Müəllif: Gülzar İbrahimova
İştirak edirlər: Nağılçı qadın – (50 yaş) müasir qadın
Şahzadə Mehin – (6-8 yaş), sarışın, buruq saçlı qız,
Uşaqlar - (5-10 yaş)
Görüntülər: Bakı bulvarı. Fransa, Eyfel qülləsi, Luvr muzeyi, Disney Lənd, Nitsa şəhərində Mələklər buxtası və Kral iqəmatgahı və s.
Qısa məzmun: Nağılçı qadın Fransaya gedir. O, Dəniz Şahzadəsi ilə dost olur. Şahzadə Nağılçıya bir sirri açmaq üçün onu dənizin altına - səyahətə aparır. Nağılçı nənəyə məlum olur ki, dənizə atılan salafanlardan sualtı aləm, ordakı canlılar məhv olur. Dünya mehribancasına əl-ələ verib balıqlara kömək edəndən sonra, hər şey yoluna düşür. Dəniz şahzadəsi Mehin, Su pəriləri, və balıqlar yenə də rahat yaşayırlar.
Ssenari
(Nağılçı qadın - ətrafında uşaqlar Bakı bulvarında – yaşıllıqda oturublar)
Nağılçı - Animasiya müsabiqəsində ikinci yeri tutduğuma görə, bir gün qalib oldum. Qalibləri Fransaya - “Disney Lənd”ə aparacaqdılar. Uşaq kimi sevinirdim.
Getdim. Parisi gəzdim. (Görüntü Fransa, Eyfel qülləsi, Luvr muzeyi, Disney Lənd) Fransanın qədimiliyinə, gözəlliyinə heyran oldum. Luvr muzeyində Mona Liza rəsmdən boylanıb, o qədər adamın içərisində düz mənə baxdı. Eyfel qülləsinə qalxıb, ordan Parisin oyuncaq kimi balaca görünən qədim evlərinə baxdım. Füsünkar Sena çayını seyr elədim. Noterdam əfsanəvi kilsəsini gördüm. “Disney lənd”də sevdiyim nağıl qəhrəmanları ilə görüşdüm.
Bir neçə gündən sonra bizi Nitsa şəhərinə gətirdilər. Qədimi evləri, Mələklər buxtasındakı gəmiləri, yelkənli qayıqları ilə Nitsa nağıllar şəhərinə bənzəyirdi.
Hotelimiz dənizin sahilində yerləşirdi. Dənizdə dalğalar qumdan hündür təpə düzəltmişdi. Qum təpəsi sahil boyu uzanırdı. Xoşbəxt idim. Ağ dənizdə üzmək çoxdankı arzum idi. Eşitmişdim orda rəngli balıqlar olur. Başını suya salıb gözlərini açsan, bu gözəl balıqları görürsən. Dənizin dibindən isə çox maraqlı - gah orqan səsinə oxşar musiqi, gah skripka səsi gəlir.
Üzmək üçün suya yaxınlaşanda suda qara, salafan torba gördüm. Götürdüm zibil qutusuna atım, gördüm dibində nəsə tərpənir. Salafan torbanın dibində balaca balıq var idi. Torbanı çevirdim düşsün suya, düşmədi.
Balığı əlimlə torbadan çıxaranda gördüm, qulağının pəri salafana ilişib. Torbanı cırıb balığı azad eləyib dedim: “Caan, yazıq heyvan, salafanlar sizə zülm edir”.
Sonra girdim suya. Su altında gözlərimi açdım ki, sualtı gözəlliyi görüm. Nəfəsimi bir anlığa saxladım ki, ecazkar musiqi eşidim.
Amma başımı sudan tez çıxartdım. Su bulanıq olduğundan heç nə görmədim. Suyun dərinliklərindən həyəcanlı səs gəlirdi. Gözlərimə, qulaqlarıma inanmadım. Səs elə vahiməli idi, sanki kimsə köməyə çağırırdı. Sudan çıxan kimi qollarım da birdən-birə elə qaşındı, sanki yandı. Az qaldım ağlayım.
Başımı qaldıranda qarşımdakı təpədə balaca qız gördüm. O, nağıllardakı şahzadələrə oxşayırdı. Əlində bıçaq kimi, nazik dəmir vardı. Onu mənə uzatdı.
Qız - Bununla qolunu qaşıyıb, dəniz suyu ilə yusan, qolun sağalar!
Nağılçı - Adın nədir? Sən nə bildin mənə kömək lazımdır?
Qız - Adım Şahzadə Mehindir. Qolunu bərk qaşıyanda bildim amyoba dişləyib.
