Nəhəng dalğa

Nəhəng dalğa

(Hekayə)

 Bir qızcığaz vardı. Balaca bir qızcığaz. O, hindli idi. Dərisi qaraydı. Adını Ratxa çağırardılar. Yeddi yaşı vardı. Ratxanın çox mənalı iri qara gözləri var idi. Özü də çox ağıllı qız idi. Anasını çox sevər, atasını soruşanlara isə «atam yoxdur, o bizi atıb», deyərdi.

    Onlar dənizə yaxın yaşayardılar. Anası da elə evlərinə yaxın kafedə işləyərdi.

   Ratxa günün çoxunu dənizin sahilində keçirərdi. Anası tez-tez ona baş çəkərdi ki, Ratxa dənizdə tək çimməsin. Ratxa da anasının tapşırığına qulaq asar, heç vaxt dənizdə tək çimməzdi. Hər dəfə anası Ratxaya baş çəkməyə gələndə qızını bərk-bərk bağrına basar, sonra isə onunla birgə suya tullanardı.

    Ratxa üzə bilməsə də bərk-bərk anasına sarılar, boğulmaqdan qorxub ondan aralanmazdı. Anası ilə üzmək qızcığaza elə xoş gələrdi ki, o tez-tez anası işləyən kafeyə boylanar, onun gəlişini həvəslə gözləyərdi.

 Günlərin bir günündə Ratxa yenə də sahildə oynayırdı. O, qumdan böyük bir qala düzəltmişdi. Qalanın divarlarına balıqqulaqları düzmüşdü. Qala doğrudan da çox gözəl alınmışdı. Hətta elə gözəl alınmışdı ki, bir əmi vizit kartını Ratxaya verib dedi:

 - Qızım, ata-ananla danış, heykəltəraş, ya rəssam olmaq istəsən, qoy mənə zəng eləsinlər. Gəlib bizim kollecdə oxuyarsan.

 Ratxa bunu eşidəndə çox sevindi. Düzəltdiyi qalanın yanlarına çoxlu daşlar düzdü ki, dağılmasın. Özü də tez-tez anası gələn tərəfə baxmağa başladı ki, anası gələndə düzəltdiyini anasına da göstərsin.

 Birdən Ratxa camaatın qışqırtısını eşitdi. Camaat qışqırır və qaçırdılar. Onlar qızcığazın düzəltdiyi qalanı tapdayıb dağıtdılar. Ratxa da ağlamağa başladı. Amma o düzəltdiyi qalanın dağılmağına ağlayırdı. Oturduğu yerdən qalxdı, istədi anasının işlədiyi tərəfə gedib onu tapsın. Birdən dənizdən gələn nəhəng dalğa Ratxanı ağuşuna aldı. Qız nə olduğunu dərk etmədən suyun içərisində çapalamağa başladı. Əvvəlcə elə bildi ki, anası onu yenə də qucağına alıb suya atılıb. Suyun içərisində anasını axtarmağa başladı. Amma tapa bilmədi. Bir an nəfəsini saxladı ki, boğulmasın. Bir də ağlına gəldi ki, bəlkə o yuxudadır.

    Ratxa belə yuxuları tez-tez görürdü. O, həmişə yuxuda görürdü ki, dənizdə boğulur. Amma oyananda bunun yuxu olduğunu görüb sevinir, anasının boynunu qucaqlayıb təzədən yatırdı. İndi də qızcığaz bu fikirlərlə yuxudan ayılmağını gözləyirdi. O, elə bilirdi ki, yenə də yuxudan ayılacaq, bərk-bərk anasının boynuna sarılacaq. Nəhəng dalğa Ratxanı hara gəldi çırpırdı. O isə artıq nəfəsini saxlaya bilmir, su onun boğazına, oradan isə balaca ciyərlərinə dolurdu. Dəhşətli yuxu isə qurtarmaq bilmirdi ki, bilmirdi.

     Ratxa gözlərini açanda özünü xəstəxanada gördü. Ətrafında yad adamları görəndə ağladı. Anasını çağırdı, anasını istədi. Amma ona kömək eləyə bilmədilər. Çünki ananı nə qədər axtarmışdılar tapa bilməmişdilər.

     Bir aydan sonra Ratxanı uşaq evinə verməyə hazırlaşırdılar. Çünki o artıq sağalmışdı. Təzəcə xəstəxanadan çıxırdılar ki, bir qadının axsaya-axsaya onlara tərəf gəldiyini gördülər. Heç kəs qadını tanımasa da, Ratxa «ana», deyə qışqırdı və qadının üstünə qaçıb onu bərk-bərk qucaqladı. Hamıya hər şey aydın oldu. Ratxa anasını tapmışdı.

     Amma o vaxt  - yəni 2004-cü ilin dekabr ayında Hind okeanında baş vermiş dəhşətli faciədə çox uşaq anasını, çox ana uşağını tapa bilməmişdi. Okeandan gəlmiş iri , dəhşətli bir dalğa çox ailəni yox eləmişdi.

    Bu balaca hekayəmizlə bütün dünyadakı balalara sevinc dolu həyat arzu edirik! Qoy balalar heç vaxt ata-analarından ayrı düşməsinlər. Qoy Allah Yer üzündəki bütün balaları xoşbəxt eləsin. Hər uşağın əllərindən ata və anası tutsun. Günəş başlarının üstündən, Ay gecələrindən əskik olmasın!