Dünyanın ən ədalətli hakimi

Dünyanın ən ədalətli hakimi 

Şükür olsun Sənə, Tanrı, bizə verdiyin nemətlərə görə, şükür. Bu nemətlər arasında insanı hər əzabdan, hər əziyyətdən xilas edən son çıxış yolu olan bir nemətin də var. O… ölümdür! Bəli, ölüm!!!

Nə yaxşı ki Sən varsan, Ölüm! Ulu Tanrı bəndələrini o qədər sevir ki, Səni onlara hər çətinlikdən son qurtuluş yolu verib. Qıymayıb ki, yaratdıqları çox əzab çəkə.

Yaxşı ki sən varsan Ölüm! Sən olmasaydın, insanlar neylərdilər? Əzab-əziyyət içərisində yaşamaqdan yorulanda, dərdlərdən cana doyanda hansı yolu axtarıb-tapardılar? Nə yaxşı ki Sən varsan...

Nə yaxşı ki Sən varsan, Ölüm! Sən olmasaydın, biz özümüz dünyanı tutub-durar, yaşayar, yaşayar, hey yaşayardıq. Əbədi dünyada həmişə gözəl yaşamaq üçün nələr etməzdik?!

Var-dövlət üstündə bir-birimizə vəhşicəsinə zülm edər, yerdə də, göydə də özümüzə malikanələr düzəldərdik. Təbiətin ən gözəl yerlərini hasarlayar, “Bura mənimdir, heç kəs gəlməsin!» - deyərdik. Özümüzə saysız-hesabsız ləl-cavahir yığar, yığar, gözümüz yenə də doymazdı. Hər nemətin ən yaxşısını, ən ləzzətlisini əldə etməkçün nələr etməzdik?! 

Nə yaxşı ki Sən varsan, Ölüm! İnsanları sakitləşdirən, onları kamilləşdirən, daim ölüm qorxusu içərisində saxlayan, cəhənnəm əzabı ilə vahimələndirən, Ölüm! İnsanları mehribanlığa çağıran, onlara düz yol göstərən, səhv edəndə cəzalandıran. Sən dünyamızın ən ədalətli hakimisən! Nə yaxşı ki Sən varsan. Var ol! Var ol!!!