Müəllif: Gülzar İbrahimova
(nağıl)
5 pərdəli pyes
Pyes haqda qısa məlumat:
Ayşən adlı şən bir qız baba və nənəsini çox sevir, onlarla qalır. Onlar çox şəndirlər. Küpəgirən qarı və İfrit qonşuluqda yaşayır. Hər dəfə kasıb Balıqçı köhnə qayığı və toru ilə balıq ovuna gedib, böyük balıqla qayıdır. İfrit təzə qayıq, təzə torla ova gedir, əliboş qayıdır. Ayşən baba, nənəsini sevir, onlara kömək edir, Küpəgirən qarının nəvələri isə ərköyün və pisdirlər. Böyüklərlə kobud danışır, bacı-qardaş dalaşırlar. Axır qarı bezib onları evlərinə qovur. Nənə İfritə qarı yaşda olsa da, üzündə qırış yoxdur. Küpəgirən qarının üzü qırış-qırışdır. Bütün bunlara görə Küpəgirən qarı hikkələnir, paxıllanır, bir yol axtarır ki, onları kədərləndirsin, ağlatsın, həyətlərindən gələn gülüş səsi birdəfəlik kəsilsin. Amma nə qədər çalışır, onların mehriban gülüş səsləri kəsilmir. Axırda Küpəgirən qarı Üçbaşlı əjdahaya tapşırır ki, Ayşəni oğurlayıb dənizə atsın. Ayşənin şənliyi, qorxmazlığı Üçbaşlı əjdahanın elə xoşuna gəlir ki, ona yaxşılıq edir. O, kimsəsiz bir adada 300 il əvvəl hansısa bir şahın tikdirdiyi kimsəsiz bir sarayı ona hədiyyə edir. Ayşən baba, nənəsi ilə həmin saraya köçür. Küpəgirən qarı qonşularından xəbər tutmaq üçün sehrli aynada və ya ləyəndə fala baxır. Fal göstərir ki, şahanə geyimdə üç nəfər şah sarayında yeyib-içir. Şah süfrəsində yemək yeyənləri görəndə Küpəgirən qarı hirslənir elə bilir fal ləyəni ya aynası xarab olub, düz göstərmir. Vurur aynanı sındırır, və ya ləyəndəki tilsimli suyu dağıdır. Beləliklə, yaxşı adamlar Küpəgirən qarı kimi pisdən uzaqlaşır.
İştirak edirlər:
Balıqçı - 60-70 yaşlı qoca baba
Nənə - 50-60 yaşlı qoca nənə
Ayşən - Balıqçının, nənənin nəvəsi 6-7 yaşlı gözəl qız
Küpəgirən qarı - 60-70 yaşlı İfritə qarı
İfrit onun əri - 60-70 yaşlı qoca, pis adam
Nənəxanım - Küpəgirən qarı ilə İfritin nəvəsi 6-7 yaşlı qız
Ayatxan - Küpəgirən qarı ilə İfritin nəvəsi 6-7 yaşlı qız
Üçbaşlı əjdaha - Sadəcə əjdahadır, (uça bilsə nağıl maraqlı olar) Əjdaha
olmasa quş da olar
Birinci pərdə
Musiqi səsi
Mavi gözlü göy dəniz,
Gözəllik olmaz sənsiz,
Təmiz, safdır suların,
Gözəldir dalğaların
Sübh tezdən coşub-daşma
Qayalarla savaşma
Axşamdan qurmuşam tor
Sən də bir az sakit ol
Toruma düşsün balıq
Yoxsa ki, ac qalarıq.
Dəniz səhnəsi. Alaqaranlıq. Üfiq yavaş-yavaş qızarır. Ləpələrin, qağayıların səsi. Dəniz dalğalanır.
Balıqçı (60 yaşlarında, balıqçı görkəmində, alnı çalmalı, ağ saqqallı qoca) qayıqda dənizdən tor çəkir, hərdən də toru başqa tərəfə atır, sonra yenə çıxarır.
5 dəqiqədən sonra səhnə işıqlanır, yəni hava açılır. Bu dəfə balıqçı qayığı sahilə çıxarır. Qayıqdan vedrəni götürüb yerə qoyur.
Ayşən qaça-qaça səhnəyə gəlib babasını qucaqlayır.
Ayşən - Baba, harda qalmısan, lap darıxdım səndən ötəri!
Baba - Mənim Ayşən qızım, şən qızım, gülşən qızım! Gəldim, sənə
də durna balığı tutub gətirdim.
Ayşən - Necə olur durna balığı, baxım?
Baba - Vedrəyə bax, suya tullanmayıbsa, ordadır! Çox qəşəngdir.
Burnu da sənin burnuna oxşayır.
Ayşən əyilib vedrəyə baxdı, baxdı, sonra qəhqəhə çəkib güldü.
Ayşən - (gülə-gülə) Yox ay baba, burnu çox uzundur! (Vedrəni götürdü).
Aparım nənə də baxsın ki, sən mənim burnumu kimin burnuna
oxşadırsan. Sonra da deyirsən gözələm! Burnum əgər bu
uzunluqdadırsa, necə gözəl ola bilərəm?
Baba güldü.
İkinci pərdə
Dənizin sahili. (Bir tərəfdə qayanın bir divarı da görünə bilər. Çünki hərdən Küpəgirən qarı onları güdəndə qayanın arxasından da dayana bilər). Balıqçının həyəti. Daxma. Daxmadan tüstü çıxır. Daxmanın həyətində yerdən hündür iri bir mütəkkəli stol. (Özbəklərdə olduğu kimi) Stolun üstünə süfrə açılıb. Üstündə samovar. Kasıbyana çay-çörək dəstgahı. Nənə samovara od salır. Ayşən vedrəni gətirib nənəyə göstərib gülə-gülə:
Ayşən - Nənə, görürsən, babam deyir ki, bu balığın burnu mənim burnuna
oxşayır, düz deyir?
Nənə - Baban gəlib çıxdı? Allaha şükür! Baxım görüm nə balıqdır ki, burnu
sənin burnuna oxşayır? – Aman Allah, gör bu qoca gözəl göyçək qızın
burnunu durna balığının nə uzunluqda burnuna necə oxşada bilib...
Nə deyim sənə ay kişi...
Balıqçı gülə-gülə səhnəyə gəlir. Ayşən və Nənə də ona qoşulub
gülürlər.
Nənə - Nə gec gəldin, ay kişi, heç balıqdan belə gec qayıtmamışdın, Az qala
ürəyim partlayacaqdı.
Ayşən - İndi də baba deyəcək ki, qırx ildir balığa gedirəm, hər dəfə qayıdanda
eyni sözü deyirsən...
Baba - Bax, ay arvad, şahidim də var ki, hər gün mən balıqdan qayıdanda mənə
eyni sözləri deyirsən. Neçə dəfə demişəm məndən nigaran qalmayın.
Uşaqlıqdan dənizdəyəm. Bir də ki, bu yaşımda çox uzaqa getmirəm ki,
məndən nigaran qalasız. Səhərə yaxın hava qaranlıq olur deyə, qayıq
görünmür, hava işıqlı olsa, görərsiz ki, lap yaxınlıqdayam. Bir də ki, Padşah yarışma eləsə, üzüb yüz cavanı ötərəm.
Gülüşürlər.
Baba - Ayşən, bir çay süz, yaman susuzam!
Ayşən hamıya çay süzür.
Ayşən - Baba, sənə yumurta soyum?
Baba - Yox, eləcə pendir yeyəcəyəm, yeməyini ye.
Yemək yeyirlər.
Sonra Ayşən süfrədən qalxır. Əvvəl babasını, sonra nənəsini öpür.
- Sağ ol, nənə, sağ ol, baba, yeməklər çox dadlı idi.
Süfrəni yığışdıra-yığışdıra mahnı oxuyur:
Mən balaca Ayşənəm,
Hamı deyir mən şənəm
Bir balıqçı babam var,
Dənizdən balıq tutar.
Hərdən də yuxulayar
Balıqlar tordan qaçar
Gülürlər
Nənəm məni çox sevir
Mənə nağıllar deyir,
Nənəmi də sevirəm,
Ona kömək edirəm.
Hamı deyir mən şənəm,
Düzdür, mən şən Ayşənəm!
Nənəm deyir, qəşəngəm,
Babam deyir, mən şənəm,
Deyirlər şən Ayşənəm!
Elə məncə də şənəm!
Şənəm, şənəm, çox şənəm,
Mən güləyən Ayşənəm!
