Yazma mənə belə ağır cəzanı

Yazma mənə belə ağır cəzanı

 Məktub yazmışam sənə. Son dəfə. Amma onu qələmlə yox, sızlayan qəlbimin iniltisi ilə yazmışam. Onu sənə göndərirəm, ürəyimin əsim-əsim titrəyən telləri ilə. Oxu, sonra unut oxuduqlarını, məni unutduğun kimi. Sonra da at, məni atdığın kimi. 

Məni göylərə qaldıran, elə göydəcə əlini-əlimdən çəkən sevgilim!

Səni tanıyandan, sənə vurğun olandan tək bircə dəfə ürəyimi sındırmısan. Yalnız bir dəfə. Həmişə məni sevmisən, əzizləmisən. Tək bircə dəfə ağlatmısan. “Gəl ayrılaq”, - deyib rəhmsizcəsinə, qəddarcasına ağlatmısan məni. Öz göz yaşımı özümə həmişəlik hədiyyə edib getmisən.

Mənsə qədərimlə barışıb, dizlərimi qucaqlayıb-oturmuşam. İndi yeganə təsəllim xatirələrimdi - sənli xatirələrim. İlk dəfə dodaqların əsə-əsə mənə “Sevirəm!” deyə pıçıltın. Əl-ələ tutub dənizin kənarında şıltaqlıq elədiyimiz vaxtlar, yağışın altında dərdsiz-qəmsiz atılıb-düşdüyümüz çağlar. Yayın istisində yamyaşıl otların, qışın soyuğunda isə ağappaq, yumşaq qarın üstündə bəxtəvər-bəxtəvər uzandığımız çağlar. Bir-birindən əziz, bir-birindən gözəl xatirələr. 

Sənin kimi sevgilim olduğuna görə Tanrıma hər vaxt şükr etmişəm. Amma bu gün sənə yox, Allahıma üz tuturam. Məni yaradana deyiləsi sözüm var.

Tanrım! Sən bütün bəndələrinə onların layiq olduqları cəzalarını verirsən. Yəqin, mən də öz cəzamı çəkirəm. Sənin bəndəni özümdən çox sevdiyimə görə. Onsuz yaşadığım həyatda ölüm arzuladığıma görə.

İlahi, hər kəsi bir yolla axirət dünyasına göndərirsən. Yəqin, mənə də bu yolu seçmisən ki, sevilim, atılım, sonra da ruhi xəstəyə dönüb, əzabla ölüm.

Ya Rəbbim, rəhm elə mənə! Cavanlığıma, yaşamadığım illərimə yazığın gəlsin! Vermə mənə belə ağır cəzanı! Yaşamamış ölmək cəzasını mənə yazma! Yalvarıram, Özün mənə kömək ol. Bütün varlığımla sevdiyim adamı azacıq da olsa unutmaq üçün. Dözüm ver mənə, təkliyə dözə bilməyim üçün. Əzab çəkməkdən qurumuş bədənimdən çıxmış ruhumu mənə qaytar, özümə qaytar. Yazma mənə belə alınyazısı, ya Rəbbim! Yazma mənə belə ağır cəza, Allahım!