşamağınız üçün bir-birinizlə danışmalısınız. Bu gündən belə mən sizə danışmaq qabiliyyəti verirəm. Hər biriniz xoşunuza gələn səsi seçin.

Quşlar bu xəbərdən sevinirlər. Özlərinə xoşladıqları səsləri seçirlər.

Sonra başçı quş onların səslərinə qulaq asır. Axıra üç quş qalır - Leylək, Bülbül və Tutuquşu. Onlar özlərinə səs seçə bilməzlər. Başçı səbəbini soruşanda Leylək deyir: 

- Mən nə danışmağı, nə də oxumağı xoşlayıram. Ona görə mənə səs lazım deyil.

Başçı onunla razılaşıb Bülbüldən soruşur:

- Bəs sən niyə özünə səs seçməmisən?

- Bütün yaxşı səsləri seçdilər, mənə pisləri qaldı. Belə isə heç mən də danışmaq istəmirəm, mənə səs lazım deyil, - deyə Bülbül küsür.

- Sən özünə o qədər vurğunsan ki, bu qədər səsdən özünə səs seçə bilmədin. Götür, sənə quşların içərisində ən gözəl səs verirəm. Gözəl səsin olsa, sonra peşmançılığını çəkməyəcəksən ki? - Başçı Bülbüldən soruşur. 

- Ən gözəl səsim olsa, dünyanın ən xoşbəxt quşu olaram. Peşman niyə oluram? - Bülbül sevincək cavab verir.

Başçı, quşlardan ən gözəl səsi Bülbülə verir.

Tutuquşu da paxıllıqdan küsür. Dayanır bir tərəfdə.

Başçı Tutuquşunun könlünü almaq istəyir:

- De görüm, sən necə səs istəyirsən? Ürəyin hansı cür səs istəsə, sənə verərəm.

- Mənə heç fərli-başlı səs qalıb ki, onu götürüm?-Tutuquşu ağlaya-ağlaya cavab verir.

Başçı Tutuquşunun paxıllığından qəzəblənir:

- İndi ki sən özünü bu qədər hamıdan ağıllı hesab edirsən, onda mən sənə insan dili verirəm. Sən insan dili danışmaqdan qorxmursansa, götür o dili. Amma bəribaşdan deyirəm: insan dili danışsan, böyük fəlakətlərlə qarşılaşa bilərsən. Bunlara hazırsansa, get, insan dilində danış.

- Ey başşççı, mən quşşşların hamısından fərasətliyəm. Heç nədən qorxmuram. Mən insan dilini qəbul edirəm, - deyə Tutuquşunun sevindiyindən dili topuq vurur.

Tutuquşu həmin gündən insan kimi danışır. O vaxtdan da adamlar quşların oxumaqlarından xoşları gəldiyinə görə onları tutub-saxlayır, bir müddət qulaq asandan sonra buraxırlar.

Bülbül isə həm gözəl olduğuna, həm də bütün quşlardan yaxşı oxuduğuna, onu həmişə qəfəsə salır, bir-birlərinə bəxşiş verirlər. Bülbülün həyatı qəfəslərdə keçir.

Tutuquşu da eynən bülbül kimi qəfəsdə olur. Amma onun həyatı bülbüldən fərqlənir. Yersiz söz danışanda tutub döyürlər. Kiminsə sirrini açarsa, onu qəfəsə salıb qaranlıq yerdə saxlayırlar. Çox danışanda qəddarcasına bazarda satırlar.

Quşların ağıllısı isə leylək sayılır. O nə qədər gözəl olsa da, oxumadığına onu tutub incitmirlər. Həyatıboyu xoşbəxt yaşayır. Mavi səmalarda pərvazlanıb-uçan xoşbəxt leyləyə bütün quşlar həsədlə baxır.

 

Ağıllı dilini saxlar dünyada

Şam dilindən yanar, sovrular bada

S.Şirazi