Gülürlər. Baba və nənə dirsəklənib taxtda yarıuzanılı halda oturublar. Ayşən əvvəlcə babaya yaxınlaşır, əlini verir babaya. Baba onun əlindən tutub ayağa qaldırır. Qızın alnından öpüb oxuyur:
Baba
- Gül qızım, Ayşən qızım,
Mənim güləyən nazım,
Gül, hər yan çiçək açsın,
Dörd bir yana nur saçsın!
Gül, qoy hamı eşitsin,
Bülbüllər səsə gəlsin,
Gülsün Günəşin üzü,
Sevinsin Ayın özü,
Sonra Ayşən əlini nənəyə uzadıb onu ayağa qaldırır. Nənə oxuyur.
Nənə -
- Nənənin göyçək balası,
- Ətirli çiçək balası,
- Sən güləndə dünya gülür,
- Evimizə işıq düşür.
Ay güləyən, gül Ayşən,
Hər zaman belə ol, şən,
Gülüşün faydası var!
Qəm-kədəri azaldar!
Ayşən babasının, nənəsinin əlindən tutub gedirlər. Gedə-gedə Ayşən sual verir.
Ayşən - Nənə, nə gözəl mahnıdır. Mahnıda oxudun ki, “Gülüşün faydası var!
Qəm-kədəri azaldar!”. Bu doğrudan belədir?
Nənə - Əlbəttə, mənim gözəl Ayşənim! Qoy səni başa salım...
Gedirlər.
Üçüncü pərdə
Küpəgirən qarının və İfritin evi. Küpəgirən qarı ortada var-gəl edir. Gülməli hərəkətlər edir. O, gah hirslə yükdəki döşəklərin üstünə hoppanır, gah evin ortasındakı kəndirdən sallanır, gah stulda oturur, gah yerdə oturur, gah yerdəki su dolu ləyənin başına fırlanıb su ilə danışır, deyinir. Gah yerə uzanıb uşaq kimi ayaqlarını yerə döyür. Gah da alnına çaldığı yaylığı açır, gah da bağlayır.
Küpəgirən qarı - Sən bir bunlara bax!
İfrit - Kİmə?
Küpəgirən qarı - Kimi deyəcəm? Qonşuluğumuzda kim var? Balıqçını deyirəm!
Kasıblıqdan az qala ölürlər, gülmək səsləri aləmi götürüb.
Dənizdən balıq tutmasalar, acından ölərlər. Özləri yeməyə
yemək, hələ üstəlik nəvələrini də gətirib yanlarında
saxlayırlar. Amma bütün günü gülürlər. Nəyə gülürlər onlar?
İfrit - Nə bilim ay qarı! Hər gün eyni sualı verirsən mənə! Axı mən
nə bilim onlar nəyə gülür. Mən burda, onlar orda. Dur, bir
stəkan çayını iç. Səhərdən qonşulardan danışırsan. Məni də bezdirirsən, özünü də!
Küpəgirən qarı - Bezirsən, get qonşularınla yaşa! Səfeh kimi bütün günü
gülürlər. Danışaram da... Nə qədər ki bu balıqçının
koması yaxınlığımızdadır, nə qədər ki, onlarla qonşuyuq,
nə qədər ki, onların gülüş səsi aləmi götürür, mən
rahatlıq tapa bilmərəm. Hələ bir balıqçının qocasına bax, mənimlə yaşıddır, üzündə bir qırış tapmazsan. Mənim üzüm doludur qırışla. Güləndə də elə gülür, səsi düz başıma düşür. İfritə qarı!
İfrit - Doğurdan qəribədirlər eee, düz deyirsən heç vaxt dava
eləmirlər. Elə bil heç yaşamırlar. Dava-dalaş, mübahisə
eləmədən, qışqırmadan, hirslənmədən, vurub-dağıtmadan necə
yaşamaq olar?
Küpəgirən qarı - Hələ sən bir bunlara bax, acından ölürlər, komalarında bir
həsir var, bir məmmədnəsir, bilmirəm hansı günlərinə sevinib-
gülürlər? Mənim neçə küp qızılım var, mənim yerimə bunlar
sevinir? Axı soruşan lazımdır ki, niyə gülürsüz?
İfrit - Nə olsun qızılın var, yerin elə dərinliyinə basdırmısan, lazım
olanda səhərdən axşama qədər qazırıq, sonra çıxarda bilirik!
Küpəgirən qarı - Kəs səsini, mən qızıllarımızı elə dərinə basdırmasaydım, indi
bizim beş küp qızılımız, on küp gümüşümüz olmazdı!
İfrit - Mənim səsimi kəsməyi yaxşı bacarırsan, yaxşısı budur,
qonşuların səsini kəsməyə bir yol fikirləş! Nə oldu bəs, həmişə
belə oxuyurdun...
İfrit Küpəgirən qarının başına fırlana-fırlana oxuyub onu cırnadır.
İfrit -
Nə istəsəm edərəm,
Istəsəm bircə anda,
Dünyanı dəyişərəm,
Mən güclü cadugərəm!
Bir gecənin içində,
Balıqçının torunu,
Didim-didim didərəm,
Xərçəngə yem edərəm!
Istəsəm hər üçünə,
Tilsim, cadu edərəm,
İstəsəm üçünü də,
Acından öldürərəm!
Bunları deyən sən deyildin?
Küpəgirən qarı -
İnanmırsan edərəm?
Hirsləndirmə, edərəm!
İstəsəm mən onları
Lap daşa döndərərəm!
İfrit! İnan sən mənə!
Şübhən var ki tilsimə?
Onları bircə anda
Timsaha yedirdərəm!
Torpağa göndərərəm
Səslərini kəsərəm,
Nələr, nələr edərəm...
Sən bilirsən edərəm!
Gözlərini elə bərəldir ki, dırnaqlarını elə hala salır ki, İfrit qorxur.
İfrit - Belə cadu bilirəm, belə tilsim qururam, səslərini birdəfəlik kəsərəm! Belə
deyən sən deyildin? Nə oldu bəs, indi qalmısan aciz... Deyəsən
qocalmısan, daha tilsim qura bilmirsən. Ha ha ha... Ha ha ha
Küpəgirən qarı -
Gəl sən məni dindirmə
Cin atına mindirmə,
Mənlə işin olmasın,
Yaman çaşbaşdır başım,
Bu qız məni bezdirib
Yaman qəzəbləndirib
Heç bilmirəm neyləyim
Onun səsini kəsim
Deyir adımdır Ayşən
Deyib-gülməkdir peşəm
Elə hey gülür ha,ha
Nə olub bu uşağa?
Baba nənə də gülür
İnan, ətim tökülür!
İfrit -
Yaman qəribədirlər,
Dava nədir bilmirlər,
Gülürlər gecə-gündüz,
İşləri gedir düpdüz.
Qışqırıb, dalaşmazlar,
Həddlərini aşmazlar
Görməzsən ağlaşsınlar,
Toyuğa daş atsınlar
Belə yaşamaq olar?
Adam belə darıxar!
Küpəgirən - Yetər! Bu qonşuların gülüş səsləri kəsilməlidir! Yetər! - Amma
onu da çox düz deyirsən ki, onların səslərini birdəfəlik
kəsməliyik!
İfrit - Məni isə hövsələdən çıxaran odur ki, o qoca baba da, nənə də,
nəvə də, işləyəndə də, dincələndə də mahnı oxuyurlar.
Küpəgirən - Kəsərik onların mahnısını, oxumaqlarını. Mən bilirəm
neyləyəcəyəm!..
İfrit - Neyləmək fikrin var?
Küpəgirən - Yaxın gəl eşidən olar! (Pıçıldayır İfritin qulağına) Gecə yatmırsan. Elə ki gecəyarı əl-ayaq kəsildi, çıraqlar söndü, gedirsən xəlvətcə balıqçının həyətinə, torunu cırıq-cırıq doğrayırsan! Amma səs eləmərsən ki, yuxudan durmasınlar.
İfrit - Sənin başın çox yaxşı işləyir. Tor olmayandan sonra nə tutacaqlar, nə yeyəcəklər? Onda əlbəttə ki, köçüb gedəcəklər başqa yerə. Bizim də qulaqlarımız gülüş səsindən dincələcək! Əhsən sənə, gözəl plan qurdun! İndi onlar baxar!
Küpəgirən - Səssiz ol! Bir daş altdan, o biri də üstdən!
Ifrit - Hansı daşı götürüm?
Küpəgirən - (Süpürgə ilə İfritin başından vurur) Fərsiz! Nə daş? Sirr saxlayanda, gizli qalsın deyə, belə deyirlər.
