Mərhum Əli Səmədli

Gül ləçəklərinə məktub yazdım

Küləklə sənə göndərdim

 

Əziz Əli Səmədli! Bu kəlmə çox rəsmidir.

Əziz qardaşım, atam, məsləhətçim, ağsaqqalım! Qara yel əsdi, qara xəbərini mənə də çatdırdı. «Heyf səndən», deyib, ağladım, sızladım, kitabını əlimə alıb, səhifələdim. Yazılarını ilk dəfə sən həyatda olmayanda oxudum. Nədənsə indi yazdıqların mənə daha doğma, daha əziz göründü. Bəlkə də hər sətrinə göz yaşlarım səpildi, ona görə. Hətta sonuncu kitabında vəsiyyətinə də rast gəldim:

 

Vəsiyyət

(qısa)

Payız gələndə saralar yarpaqlar,

Ömrün sonunu soraqlar

Mən də payızımı vururuam başa.

Ölümümü bilə-bilə,

Ölümümə gülə-gülə

Bir diləyim var, dostlar sizdən,

Bir çinar əkin qəbrimin üstə.

 

Vəsiyyətini oxuya-oxuya həyatda olmadığına özümü inandırmağa çalışdım. Məni özünə doğma sayan mehriban bir insanın artıq həyatda olmaması qəlbimi ağrıtdı, məni sarsıtdı.

Son dəfə xəstəxanada görmüşdüm səni. Sevimli qızın başına pərvanə kimi dolanırdı. Saralmış, ölüm hopmuş çöhrəni görəndə başa düşdüm ki, səni son dəfə görürəm, dəyərli məsləhətlərini son dəfə eşidirəm. Çox kədərlənsəm də bunu büruzə vermədim. Gülləri çox xoşladığını bilirdim. Amma yanına tələsik gəldiyimdən gül almaq tamam yadımdan çıxmşdı. Bahar təzəcə girmişdi deyə, xəstəxananın həyətindəki cavan ağaclarda tər çiçəklər vardı. Elə ordaca balaca, üstündə çiçəkləri olan bir budaq qırıb sənə gətirdim. Bahar çiçəyinə çox diqqətlə baxandan sonra ilk dəfə sənin dilindən qəmli kəlmələr eşitdim:

 

«Gələn yazım çox hayıf ki, yaz deyil,

Yetmiş ildir qış çıxmayır canımdan».

 

Gözəl insan! Hamını sevən, hamıya ürəyi yanan Əli müəllim! Sən hamını sevdin. Məhəbbətin cavabsız qalmadı. Biz də səni sevdik, sənin yazılarına heyran olduq. Yazdıqların uşaqların da, böyüklərin də qəlbinə girib orda özünə yer elədi. Uşaqları sevdin, balacaların sevinci üzünə hopdu. Balacalara qoşuldun, onlar kimi saf, uşaqlar kimi təmiz oldun. Qələmin gah sevindi, gah kədərləndi. Yazdıqların səni insanlara tanıtdırdı, sevdirdi. Ölümün səni tanıyanları, səni sevənləri kədərləndirdi. Hələ neçə tamamlanmamış pyesin yarımçıq qaldı, tamaşaçı görmədi. Amansız fələk yarımçıq yazılarını tamamlamağa macal vermədi. Amansız fələk səni bizə çox gördü.

Bu da sənin şerindi, sənin sətirlərindi:

 

Məktublarım

 

Eşit nəğmələrimi gözəl!

Yay bitəcək, payız gələcək,

Payızın qızılı yarpaqlarında

Yazacağam sənə məktublarımı.

Göndərməyə bir əsim külək

İstəyəcəyəm Tanrıdan.

Oxu məktublarımı

Sulara, yarpaqlara yazdıqlarımı.

 

Sən dənizə məktub yazdın, vərəqinsə payız yarpaqları oldu. Onu küləklə göndərdin. Mən isə bu məktubu sənə yazdım. Özü də sənin ən çox xoşladığın gül ləçəklərində. Sevgi, kədər, göz yaşları ilə dolu bir məktub yazdım. Tanrıdan bir əsim külək istədim. Sənə yazdıqlarımı yaz çiçəklərinin ləçəklərinə yazdım, sənə göndərdim. Oxu məktubumu.

Qara xəbəri eşidəndə aynanın qarşısında dayanıb özümə başsağlığı verdim, sənin kimi bir insanı, sənin kimi bir dostu itirdiyimə görə. Daha sonra əlimə qələm alıb bu yazını yazdım. Sənin yazılarını sevə-sevə oxuyanlara, ölümünü eşidib gözləri yaşaranlara başsağlığı verdim, səni sevənlərə, adını əziz tutanlara başsağlığı verdim.

 

Xatirəni həmişə əziz

tutacağına söz verən

dostun Gülzar