Müasir nağıllar

Müasir nağıllar

Nağıl şifahi xalq ədəbiyyatının-folklorun ən qədim janrlarından biridir və bu barədə söhbət açmağa elə bilirəm, ehtiyac duyulmur. Biz hamımız uşaqlıqdan nağılları sevmişik, onların qanadında dünyanı gəzib-dolaşmışıq. Biz nağıllarda qara qüvvələrlə çarpışan qəhrəmanların ağlına, igidliyinə heyran qalmışıq, özümüzü onlara bənzətmək istəmişik. Div, Zümrüd quşu, Xızır peyğəmbər, uçan xalça, qurd, ilan, əfsanəvi quşlar uşaqlıq illərində anamızdan, nənəmizdən eşitdiyimiz nağıl tipləri olub.
Nağılları kimlər yaradıb? Bu barədə elm birmənalı şəkildə "Xalq" ifadəsini işlədir. Amma hər halda hər hansı bir folklor nümunəsinin ilk yaradıcısı olub, sadəcə olaraq yazı meydana çıxmadığından bu nümunələr ağızdan-ağıza dolaşaraq kollektivin malına çevrilib. 

XX əsrdə ( elə indinin özündə də) ayrı-ayrı müəlliflər özləri nağıllar yazmağa başladılar. Təbii ki, bu nağıllar öz kökündən, ənənəsindən ayrıla bilməzdi. Amma yeni və müasir nağıllarda çağdaş dövrümüzün təfəkkürü, günümüzün reallıqları da öz əksini tapır. 

Gülzar İbrahimova da belə müəlliflərdən biridir. O, "Gülzar nənə" təxəllüsü ilə uşaqların sevimlisinə çevrilməkdədir. Onun uşaq ədəbiyyatının təbliğatçısı kimi fəaliyyəti bizdə, geniş oxucu kütləsində, ancaq fərəh hissi doğurur. Gülzar xanım "Bala dili" adlı jurnal nəşr edir, hələ məktəb yaşı çatmamış uşaqlar üçün "Elli boya" silsiləvi rəngli kiablarla onları sevindirir. Həm də bütün bunlarla kifayətlənməyib özü də nağıllar, tapmacalar, kiçikhəcmli hekayələr qələmə alır.
Təbii ki, bütün bunları qiymətləndirmək, dəyərləndirmək lazımdır və bizim məqsədimiz də budur ki, bu fədakar xanımın müasir uşaq ədəbiyyatı naminə gördüyü işlərə münasibət bildirək.

Uşaqlar üçün yazmaq böyüklər, yaşlılar üçün yazmaqdan çox çətindir - deyirlər. Bu fikirdə müəyyən həqiqət vardır. Uşaqlıq dövrünü çoxdan keçirmiş yaşlı bir sənətkar üçün öz mühitindən, yaşıdlarından, onların həyat tərzindən yazmaq çətin deyil. Amma bu yaşlı sənətkar uşaq dünyasından yazanda təbii ki, müəyyən çətinliklərlə qarşılaşacaq. O, gərək uşaqların, balacaların dünyasına yol tapa, onları maraqlandıran suallara onların öz diliylə cavab verə, körpələrin psixologiyasını yaxşı bilə. Dahi rus tənqidçisi V.Q. Belinski yazırdı ki: "Uşaq şairi olmaq yox, doğulmaq lazımdır". 

Gülzar İbrahimovanın nağıllarını və hekayələrini oxuyanda da hiss edirik ki, o, balacaların dünyasına yaxşı bələddir, onlarla öz dillərində söhbət etməyi bacarır, uşaqları maraqlandıran suallara cavab tapa bilir və ən başlıcası, kiçik yaşlıların istəyi, arzusu ona yaxşı tanışdır. Gülzar xanımın "Mən uşaq deyiləm" kitabına toplanan nağıllar və hekayələr də dediklərimizə sübut ola bilər.