İfrit - (başını tutur) Anladım, anladım!
Dördüncü pərdə
Səhərin açılmasına az qalıb. Balıqçının həyəti. Küpəgirən və İfrit qayanın yanında gizləniblər.
Küpəgirən - (sahilə baxıb deyinir) Bura bax, bunların komalarının yanında nə qədər balıq var. Bizə yaxın sahildə bir balıq görməzsən. Bəxtəvərlərə bax, balıqlar da onlara səmt üzür.
İfrit - Darıxma, bir azdan bütün sahil özümüzün olacaq. Balıqçı torunu cırıq-cırıq görsə dəli olacaq. Buralarda acından ölməyəcək ki. Əlbəttə çıxıb gedəcək!
Küpəgirən - Az danış. Bura söhbət eləməyə gəlməmişik. İndicə səhər açılacaq. Tez elə, durma, get toru parça-parça elə. Elə elə ki, tikib-yamaya da bilməsinlər.
İfrit - Bu saat....Gör toru nə hala salacağam.
İfrit əlindəki torbadan balta çıxarıb oğrun-oğrun, o tərəfə, bu tərəfə boylana-boylana komaya tərəf gedir. Əlindəki baltanı taxtın üstünə qoyur. Toru alır əlinə, atır başına, irəli gəlib baltanı götürmək istəyəndə ayağı ilişir, yıxılır, sarılır tora, nə qədər edir dursun ayağa, durur, yıxılır. Torqarışıq yumbalanır, o tərəfə, bu tərəfə. Küpəgirən qarı uzaqdan onun hərəkətlərinə hirslənir.
Küpəgirən - sən nə edirsən, indicə bizi burda görəcəklər. Tez elə işini qurtar gəl.
İfrit - Tora düşmüşəm, çıxa bilmirəm!
Küpəgirən - Kütün, fərsizin biri. Balta əlində necə tora düşə bilərsən, Parçala toru.
İfrit - Kömək elə, balta aralıdadır, götürə bilmirəm.
Küpəgirən - Heç nə əlindən gəlmir, mən olmasam ölərsən! (Küpəgirən gedib baltanı tez İfritə verib qaçıb bayaqkı yerdə gizlənir) İşıq təkcə Küpəgirən qarının üstündədir. Görüntü də yalnız ondadır. Həyət tərəf qaranlıqlaşır. Küpəgirən qarı əlləri ilə başını tutur, dizlərinə çırpır, bir az gizləndiyi yerdə var gəl edəndən sonra İfrit işini qirtaran kimi qaçıb Küpəgirənin yanına qayıdır. Oturub bir yerdə gözləyirlər.
İşıqlar çoxalır. Balıqçının həyəti görünür.
Balıqçı komadan çıxır. Gərnəşir. Yaxınlaşıb taxtda oturmaq istədiyi yerdə gözü balıq toruna sataşır.
Balıqçı - Necə-necə? (həyəcanla) Balıq toru niyə doğram-doğramdır? (Tor parçalarını əlinə alıb diqqətlə baxır) Kim bunu bu hala salıb? İndi mən balığa necə gedəcəyəm? Nə yeyəcəyik biz? Acından öləcəyik? Vay-vay...
Küpəgirən qarı və İfrit gizləndikləri yerdən Balıqçının sözlərini eşidib sevindiklərindən atılıb düşür, bir-birlərini qucaqlayırlar. Ağızlarını tutub xısın-xısın gülüşürlər. Birdən balıqçı bərkdən gülür.
Küpəgirən qarı - (pıçıltı ilə) Gördün, dedim səni torları olmasa acından öləcəklər. Mən deyən oldu. Balıqçının həyəcandan başına hava gəldi. Öz-özünə gülür. Dəli olub. Ha ha ha...
İfrit - (həm qorxu, həm də təəccüb içərisində) Sən nə qədər ağıllısan. Doğurdan dəli oldu Balıqçı. Toru görüb havalandı. Başına hava gəldi. Hi hi..
Küpəgirən qarı - Hələ onu sevimli qarısı görməyib. Görsə kişisinin başına hava gəlib, qışqırıb mərəkə qoparacaq. Dizlərinə döyəcək. Axır ki ağlada bildik onları.
İfrit - Şən Ayşən də olacaq Qəmgin Ayşən.
Küpəgirən - Mənim elə istədiyim, arzum da odur ki, bu qonşularımız daha heç vaxt gülməsin! Getdik!
İfrit - Getdik! (Amma gedə də bilərlər, həmin səhnədə qala da bilərlər)
QEYD: Burda pərdə Küpəgirən qarının evinə də keçə bilər. Əvvəlki yerdə qala da bilər. Yəni Küpəgirən və İfrit qayanın yanında dayanıb pussunlar, aşağıdakı dialoq da orda da baş verə bilər.
________________________________________________________
Dördüncü (a) pərdə
Küpəgirən qarının evi. İfrit və Küpəgirən yerə yıxılıblar, sevindiklərindən qarınalırını tutub gülürlər. Birdən həyətdən gülüş səsi gəlir.
Küpəgirən qarı - (qışqırır) Gülmək səsini eşidirsən?
İfrit - Gülmək səsi deyil eee, ağlamaq səsidir. Yaxşı qulaq as!
Küpəgirən qarı - (hirslənir) Mən o qədər qocalmamışam ki, gülmək səsi ilə ağlamaq səsini ayırd edə bilməyim.
Hər ikisi cəld qalxıb pəncərədən qonşuların həyətini pusurlar.
__________________________________________________________
Balıqçının həyəti
Nənə babanın gülüş səsinə həyətə çıxır.
Nənə - Nə olub ay kişi! Səhərin gözü açılmamış nəyə gülürsən?
Balıqçı - İnanmazsan ay qarı, bapbalaca bir bala xərçəng bu qalınlıqda toru parça-parça eləyib.
- Aman, tor parça-parça olub. Nə bilirsən onu xərçəng edib?
- Bax, özü də torun üstündədir. Tordan elə yapışıb ki, qopmaq da istəmir.
Nənə diqqətlə xərçəngə baxdı, baxdı, sonra bir qəhqəhə çəkib güldü ki, səsə Ayşən oyandı.
- Ayşən - Nə olub, nəyə gülürsən nənə? Baba balıq tutub?
Yoxsa yenə baba gülməli hadisə danışıb?
Nənə - Yaxın gəl, gör boyu ovuc boyda, işləri bir batman bir xərçəng balası nə işlər görüb?
Ayşən - Baxım, neyləyib ki?
Balıqçı - Bax, bu balaca boyu ilə dam dolusu oyunu ilə gör nələr eləyib?
Ayşən - Doğrudan? Aman, sən bir bu balacanın işinə bax!
Nənə - Bəs tor bu hala düşdü, balığı necə tutacaqsan?
Balıqçı - Heç narahat olma, xərçəng ruzu verən, ya alan deyil ki, ruzunu verən
Allahdır. Qurban olum Allaha, Təzə tor toxuyana qədər qarmaqla
gedərəm balığa.
Ayşən - Baba, mən də gedərəm, sənə kömək eləyərəm!
Balıqçı - Ay mənim Ayşən balam, mahnını bir oxu, səhər-səhər günümüz xoş olsun.
Mən Ayşənəm
Deyirlər ki, çox şənəm
Mən necə olmayım şən,
Bir yanda açıb çiçək
Üstü dolu kəpənək
Bir tərəfdə göy dəniz
Ləpələri tərtəmiz
Mehriban atam, anam,
Mənim maraqlı dünyam
Yanımda babam, nənəm,
Mən hamını sevirəm!
Mən dünyanı sevirəm,
Hamı deyir mən şənəm,
Düzdür, mən, şən Ayşənəm!
Beşinci pərdə
Küpəgirən qarının evi. Qarı pəncərədən baxır. Hirslənir. Deyinir.
Küpəgirən qarı - Gülürlər, yenə mahnı oxuyurlar. Bəxtəvərdilər, Xoşbəxtdirlər. Onlar hələ bilmirlər ki, kiminlə qonşudurlar. Səsləri çıxmırdı, o Ayşəndi nədi, o gələndən gülməklərinin səsi qulaq deşir.
İfrit - Düzdü. O yamança qız gələndən günümüz qara oldu. Bütün günü ya yeyib-içirlər, ya çalıb-oxuyurlar, oynayırlar, ya da gülürlər.
