Gəl barışaq

Gəl barışaq

(Hekayə)

  Elşən və Mətanət Novruz bayramını səbirsizliklə gözləyirdilər. Nəhayət ki, onların arzuladıqları gün gəlib çatdı. Uşaqlar bayram axşamına hazırlaşır, qaranlığın düşməsini gözləyirdilər ki, tonqal qalasınlar.

 Axşam düşdü, tonqal qalandı. Uşaqlar tonqalın ətrafına yığışdılar. Onlar tonqalı elə hündür qalamışdılar ki, heç kəs onun üstündən atıla bilmirdi.

 Elşən oğlanlarla bərabər tonqalın ətrafında qaçışırdı. Onlar odun azalmasını gözləyirdilər ki, tonqalın üstündən hoppana bilsinlər.

 Mətanət də bir yanda dayanıb qızlarla söhbət edirdi. O, əlində üç şar tutmuşdu. Birdən sevinc içərisində ora-bura qaçan Elşən Mətanətə tərəf qaçdı və əlindəki nazik taxta parçasını şarlardan birinə sancıb onu partlatdı. Mətanət acıqlandı:

 - Elşən, dəymə şarlara, mənim şardan xoşum gəlir!

 Elşən dedi:

 - Yaxşı, dəymərəm!

 Mətanət söhbətini davam etmək üçün qızlara tərəf dönəndə əlindəki iki şarın ikisi də birdən partladı. O, yaman pərt oldu. Hamı elə bildi ki, şarları Elşən partlatdı. Həqiqətdə isə külək ocaqın közünü havaya qaldırdığından onlar şara dəymiş və şarlar partlamışdılar.

Mətanət Elşəni acıladı:

 - Elşən, sən çox pis oğlansan, dedim axı şarlara dəymə, sən isə onları partlatdın!

 Elşən pərt oldu:

 - Mən şarlara toxunmadım.

 Mətanət ağlamsındı:

 - Küsdüm səndən, danışdırma məni! Mətanətin ona inanmadığını görən Elşən də incidi:

 - Küsürsən, küs, neyləyim!

 - Onlar küsüşüb hərəsi öz evlərinə getdi. Axşam hər ikisi bikef-bikef televizorun qarşısında oturub bayram verilişinə baxmağa başladılar.

 Birdən aparıcı dedi:

- Bütün küsülülər Novruz bayramında barışmalıdır. Belə deyirlər ki, bayramda barışmayan bütün il boyu küsülü qalar! -.

 Bunu eşidən kimi Elşən Mətanətgilin, Mətanət də Elşəngilin evlərinə tərəf qaçdı. Bir-birlərinə çatan kimi əllərini bir-birlərinə uzatdılar. Hər ikisi birdən dedi:

 -Gəl barışaq, Elşən!

 -Əlbəttə barışaq, Mətanət!

 Onlar bir-birlərinin əlini sıxıb barışdılar. Yenə də tonqalın başına yollandılar. Artıq tonqal da yanıb yavaşımışdı. Dostlar əl-ələ tutub tonqalın üstündən hoppandılar.