Onun adını çəkdiyimiz bu kitabında toplanan yazılar ilk növbədə, öz dilinin sadəliyi ilə seçilir. Gülzar xanım mürəkkəb cümlə qurmağı sevmir, belə olan hallarda da mürəkkəb cümlələrin nisbətən sadəsini seçir. Çünki yaxşı bilir ki, uşaqlar onlarla sadə dildə danışan həmsöhbətini sevirlər. Yazıların ikinci bir məziyyəti yığcam süjetə malik olmasıdır. Əlbəttə, Azərbaycan nağıllarının əksəriyyəti mürəkkəb süjet quruluşuna malikdir. Amma unutmayaq ki, Gülzar xanımın təqdim etdiyi nağıllar azyaşlı oxucular üçün qələmə alınıb. Üçüncü bir məziyyəti də qeyd etmək istəyirəm. Bu da ondan ibarətdir ki, Gülzar xanımın hər bir nağılı, mövzusundan asılı olmayaraq bir və ya bir neçə xarakterik obrazla yadda qalır. Nəhayət, ən vacib olan bir məziyyət də nağılların və hekayələrin mövzusu ilə bağlıdır. Müəllif öz qəhrəmanlarını bir neçə məkanda təsvir edir: ailədə, uşaqlar aləmində və təbiətlə, quşlar, heyvanlar aləmi ilə ünsiyyətdə. Ona görə də mövzular tanışdır: uşaqların bir-birilə dostluğu, valideynə, xüsusən, nənəyə, babaya ehtiram, onları maraqlandıran nə varsa, bu barədə bilgi əldə etmək səyi, quşlara, heyvanlara qayğı və s. Bunlar kiçik hekayələrin əsas mövzularıdır. Yəni, belə demək mümkünsə, sırf azyaşlıların aləmi. Təbii ki, bu hekayələrdə qoyulan qayə uşaq tərbiyəsinin müxtəlif komponentlərini də əhatə edir.

G. İbrahimovanın qələmə aldığı nağıllardan bir hissəni təqdim edirik: "Biri vardı, biri yoxdu, Şamaxı şəhərinin Sulut kəndində Nisə adlı qəşəng bir qız vardı. Hamı bu qıvrımsaçlı dəcəl qızı əzizləyir, sevirdi. Dəcəl qız da hamının sevgisini hiss etdikcə daha da ərköyünləşirdi. Artıq Nisə elə ərköyünləşmişdi ki, hətta onu sevib-əzizləyənə, öpənə əl qaldırır, sillə vururdu".
Buna inanırıq. Ailələrdə belə ərköyün balalar az deyil. Bu ərköyün bala o qədər şıltaqdı ki, heyvanları, quşları, hətta böcəkləri də incidir. Və günlərin bir günü həyətlərinə uçub gələn bir alabəzək kəpənəyin ardınca qaçıb onu tutmaq istəyir, tərsliyindən əl çəkməyib, onu axıracan qovur və meşədə azır. Ata-anası, bütün kənd onu axtarmağa başlayır. Və gəlib görürlər ki, bir ayı Nisənin həndəvərində dolanır, heç kəsə ona yaxınlaşmağa imkan vermir ki, qıza yaxın dursun. Bəs necə olub ki, Nisə ayıya rast gəlib? "Nisə meşədə azanda qaranlığa düşdü, nə qədər axtardısa, evlərinin yolunu tapmadı ki, tapmadı. Axırda əlacı kəsildi, yorulub, bir ağacın altında oturdu. Elə orada da yuxuya getdi. Ayılanda isə balaca qız dəhşətli bir hadisənin şahidi oldu. Üç qara canavar onun üstünə gəlmək istəyir, ayı isə onları qovur, yaxına qoymurdu".
Nəhayət, ayı canavarları qovur, Nisə isə ayı ilə dostlaşır, onunla bir gəzir, giləmeyvə yeyir, bulaqlardan su içirdi. Ovçular gəlib ayını vurmaq istəyəndə Nisə qışqırır ki , o, mənim dostumdur, ona toxunmayın, məni canavarların əlindən xilas etdi. Və hekayənin sonluğu belə bitir ki, bundan sonra Nisə daha heç vaxt heyvanları, böcəkləri incitmədi, ərköyünlük eləmədi.