Küpəgirən qarı - Elədir ki, var. O balaca uşaqdı aləmi qatan. Qocaların səsi çıxmırdı. İfrit, gəsənə, biz də nəvələrimizi gətirək bizimlə qalsınlar, bizim də komamızdan gülüş səsi gəlsin! Ürəyimiz bir az açılsın.
İfrit - Çox düz deyirsən, bu gün gedim Nənəgüllə Ayatxanı gətirim!
Küpəgirən qarı - Gətir, gətir...
Altıncı pərdə
Ağaclar, Çəmənlik, çiçəklik. Ayşən əlində kəpənək tutan qaçıb o tərəf bu tərəfə mahnı oxuyur.
Mən necə olmayım şən,
Həyatı çox sevirəm,
Hər yan açıb gül-çiçək
Hər yan dolu kəpənək
Kəpənəyim uç uç uç
Mən qaçım, sən də uç, uç
Gəl səninlə oynayaq,
Güllərdən ətir qoxaq.
Nəğmə deyim mən sənə,
Sən də qanad çal mənə!
Bu vaxt qaça – qaça iki uşaq gəlir. Onlar Ayşən yaşdadırlar. Oğlanın adı (Pəhləvan ya da Ayatxan), qız (Nənəxanım və ya Sərənnaz ya da istənilən ad) gəlir.
Ayatxan (qışqırır) - Tutdum, tutdum! Sən tuta bilmədin, mən tutdum!
Nənəxanım - Xalxal kəpənəyi mən qovurdum, mənimdir, sən get başqasını tut!
Ayatxan - Vermirəm, vermirəm, özümündür!
Nənəxanım - Həmişə cığallıq edirsən, ziyankarın biri ziyankar. Ver mənim kəpənəyimi! Yoxsa nənəyə deyəcəyəm sənə qozlu dəstənə verməsin.
Ayatxan - Xəbərçinin biri, xəbərçi! Bu saat qanadlarını çıxarıb sonra verəcəyəm sənə!
Ayşən bunu eşidəndə bir anlığa dayanır, (o bayaqdan kəpənək tutur, nəğmə oxuyurdu).
Ayşən - Uşaqlar, siz neyləmək istəyirsiz, buraxın onu, yazıqdır.
Ayatxan - Hara buraxıram! Onu cəzalandırmalıyam!
Ayşən - O neyləyib ki?
Ayatxan - O mənə neyləyə bilər?
Ayatxan kəpənəyi yerə qoyur. Qanadını çıxarmaq istəyəndə Ayşən əlindəki kəpənəktutanı atır kəpənəyin üstünə, kəpənəyi xilas edib göyə atır.
Ayşən - Uç kəpənək, uç! Nə qədər ki qanadların sağdır, uç get uzaqlara!
Nənəxanım - Sən nə pis qızsan? Mənim kəpənəyimi niyə uçurtdun? O mənim idi!
Ayatxan - Sən kimsən mənim kəpənəyimi əlimdən aldın?
Ayşən - Sən onun qanadlarını çıxartmaq istəyirdin!
Ayatxan - Kəpənəyi biz tutmuşduq, özümüz də istəyərdik öldürərdik, istəyərdik evə aparardıq.
Ayşən - Heç insafınız yoxdur? O gözəl, sakit kəpənək sizə neyləmişdi ki, onu öldürmək istəyirdiz?
Ayatxan – İndi onun əvəini səndən çıxarıq!
Uşaqlar Ayşənin üstünə gəlirlər ki, onu vursunlar, bu vaxt Balıqçı gəlib çıxır. Onun belində odun, çörçöp olur. Ayşən tez qaçıb babasına kömək edir.
Yeddinci pərdə
Küpəgirən qarının evi
Nənəxanım ağlayır, nənəsi Küpəgirən qarı onu ovudur.
Nənəxanım - O qonşudakı dəli qız mənim kəpənəyimi uçurtdu. Gücnən tutmuşdum. Yaxşıca saçlarını yolacaqdım, babası gəldi.
Ayatxan - Özündən elə razıdır ki, elə bilir hamı onu çox istəyir. Bizim ondan zəhləmiz gedir.
Küpəgirən qarı - Elə bizim də ondan zəhləmiz gedir. O Gələndən rahatlığımız yoxdur. Bütün günü ya gülür, ya oxuyur, elə bil bizə acıq verir. İndi yeməyinizi yeyin!
Küpəgirən qarı nəvələrinə yemək qoyur. Süfrə arxasında mübahisə başlayır. Nənəxanım Ayatxanın, Ayatxan da Nənəxanımın boşqabına baxır. Nənəxanım qışqırır.
Nənəxanım - Ona iki yekə ət qoymusan, mənə iki balaca. Niyə? Həmişə onu çox istəyirsiz. Mən bu evdə ögeyəm.
İfrit - Kişilər çox yeyib güclü olmalıdırlar.
Nənəxanım - Ayatxan güclü olmalıdır ki, mənim saçlarımı yaxşı darta bilsin, məni yaxşı hirsləndirə bilsin. Elə şey yoxdu.
Küpəgirən qarı - Nənəxanım, hər dəfə süfrə başında deyinirsən, dava salırsan. Görmürsən, Ayatxanın qabındakı iri sümüklü ətlərdir, sənin boşqabında isə sümüksüz tikələr.
Ayatxan - Necə? Bu harda görünüb ki, uşağın birinə ət, o birinə sümük versinlər...
Küpəgirən qarı - Bəxtəvər qonşularımın başına. Ona görə bütün günü oxuyub-oynayırlar da... Ayşən bütün işlərini görür, onlar da çalıb oynayırlar. Nə vaxt baxırsan Ayşən həyət süpürür, palaz çırpır, samovar qaynadır, nənəsinin saçlarını darayıb-hörür, mənimkilər də it kimi sümük üstündə dalaşırlar.
İfrit - Biz də dedik nəvələrimizi gətirək, bir az ürəyimiz açılsın.
Küpəgirən qarı - Bütün günahlar o qızdadır. İndi də bizim evə söz-söhbəti o saldı. O uşaqların kəpənəyini qaçırtmasaydı, bu gün dava düşməzdi.
Onun çarəsinə baxmalıyam. Yeməyinizi yeyin, gedin evinizə, mən o Ayşənin başına bilirəm nə oyun açacağam.
Ayatxan - Mənə çay verin, içim gedim!
Nənəxanım - Dur özün tök, hambalın yoxdu!
Ayatxan - Mən yorulmuşam! Nənə, mənə çay ver!
Küpəgirən qarı - Görmürsən, vaxtım yoxdur, tilsim qururam!
Ayatxan - Sənin elə işin-gücün tilsim qurmaqdı!
İfrit - Buna bax, böyüyə söz qaytarır! Camaatın uşağı iş görür, siz ancaq dava edirsiz!
Ayatxan - Sizin çayınızı istəmirəm, məni hirsləndirirsiz!
Nənəxanım - İstəmirsən, istəmə!
İfrit - Bəsdir dalaşdız, durun, nə qədər ki qaranlıq düşməyib, gedin evinizə!
Ayatxan - Getdik. Yolda kəpənək tutacam!
Nənəxanım - Mən də tutacağam, amma bu dəfə sənə verməyəcəyəm.
Uşaqlar qaça-qaça gedirlər.
Küpəgirən - İfrit, sənin də səsin çıxmasın, mən bir fala baxım görüm fal nə göstərir...
İfrit - Sən tilsim quranda qorxudan boğazım quruyur...
Küpəgirən - Su gətir, küpü su ilə doldur!
İfrit - Bu saat!
İfrit vedrə ilə iki-üç vedrə küpə su tödü. Küpəgirən qarı suya dua oxudu. Su par-par alışdı, güzgüyə çevrildi. (suya rəngli işıq salmaq olar ki rəngini dəyişsin) Qarı əlini bərkdən suya çırpdı.
Küpəgirən - Onların gülməyini kəsmək üçün tilsim qurmalıyam! Güzgüm, qüdrətli güzgüm, sehrli, tilsimli güzgüm, göstər görüm, hardadı balıqçı? Neyləyir? Axtar-tap onu, bir baxım, görüm...
Küpəgirən diqqətlə suya baxıb danışmağa başladı.
Küpəgirən - Bax, bax, Diqqətlə bax, İfrit! Balıqçının toru yoxdur deyə, tilovla gedib balığa.
İfrit - Bax, yanındakı vedrə də doludur balıqla. Kefi kökdür, mahnı oxuyur. (Balıqçının tamaşanın əvvəlindəki mahnısını səslə qoymaq olar). Deyəsən qayıdır.
Küpəgirən - Ha ha ha ... Ay qoydum qayıtsın, ay qoydum balıqları yesin... Mənim adım Küpəgirən qarıdır. İndi elə mərəkə qopardacağam ki, dəniz göyə qalxacaq, Balıqçının üstünə gələcək... Ha ha ha ... Göstər gücünü, qüdrətini, sehrli güzgüm! Elə fırtına qopart ki, Balıqçı bir də komasına qayıda bilməsin. Qayığı çevrilsin, vedrədəki balıqları təzədən dənizə qayıtsın!
Sehrli güzgü! Tez tilsimini dənizə çatdır! Bəd dua ilə dalğaları elə çaxnaşdır, ada yerindən oynasın, qayıq suyun altına getsin, baba ömürboyu əzab çəksin, adada qalıb kasıb komasına, qarısına, Ayşən nəvəsinə həsrət qalsın!
Səhnədə qorxulu bir səhnə yaranır. İldırım çaxır, şimşək görünür, yarıqaranlıq otaqda işıq közərir. İşıq bir anlığa sönür səhnə dəyişir. Balıqçı qayıqda oturub balıq tutur. Qarmağı çəkir, qarmaqda böyük bir balıq.
Balıqçı - Əla, ruzunu verən Allahdır. Qarmaqla daha çox balıq tuturam. Bu çəki balığı neçə gün bizə bəs edər. (Balığı vedrəyə qoyur) (Mahnı oxuya-oxuya qayığı səliqəyə salır, balıqçı plaşını çıxarır. avarları əlinə götürür ki, qayıtsın. Bu vaxt tufan, yağış başlayır. Işıqlar azalır, tufan külək səhnəsi) Tufan, fırtına səsi get-gedə artır, dalğalar, dəniz bərkdən çalxalanır, qayıq aşır.
Balıqçı - Amaaan , kömək ediiiin!
Qayıq çevrilir, Balıqçı yıxılır.
Qaranlıq.
Səkkizinci pərdə
Küpəgirən qarı - Ha ha ha... Biri məhv edildi. İndi keçək əsas
məsələyə
İfrit - Əsas məsələ hansıdır?
Küpəgirən qarı - Qızın məsələsinə. Əvvəlcə baxaq-görək bu güləyən
qız – yox güləyən siçan hardadır?
İfrit - Sonra növbə yəqin ki nənənindir!
Küpəgirən qarı - Nənəni tilsimə salmağa heç ehtiyac yoxdur. Baba
dənizdən qayıtmasa, Ayşən yoxa çıxsa, nənə özü
azarlayıb yorğan-döşəyə düşəcək! Ha ha ha ... Əsas
Ayşəndir. Bütün günü oxuyub-gülən o pis qız! Aləmi
qarışdıran o oxuyan siçan! Görək Ayşən hardadır?
(Qollarını qaldırır, dua oxumağa başlayır)
Küpəgirən fala baxanda gözləri bir az da bərəldi. Hirsləndi.
Küpəgirən qarı - Bax, bax, Oxuyan siçan sevinə-sevinə, gülə-gülə qaçır, kəpənək tutur, oynadır... (nənənin səsi gəlir)
Nənə - Gülşən, gəl isti təndir çörəyi ye, arasına pendirı nehrə yağı da qoymuşam
Ayşən - Dünyanın ən gözəl nənəsi! Öpüm səni!
Küpəgirən qarı - ha ha “Dünyanın ən gözəl nənəsinə bax!” Barmağında bir qızıl üzük yox, qulağında bir qızıl sırğa yox, oldu, “dünyanın ən gözəl nənəsi. Mənim neçə küp qızılım ola-ola, heç mənə “dünyanın ən gözəl nənəsi” deyən yoxdu.
İfrit - Bizim nəvələrimiz bütün günü dava edirlər. Onlardan xoş söz gözləmə!
Küpəgirən - Bir bunlara bax, işləri gücləri “can” deyib, bir-birini öpməkdir. Gör tikəni necə acgözlüklə yeyir. Səni görüm boğazında qalsın, zəhərlənəsən! Elə qalacaq da. Bu saat!
İfrit - Onlara elə lazımdır, qarı, gör neyləyirsən!
Küpəgirən - Göstər gücünü, qüdrətini, sehrli güzgüm! Bu dəfə mənə Üçbaşlı əjdaha lazımdır. Bu işdə mənə yalnız o kömək edə bilər.
Sehrli güzgü! Tez tilsimini Əjdahaya çatdır. Bəd dua ilə buludları dağıt, qoy Üçbaşlı əjdaha hüzuruma gəlsin!
(Qorxulu musiqi)
Üçbaşlı əjdaha - Hüzurundayam, hörmətli Küpəgirən qarı! Nə əmrin varsa, yerinə yetirməyə hazıram!
Küpəgirən qarı - Öldür onu, qayadan at, dənizə tulla, nə edirsən et, mən o oxuyan siçanın səsini eşitməyim, fal açanda bir də onun həmişə gülən üzünü görməyim. O mənə rahatlıq vermir, O günümü qara eləyib. Yatmağı mənə haram eləyib.
Üçbaşlı əjdaha - Aramla de, anlayım, hansı oxuyan siçan!
- Ay üçbaş
Üç başın var,
Üçü də boş,
Gəl sən danışma boş-boş
Sənə çatmır dediyim
Yerinə yetir əmri!
İndicənə gedirsən,
Əynində ağ don olan
Çəməndə çiçək yığan,
Kəpənəklə oynayan
O Ayşəni tapırsan
Qaldırıb yuxarıdan
Düz dənizə atırsan
Gəlməsin ona rəhmin
Cəzanı verrəm sənin
Dönüb olarsan üç daş
Eşit, məni, ey Üçbaş,
Üçbaşlı əjdaha - Baş üstə sahibəm! Necə əmr etsən, elə olacaq! İndi bildim neyləmək lazımdır. Qonşuluğunuzda yaşayan balaca – Ayşən adlı qızı götürüb yox eləməliyəm. Bundan asan nə var ki... Mən getdim, əmri yerinə yetirim!
Küpəgirən qarı qəhqəhə ilə güldü. Əllərini bir-birinə çırpdı.
Küpəgirən qarı - Bitdi. Qonşularımın gözəl həyatına son qoyuldu. İndi bundan sonra ancaq nənənin ağlamaq səsinə qulaq ascağıq.
İfrit - Balıqçının qayığını özüm götürüb balıq ovuna gedəcəyəm!
Küpəgirən - gülə-gülə -heç arzulama! Qayıq indi dənizin dibindədir. Qayıq sahibi də onun yanında! Ha ha ha
Doqquzuncu pərdə
Səhnə çəmənlik, sonra ev mənzərəsi, sonra dəniz mənzərəsi gəlir. Bu üç mənzərə bir neçə dəqiqə - əjdaha ilə Ayşənin dialoqu zamanı fırlanır. Əhdaha göydə uçur, ayaqlarında da Ayşəni qaldırıb. Ayşən gülür.
Əjdaha - (məəttəl-məəttəl) Nəyə gülürsən?
Ayşən - Belimdən elə tutmuşdun, qıdığım gəlir, ona gülürəm!
Əjdaha - Qıdıq necə gəlir ki?
Ayşən - Sənin heç vaxt qıdığın gəlməyib?
Əjdaha - Yoooxx!
Ayşən - İndi gələr! ‒ (Deyib, Ayşən Əjdahanın qarnını qıdıqladı)
Üç başın üçü də qəflətən elə güldü, səsə göy guruldadı, ildırım çaxdı. Ayşən qulaqlarını tutdu. Görəndə başlar sakitləşib, onda qulaqlarını açdı.
Ayşən – Bu necə gülməkdi, qulaqlarım batdı. Yəqin ki sənin qonşuluğunda yaşayanların hamısının sənin gülmək səsindən qulaqları kar olub.
Əjdaha - Sən nə gülməli qızsan (Əjdaha yenə güldü)
Ayşən - Mən uçuraaaam! Mən uçuram!
Əjdaha göydə dövrə vura-vura uçdu. Ayşən qollarını açdı, mahnı oxumağa başladı:
Mən Ayşənəm, Ayşənəm,
Özüm də ki, çox şənəm!
Qanadım yoxdur, amma,
Uçuram, kəpənəyəm!
Nənəm deyir, qəşəngəm,
Babam deyir, mən şənəm,
Deyirlər şən Ayşənəm!
Elə məncə də şənəm!
Şənəm, şənəm, çox şənəm,
Mən güləyən Ayşənəm!