Bu balaca hekayə həm tərbiyəvi-didektik əhəmiyyətinə, həm də bədii təsir qüvvəsinə görə əsl uşaq hekayəsidir.
Uşaqlar üçün yazanda ilk növbədə, müasirlik amili ön planda olmalıdır. Yəni, o yazı həm müasir həyatdan alınmalı, həm də bir yazı etibarilə müasir olmalıdır. Sadə həqiqətlər müasir bədii biçimdə uşaqlara çatdırılmalıdır. Məsələn, balaca, hələ məktəbə getməmiş, öz oyuncaqlarından ayrılmayan bir uşaq Qarabağ hadisələrindən tam anlamaz. Çünki o, bu müharibəni görməyib, sadəcə eşidib, amma mahiyyətini hələ anlamır. Gülzar İbrahimova "Evin kişisi" hekayəsində bu həqiqəti sadə bir dillə balaca dinləyicilərinə başa salır. Budur, Xocalıya hücum zamanı: "Mən lap balaca olanda, qarla oynayanda əllərim donardı. Tez qaçıb əllərimi sobada qızdırardım. Ya da anam onları nəfəsiylə 
qızdırardı. Amma indi yandırırdı ayaqlarımı qar. Bir də baxdım, ayaqlarımın altından qan gəlir, qorxdum. Anama dedim. Anam başındakı yaylığını götürüb iki yerə böldü". Sonra illər keçir. "Atam ermənilərlə döyüşdə qəhrəman kimi həlak olandan sonra anam həmişə deyirdi ki, mən evin kişisiyəm. Bir az da böyüsəm, məktəbə gedəcəyəm". Nəhayət, bu uşaq başa düşür ki, Xocalıya hücum zamanı onun bacısını öldürüblər. Bu uşağın isə xəstəxanada ayaqlarını dizə qədər kəsirlər. Amma o ağlamır, çünki evin kişisidir.
Doğrudan da, qısaca məzmununu danışdığımız bu hekayə təsirlidir. Vətənpərvərlik ruhu ilə yazılıb. Hekayə ilə tanış olan balaca dinləyici və ya oxucu istər-istəməz müharibə haqqında, Xocalı barədə sual verəcək, bunları öyrənəndən sonra bir daha həmin hekayədə təsvir olunan uşağa rəğbəti artacaq, özü də onun kimi dözümlü olmağa çalışacaq.
Gülzar İbrahimovanın uşaqlar üçün yazdığı hekayələri maraqlıdır, oxunaqlıdır və bu səbəbdən də, balacalar səbirlə-təmkinlə onlara qulaq asacaqlar. Ancaq bir arzumu da bildirmək istəyirəm. Müəllifin mövzuları hələlik rəngarəngliyi ilə seçilmir. Unutmayaq ki, biz elmin, texnikanın, sivilizasiyanın zirvəsində yaşayırıq. Müasir uşaq həyatda onu maraqlandıran çoxlu suallarla qarşılaşır. Eyni zamanda, bu uşağın kökdən, ənənədən, ana laylasından, nənə nağılından uzaqlaşmamağı gərəkdir. Güman ki, Gülzar xanım gələcək hekayələrində bütün bunları nəzərə alacaq.

O ki qaldı onun nağıllarına, burada müəllifin bədii fantaziyasının, təxəyyülünün balacaların maraq dairəsinə hesablandığını görürük. Müəllif Azərbaycan nağıllarına, xüsusilə, heyvanlar haqqında nağıllara yaxşı bələddir. Həmin nağıllardakı obrazların cizgiləri, xarakter xüsusiyyətləri onun nağıllarında da bariz nəzərə çarpır. Amma məlum nağılları təkrar etmədən yeni nağıllar yaratmaq o qədər də asan deyil. Gülzar xanım isə buna müvəffəq olur. Hətta elələrini yaradır ki, bunlar təzədir. 
Müasir nağıl yaratmaq mədəniyyətini biz Gülzar xanımın "Dəniz balası" və "İlham və Fərizənin nağılı" yazılarında görürük. Birincisini, hətta miniatür nağıl-povest də adlandırmaq olar. Bu nağılda təsvir olunan hadisələr, təqdim edilən obrazlar, çoxşaxəli süjet onu göstərir ki, müəllif janra, onun prinsiplərinə yaxşı bələddir. Nağıl içində nağıl yaratmaq, sonra bunları məntiqi şəkildə bir-birilə əlaqələndirmək bacarığı "Dəniz balası"nda aydın nəzərə çarpır. 

"İlham və Fərizənin nağılı"nda isə Gülzar xanım qədim nağıl prinsipləri ilə müasir nağıl mədəniyyətini bir araya gətirir. Nağılın qəhrəmanları həm keçmişin, həm də bu günün qəhrəmanlarıdır. Müəllif onların sevgisini, qısa müddətli şirin ailə həyatını təsvir edərkən boyalarını əsirgəmir. Onların ölümü də təsirli səhnələrlə təqdim edilir. Nağılda İlham dəmirçidir, qılınc, nizə düzəldir. Öz sənətilə fəxr edir. Amma bir gün ruslar və ermənilər obaya hücum çəkirlər, rastlarına keçəni qılıncdan keçirirlər, mahalı çapıb-talayır, evlərə od vururlar. İlhama "sən mənim qardaşımsan" deyən rus dostu Stepan və erməni dostu Valod onun düzəltdiyi qılıncı qəfil qaldırıb başına endirirlər. Fərizə isə bu dərdə dözməyib intihar edir. Göründüyü kimi, hadisələr keçmişdə baş verir. Bəlkə bunun da simvolik bir mənası var. Yəni müəllif demək istəyir ki, İlhamlar, Fərizələr ötən əsrdə də olub. Qardaş və dost dediyimiz xain qonşularımızın başımıza açdığı fəlakətlər əsrlər boyu davam edib. Buna görə də AYILMALIYIQ, BÜTÜN BUNLAR BİZƏ DƏRS OLMALIDIR!