Əjdaha - Mən qorxulu əjdahayam
Pislərin yaxın dostuyam,
Öldürürəm, məhv edirəm
Çünki hamıdan güclüyəm
Sən nə qəribə qızsan
Necə də qorxusuzsan,
Əjdaha caynağında
Gülürsən, danışırsan.
Ayşən - Mən heç nədən qorxmuram. İstəsəm bu saat burdan atılıb dənizə düşərəm, sahilə qədər üzərəm!
Əjdaha - Yox, Yox, atılma!
Ayşən - Niyə?
Əjdaha - Qorxuram boğularsan! Doğurdan da çox qəribə qızsan, nə qorxmaz qızsan, aparıram səni azdırım, itirim, sən isə gülürsən, oxuyursan!
Ayşən - Mən Ayşənəm. Babam mənə öyrədib, çətin vaxtda da şənəm! (gülür)
Əjdaha - Mən əjdahayam, birdən səni yemək istəsəm, yenə kefin pozulmaz, yenə olarsan şən?
Ayşən - Nuş olsun, deyərəm mən! Mən Ayşənəm, çox şənəm, istəsən sən də ol şən! ‒ ( Ayşən güldü, sonra yenə Əjdahanı qıdıqladı)
Əjdaha – (güldü) - Məni ömründə belə güldürən olmamışdı. Gülmək necə gözəlmiş...
Ayşən - Düzdür, mən güləndə elə bilirəm dünya da gülür.
Əjdaha - Sən çox ağıllı və şən qızsan. İstəyirəm səni Küpəgirən qarının əlindən xilas edəm!
Ayşən - Mən indi Küpəgirən qarının yox, sənin əlindəyəm! Yaxşı olar ki, öz əlindən məni xilas edəsən!
Əhdaha - Yox, Küpəgirən qarının əlindəsən!
Ayşən - Sənin əlindəyəm!
Əhdaha - Yox, Küpəgirən qarının əlindəsən!
O dedi, bu dedi, axırda Əjdaha yoruldu. Yenə ikisini də gülmək tutdu. Onlar gülə-gülə düşdülər bir adaya. Adada böyük, şahlara layiq saray vardı. Sarayın qarşısında, sahildə isə böyük bir gəmi vardı.
Əjdaha - Bu sarayı üç yüz il bundan əvvəl bir şah gizlincə tikdirib. Sonra qocalıb ölüb, saray da gəmi də sahibsiz qalıb. Ona sahib ola bilərsən!
Ayşən - İstəmirəm saray-zad! Mən babamsız, nənəmsiz burda neyləyəcəyəm?
Əjdaha - Burda tək deyilsən, baban da bu adadı. Bir az gəzib axtarsan, taparsan! Küpəgirən qarı tufan qoparıb, babanı tilsimə salıb, qayığını batırıb, qoca baban üzü üstə yıxılıb adada qalıb.
Ayşən – İnanmıram sənə! Hanı babam!
Əjdaha – Yaxşı bax, tapacaqsan.
Ayşən - Baba!
(Ayşən qaçıb adanı axtarır. Birdən babasını üzüqoylu uzanmış tapır. Qışqırır)
Ayşən - Baba, can baba! Nə olub sənə?
(Ayşən çevrilib Əjdahaya baxır)
Ayşən - Babama nə olub?
Əjdaha - Qorxma, tufana düşüb, çox yorulub, huşu gedib, bir azdan özünə gələr. Sən darıxma. Baban özünə gələn kimi aparasan onu öz sarayına, orda dincələr. Mən getdim, işlərim var. Sonra Küpəgirən qarı məni axtarar.
Ayşən - Bizi burda atıb hara gedirsən, bizi də apar.
Əjdaha - Sarayın arxasında gəmi var, nə vaxt hara istəsəz onunla gedə bilərsiz.
Ayşən - mən gəmi sürə bilmirəm. Harda görmüsən, balaca qızlar gəmi sürsün?
Əjdaha - Sonuncu arzunu de yerinə yetirim gedim!
Ayşən - Məni hardan götürmüsən, apar qoy ora!
Əjdaha - Yaxşı, dur, aparım!
Ayşən qalxır. Amma babasına baxanda getmək istəmir
Ayşən - Yox, mən babamı burda bu halda qoyub heç yana gedə bilmərəm, Yaxşısı budur, get nənəmi də gətir bura.
Əjdaha - Bunu edərəm, baş üstə!
Ayşən - Baba, gözlərini aç, nə olar... (Əjdaha uçub gedir) Baba, mən səni çox istəyirəm sağal. İndicə nənəm də gələcək, biz yenə də üçümüz güləcəyik, sevinəcəyik. Bircə sən sağal, xəstələnmə, nənəm səni belə görsə, ağlayacaq, mən istəmirəm nənəm gəlib səni belə görsün, qalx, qalx gedək nənənin yanına, qalx gedək daxmamıza.
Balıqçı gözlərini açır. Ayşən sevinir
Ayşən - Baba, sən nə yaxşı babasan (Ayşən babasını qucaqlayır. Baba da onu)
Bu vaxt səhnəyə nənə daxil olur.
Nənə - Aman Allah siz burdasız?
Balıqçı - Sən burda neyləyirsən?
Nənə - Bir əjdaha gətirdi. Elə bildim yeməyə aparır. Amma gətirdi bura.
Ayşən əlini qaldırıb göyə əjdahaya qışqırır:
Ayşən - Sağ ol, xeyirxah əjdaha!
Nənə - Bizi komamızdan didərgin salıb, sən də ona sağ ol deyirsən?
Ayşən - O hər şeyi mənə danışıb. Bunlar hamısı qonşuluğumuzda yaşayan Küpəgirən qarının işidir. Mən də hər şeyi sizə danışacağam. İndi isə durun gedək saraya!
Nənə, Balıqçı xorla – Hansı saraya?
Ayşən - Gedək, o görünən saraya!
Nənə, Balıqçı xorla - Sarayda nə işimiz var?
Ayşən - o, bizim sarayımızdır!
Nənə, Balıqçı xora - Necəəəəə?
Ayşən - Gedək, yolda deyəcəyəm.
Onuncu pərdə
İfrit - Düz üç gün, üç gecədir yatırsan. Sənə şad xəbərim var. Balıqçı da, qarısı da, Ayşən də, yoxa çıxıb!
Küpəgirən qarı yerindən dik qalxdı. Xırıldaya-xırıldaya güldü.
Küpəgirən qarı - HA ha ha Nə yaxşı. Mənim də istədiyim elə bu idi.
Küpəgirən qarı yenə fal açdı.
Küpəgirən - Göstər gücünü, qüdrətini, sehrli güzgüm! Göstər görm, Balıqçı onun xanımlar xanımı, güləyən nəvəsi hardadırlar, hansı cəhənnəmdədirlər?!
İfrit - (gülə-gülə) ha ha, cəhənnəmin hansı tərəfindədilər?
Küpəgirən qarı - Sən sus, deməmişəm mən güzgü ilə danışanda səsin çıxmasın!
İfrit - qorxa qorxa ) Demisən, demisən, bağışla, bir də danışmaram!
Küpəgirən qarı - Fala baxıb hirslə qışqırır - Sehrli güzgü şah sarayını göstərir, saray geyimində saray adamlarını göstərir. Balıqçının ailəsini göstərmir. Xarab oldu sehrli güzgü, neylədin sən İfrit. Güzgü falımı xarab elədin. Görə bilmədim balıqçının axırı nə ilə qurtardı.
Küpəgirən qarı vurub güzgünü sındırdı. SÜpürgəsini götürüb İfritin üstünə getdi. Pərdə bağlandı. Sonuncu pərdə.
On birinci pərdə
Baba, nənə və Ayşən şahanə geyimlərdə. Şah sarayında .
Baba - Həyat gözəldir. Sevinərək yaşamaq ondan da gözəldir. Ətrafımıza gözəl insanlar toplayaq, onları həmişə qoruyaq ki, dünyamız daha da gözəlləşsin.
Nənə - Dünyanın bütün gözəlliklərini qoruyaq . Qoruyaq ki, pislər paxıllıqları ilə, acgözlükləri ilə dünyanın gözəlliyini itirməsinlər.
Ayşən - Biz uşaqlarla dünya daha gözəldir! Sevinək, ürəkdən gülək! Ürəkdən sevinib gülək ki, bütün dünya gülsün!
Ayşənin mahnısı.
Mən Ayşənəm
Deyirlər ki, çox şənəm
Mən necə olmayım şən,
Bir yanda açıb çiçək
Üstü dolu kəpənək
Bir tərəfdə göy dəniz
Ləpələri tərtəmiz
Mehriban atam, anam,
Mənim maraqlı dünyam
Yanımda babam, nənəm,
Mən hamını sevirəm!
Mən dünyanı sevirəm,
Hamı deyir mən şənəm,
Düzdür, mən, şən Ayşənəm!
Baba
- Gül qızım, Ayşən qızım,
Mənim güləyən nazım,
Gül, hər yan çiçək açsın,
Dörd bir yana nur saçsın!
Gül, qoy hamı eşitsin,
Bülbüllər səsə gəlsin,
Gülsün Günəşin üzü,
Sevinsin Ayın özü,
Nənə -
- Nənənin göyçək balası,
- Ətirli çiçək balası,
- Sən güləndə dünya gülür,
- Evimizə işıq düşür.
Ay güləyən, gül Ayşən,
Hər zaman belə ol, şən,
Gülüşün faydası var!
Qəm-kədəri azaldar!
Ayşən - Mənim maraqlı dünyam
Yanımda babam, nənəm,
Mən hamını sevirəm!
Mən dünyanı sevirəm,
Hamı deyir mən şənəm,
Düzdür, mən, şən Ayşənəm!
Nağılın özü
Gülzar İbrahimova
Şən Ayşən
Dənizin sahilində bir balıqçı ailəsi yaşayırdı. Baba, nənə, və balaca, qəşəng qız Ayşən. Baba hər gün balıq tutar, nənə balıqdan dadlı yemək bişirərdi. Sonra yeyər, içər, deyib-gülər, şənlənərdilər. Bu balaca daxmadan çıxan gülüş səsi aləmi götürərdi.
Ayşən hər yeməkdən sonra nənə-babasını qucaqlayar, öpər, onlara mahnı oxuyardı. Qocalar da onun səsinə səs verərdi:
Mən balaca Ayşənəm,
Bir babam var, bir nənəm.
Onları çox sevirəm,
Hər gün çoxlu öpürəm.
Nənəm deyir, qəşəngəm,
Babam deyir, mən şənəm,
Gözəl və şən Ayşənəm!
Yaxınlıqda yaşayan İfrit və Küpəgirən qonşularının gülüş səsinə hirslənərdilər. Bir yol axtarardılar ki, qonşuları kədərlənsin, qonşudan gülüş səsi kəsilsin. Küpəgirən qarı bütün günü deyinərdi:
- Bir bunlara bax, acından ölürlər, komalarında bir həsir var, bir məmmədnəsir, bilmirəm hansı günlərinə sevinib-gülürlər? Neçə küp qızılım var, mənim yerimə bunlar sevinir?
İfrit onu bir az da hirsləndirdi:
- Nə olsun qızılın var, yerin elə dərinliyinə basdırmısan, lazım olanda səhərdən axşama qədər qazırıq, sonra çıxarda bilirik!
- Kəs səsini, elə basdırmasaydım, indi beş küp qızılımız olmazdı!
- Mənim səsimi kəsməyi yaxşı bacarırsan, yaxşısı budur, qonşuların səsini kəsməyə bir yol fikirləş!
- Düz deyirsən! Onların səslərini birdəfəlik kəsməliyik!
Amma Küpəgirənlə İfrit neyləyirdisə xeyri olmurdu. Hələ onların oxumaqları Küpəgirəni lap cana doydurmuşdu. Baba da, nənə də, nəvə də işləyəndə də, dincələndə də mahnı oxuyurdular.
Ayşəngilin komasına yaxın sahildə dəniz balaca balıqlarla dolu olurdu. Ayşən güləndə balıqlar sevinclə tullanar-düşər, elə bil Ayşənin səsinə səs verərdilər. Balıqlar da hətta Küpəgirəngilin komalarına yaxın səmtə gəlmirdilər. Bu da Küpəgirəni lap hiddətləndirərdi. Bir dəfə o, İfritə dedi:
- Bezmişəm bu arsız qonşuların səsindən. Bütün günü işləri, gücləri oxumaq, oynamaq, demək-gülməkdi. Get, onların balıq torunu cırıq-cırıq elə, balıq tuta bilməyib ac qalsınlar, səsləri kəsilsin!
- Tor komanın qarşısından asılıb, necə götürüm, görməsinlər?
- Fərsiz, gecəyarı gedərsən, hamı yatanda!
- Yaxşı, onların kefini korlamaq mənim boynuma!
Səhərə qədər İfritlə Küpəgirən yatmadılar. Toru elə kəsik-kəsik elədilər, bircə torun kəndirləri qaldı. Səhər baba gəldi, toru görüb dəhşətə gəldi. Torun üstündə də balaca xərçəng vardı, dünən balıq tutandan ilişib torda qalmışdı. Baba xərçəngi əlinə alıb bir parça-parça olmuş tora baxdı, bir xərçəngə baxdı. O heç şübhələnmədi ki, bunu kimsə pisliklə edə bilər. Fikirləşdi: “Sən balaca xərçəngin boyuna bax, gördüyü işlərə bax! Balaca boyu ilə toru necə qırıq-qırıq edib!”.
Nənə gəlib xərçəngi əlinə alıb gülməyə başladı. Baba da ona qoşuldu. Səsə Ayşən gəldi, əhvalatdan xəbər tutan kimi o qədər güldü, qarnı sancılandı.
İfritlə və Küpəgirən qarı gecə yatmamışdılar deyə, yuxuda idilər. Gülüş səsinə deyinə-deyinə yuxudan durdular. Diqqət verdilər ki, gülüş səsi balıqçı koması tərəfdən gəlir. İnanmadılar:
- Ola bilməz gülsünlər, – İfrit dedi. - Onların torunu elə hala salmışıq, yəqin, ağlaşırlar.
Küpəgirən hirsləndi:
- Mən hələ o qədər qocalmamışam, ağlamaq səsi ilə gülmək səsini yaxşı tanıyıram! Gülürlər!
Bundan sonra Küpəgirənlə İfrit bilmədilər neyləsinlər. Çünki onlar heç vaxt gülmür, həmişə acıqlı olur, gülənlərə də paxıllıq edirdilər. Ona görə gedib nəvələri Nənəgülü yanlarına gətirdilər ki, onlarla qalsın, bəlkə onda gülələr. Amma əksinə, Nənəgül araya bir az da dava saldı.
Səhər Ayşən ertədən yuxudan oyanar, hər yanı süpürüb təmizləyər, həyəti sulayardı. Bulaqdan su daşıyar, baba dənizdən qayıdana qədər ona samavar çayı qoyardı. Bütün bunların hamısını da oxuya-oxuya edərdi.
Nənəgül isə günortaya qədər yatar, günorta oyanıb heç əl-üzünü də yumaz, nənəsi kimi pırpız saçla başlardı yemək davası eləməyə:
- Acmışam, çayımı tökün!
- Özün tök, yorulmuşam! Mənə də çay ver!
- Hambalın yoxdur, özün tök!
- Görmürsən, vaxtım yoxdur, tilsim qururam!
- İşin, gücün tilsim qurmaqdı!
- Buna bax, böyüyə söz qaytarır! Camaatın uşağı iş görür, sən ancaq dava edirsən!
- Heç sizin yeməyinizi istəmirəm, hər gün məni hirsləndirirsiz!
Səhər yeməyindən sonra da dava düşərdi ki, kim yeməyi yığışdıracaq. Belə, belə hər gün dava səsi aləmi bürüyərdi. Ayşəngilin həyətindən isə həmişə gülüş səsi gəlirdi.
Bir gün Küpəgirən qərar verdi:
- Onların gülməyini kəsmək üçün tilsim qurmalıyam!
Küpəgirən qarı böyük bir küp gətirdi. Küpə su tökdü, suya dua oxudu, su par-par alışdı, güzgüyə çevrildi. Qarı güzgülü suya əmr etdi:
- Güzgüm, qüdrətli güzgüm, sehrli, tilsimli güzgüm, göstər görüm, hardadı balıqçı? Neyləyir? Axtar-tap onu, bir baxım, görüm...
Su silkələndi, çalxalandı, əvvəl dənizi, sonra adanı, ondan sonra əlində balıq nizəsi olan babanı göstərdi. Yanında dolu vedrə balıq vardı. Baba səhər balıq vuran nizəsini götürüb, adaya- balıq ovuna gəlmişdi. Günortaya qədər balıq tutmuşdu, indi də istəyirdi qayıtsın. Elə qayığa minib qayıtmaq istəyirdi ki...
Qarı balıqla dolu vedrələri və mahnı oxuya-oxuya qayıdan balıqçını görən kimi od vurdu təpəsinə. Əlini bərkdən suya çırpıb əmr etdi:
- Sehrli su, tilsimini dənizə çatdır! Bəd dua ilə dalğaları elə çaxnaşdır, ada yerindən oynasın, qayıq suyun altına getsin, baba ömürboyu əzab çəksin, adada qalıb kasıb komasına, qarısına, Ayşən nəvəsinə həsrət qalsın!
Küpəgirənin ağzından çıxan sözlər həmən yerinə yetdi. Baba güclə canını tufandan qurtarıb üzüqoylu düşüb adada qaldı. Bir də Küpəgirən su falına baxanda gördü qayıq batıb, sevindi. Onun eybəcər gülüş səsinə göy guruldadı, iki əyri dişi bir-birinə necə toxundusa, şimşək çaxdı.
Küpəgirən bununla sakitləşmədi. Çünki nənə təndirdə mahnı oxuya-oxuya çörək bişirir, mahnının səsi ilə təndir çörəyinin ətri aləmi götürürdü.
Küpəgirən qarı bu dəfə nənə ilə nəvəyə su falı açdı. Nələr gördüsə, gördüyündən gözləri bir az da bərəldi. Su falı göstərdi: “Ayşən sevinə-sevinə, gülə-gülə qaçır, kəpənək tutur, onlarla oynayırdı. Hərdən də nənəsi onu çağırır, isti təndir çörəyinin üstünə nehrə yağı qoyub nəvəsinə verirdi. Ayşən də nehrə yağlı tikəni yeyib qurtarır, əyilib nənəsinin üzündən öpür, sonra yenə də qaçıb mahnı oxuya-oxuya kəpənəklərlə oynayırdı.
- Yox, buna dözmək olmaz! – Deyib Küpəgirən qışqırdı. - Tez Üçbaşlı əjdaha hüzuruma gəlsin!
İfrit bunu eşidən kimi yoxa çıxdı ki, Küpəgirən onu görməsin. İfrit Küpəgirən qarıdan qorxurdu. Bilirdi ki, əgər Küpəgirən qarı Üçbaşlı əjdahanı çağırırsa, deməli hirsini-hikkəsini İfritə də tökə bilər. Yaxşısı budu, gözə görünməsin. Küpəgirən qarı Üçbaşlı əjdahanı çağırıb ona əmr etdi:
- Bütün günü sərsəri kimi o tərəf-bu tərəfə qaçan, oxuyan, sevinən, gülən o balaca qızı elə yox edirsən, bir də onu gözüm görməsin.
Əjdahanın üç başının üçü də bir ağızdan dilləndi:
- Baş üstə sahibəm! Necə əmr etsən, elə olacaq!
Belə deyib bir göz qırpımında uçdu, Ayşəni yerdən götürüb göyə qalxdı. Ayşən qışqırıb ağlamaq əvəzinə, gülməyə başladı. Əjdaha məəttəl-məəttəl soruşdu:
- Nəyə gülürsən?
Ayşən gülə-gülə dedi:
- Məni belinə qoy, deyim nəyə gülürəm!
Əjdaha onu belinə qoydu. Ayşən dedi:
- Belimdən elə tutmuşdun, qıdığım gəlirdi, ona görə gülürdüm!
- Qıdıq necə gəlir ki?
- Sənin heç vaxt qıdığın gəlməyib?
- Yoooxx!
- İndi gələr! ‒ Deyib, Ayşən Əjdahanın boynunu qıdıqladı. Qıdıqlamağına da peşman oldu. Üç başın üçü də qəflətən elə güldü, səsə göy guruldadı, ildırım çaxdı. Ayşən qulaqlarını tutdu. Görəndə başlar sakitləşib, onda qulaqlarını açdı.
Güləndən sonra əjdahanın keyfi necə açıldısa, göydə dövrə vura-vura uçmağa başladı. Bu, Ayşənin çox xoşuna gəldi:
- Mən uçuraaaam, - deyib qollarını açdı, sonra isə mahnı oxumağa başladı:
Mən Ayşənəm, Ayşənəm,
Özüm də ki, çox şənəm!
Qanadım yoxdur, amma,
Uçuram, kəpənəyəm!
Əjdaha gördü qız çox gözəl oxuyur. Həm də nə ağlayır, nə də qorxur, təəccüblə soruşdu:
- Nə qəribə qızsan, aparıram səni azdırım, itirim, sən isə oxuyursan!
- Mən Ayşənəm. Babam mənə öyrədib, çətin vaxtda da şənəm!
- Mən əjdahayam, birdən səni yemək istəsəm, yenə kefin pozulmaz, olarsan şən?
- Nuş olsun, deyərəm mən! ‒ Belə deyib Ayşən güldü, Əjdahanı da qıdıqladı ki, o da şən olsun.
Əjdaha yenə bərkdən güldü. Əjdahanı ömründə belə güldürən olmamışdı. Ona görə bu balaca qızdan çox xoşu gəldi:
- Sən çox ağıllı və şən qızsan. İstəyirəm səni Küpəgirən qarının əlindən xilas edəm!
- Mən Küpəgirən qarının yox, sənin əlindəyəm!
- Yox, Küpəgirən qarının əlindəsən!
O dedi, bu dedi, axırda Əjdaha yoruldu. Yenə ikisini də gülmək tutdu. Onlar gülə-gülə düşdülər bir adaya. Adada böyük, şahlara layiq saray vardı. Sarayın qarşısında, sahildə isə böyük bir gəmi. Əjdaha dedi:
- Bu sarayı yüz il bundan əvvəl bir şah gizlincə tikdirib. Sonra qocalıb ölüb, saray da gəmi də sahibsiz qalıb. Ona sahib ola bilərsən!
Ayşən dedi:
- İstəmirəm saray-zad! Mən babamsız, nənəmsiz burda neyləyəcəyəm?
- Burda tək deyilsən, baban da bu adadı. Bir az gəzib axtarsan, taparsan! Küpəgirən qarı tufan qoparıb, babanı tilsimə salıb, qayığını batırıb, qoca baban üzü üstə yıxılıb adada qalıb.
- Baba, can baba! – Deyib Ayşən qışqırdı, babasını axtarmağa başladı.
Qoy Ayşən adada babasını axtarmaqda olsun, sizə Küpəgirəndən danışım. Elə ki Əjdaha qızı ağzına alıb göyə qalxdı, Küpəgirənin kefi düzəldi. Hikkəsi azaldı. Gecə yatmamışdı deyə, əsnədi. Gedib rahat yatdı. Nə qədər yatdı, bilmədi. Bir də İfritin səsinə oyandı:
- Düz üç gün, üç gecədir yatırsan. Sənə şad xəbərim var. Balıqçı da, qarısı da, Ayşən də, yoxa çıxıb!
Küpəgirən qarı yerindən dik qalxdı. Xırıldaya-xırıldaya güldü. Tez fal açdı. Fal açan kimi Sehrli küp şah sarayını göstərdi. Qarı neçə dəfə fal açdı, sehrli küp eyni şeyi göstərdi. Küpəgirən hirsləndi, küpü yerə çırpıb sındırdı:
- Mən sənə deyirəm balıqçının ailəsini göstər, sən mənə şahı, onun sarayını götərirsən! Çox köhnəlmisən, daha sehrin qalmayıb! Elə sınsan yaxşıdır!
Gəlin, Küpəgirənlə İfritdən canımızı qurtaraq, görək Ayşən babasını tapdı?
Ayşən adada axtardı, axtardı, babasını tapdı. Onlar qucaqlaşıb sevin- dilər. Adada olan saraya girib islanmış paltarlarını dəyişdilər. Sonra isə gəmi ilə gedib nənəni də saraya gətirdilər. Bu o vaxt idi ki, Küpəgirən fal açıb onları sarayda, süfrə başında, əyinlərində şahlara layiq libas görmüş, tanımamışdı, elə bilmişdi saray adamlarıdırlar.
Baba, nənə və nəvə ömürləri boyu şah sarayında bolluq içərisində yaşadılar, arzularına çatdılar. Onların gülüş səsi dənizin dalğalarına qarışdı, dünyanın hər yanına yayıldı. Sən də dənizə get, dəniz havasından bir dolu nəfəs al, Ayşənin şən gülüşü ürəyinə girsin, kefini açsın. Oturduğun yerdə sevincin ətir saçsın, bu sevincdən hamıya pay çatsın. Gülzar nənən də sənə baxsın, arzu-muradına çatsın!
Müəllif: Gülzar İbrahimova