Nağılçı - Yəqin amyobalar çox ziyanlıdılar.
Qız - Əslində zyanlı deyillər. Onlar dəniz suyunu təmizləyir. Amyobalar əvvəllər adamları sevirdilər, indi insanlardan acıqları gəlir.
Nağılçı - Nə bilirsən acıqları gəlir? Sirr deyilsə, mənə də de!
Qız - Bunu bilmək üçün mənimlə qorxulu bir səyahətə çıxmalısan.
Nağılçı - Razıyam, çıxaram, qorxaq deyiləm!
Qız – Hazır ol! (Qız təpədən sürüşüb Nağılçı qadının yaxınına gəlir. Əyilib dənizdən bir ovuc su götürür. Suyu qum təpəsinin üstünə çiləyir. Bu vaxt qum təpəsinin üstündə saçaqlı qum pərdəsi dalğalanır. Qız qum pərdəsini aralayıb içəri keçir. (İçəridən onun səsi gəlir) - Sən isə otur, yanındakı qızıl daşın üstündə, ürəyində xoş arzu tut! Dalğa səsi eşidən kimi gözünü aç!
Nağılçı - (Daşın üstündə oturub gözlərini yumur, arzusunu səsləndirir) “İstəyirəm dünyada elə tanınmış yazıçı olum, bütün dünya uşaqlar məni sevsin! Budur arzum! (Dalğa səsi gələn kimi Nağılçı gözünü açır).
(Səhnə dəyişir. Nağılçı ilə Şahzadə mağara ilə yol gedir. Yol kəskin şəkildə üzüaşağı gedir. Birdən sürüşkənləşir, onlar sürətlə xeyli üzüaşağı sürüşəndən sonra nəhayət çatırlar möhtəşəm bir mağaraya.
Nağılçı - Şahzadə, sən məni elə bil yerin altına gətirdin.
Qız - Bura yerin yox, dənizin altıdır.
Nağılçı - Aman Tanrım! Bu lap qorxuludur!
Qız - Narahat olma, bir azdan geri qayıdarsan. (qız barmağını, ağzının üstünə qoyub pıçıldayır) Xahiş edirəm yavaş danış!
Nağılçı - Baş üstə! (Nağılçı ayağa qalxıb həyəcanla aşağı baxır)
(Görüntü: Möhtəşəm mağara. Mağaranın içərisi yarıya qədər sudur. Aşağıda qəribə mənzərə. Orda su pəriləri üzür, dayanmadan iş görür. Mağaraya bir tərəfdən şəlalə kimi su axıb tökülür, digər tərəfdən su axıb gedirdi.)
Qız - İndi şahid olacaqsan ki, dənizdəki canlılar insanlardan niyə inciyib.
Nağılçı - Bura haradır, su pəriləri burda neyləyir?
Qız - Bura Balıqları Salafanlardan Xilasetmə Xəstəxanasdır! Su pəriləri balıqları xilas edir. Üstümüzə bəla gəlib. İnsanlar suya salafan torbalar atıb okeanları, dənizləri çirkləndirir. Suda görünməyən salafanlar balıqların qarnına gedir, qulaq pərlərinə dolaşıb onları məhv edir. Bu gün sən də balaca balığı xilas elədin, az keçsəydi, o da boğulacaqdı.
Nağılçı - Yaxşı gördüm, yoxsa az qalırdı ölsün. Su pəriləri balıqları necə xilas edir?
Qız - Balıqların qanadlarına, qulaq pərlərinə dolaşmış salafanları açır, onları xilas edirlər. Dəniz canlılarının çoxu salafanlara görə insanlardan üz döndərib.
Nağılçı - Amma insanlar arasında da faciənin həlli yolunu axtaranlar var. Çox ölkə rəhbəri ölkəsində salafan torba istifadəsini qadağan edib.
Qız – Qadağaların köməyi azdır. Salafanlar gündən-günə artır, balıqlar ölür. Atamın ürəyi bu dərdə dözmür.
Nağılçı - Kimdir atan?
Qız - Atam dəniz kralıdır!
Nağılçı - Dəniz kralı? (Bərkdən gülür) - Dəniz kralı nağıllarda olur!
(Aşağıda işləyən Su pəriləri səs eşidən kimi yuxarı baxır, Şahzadə ilə Nağılçı qadını görəndə hay-küy salırlar.
Qız - (bərkdən) Su pəriləri, sakit olun, bu insan dostumuzdur! Bu gün şahid oldum ki, o qızıl balığı necə xilas etdi. (Su pəriləri quyruqlarını suya çırpdı).
Qız – (yavaşca) Onlar səni alqışladı. (Sonra çıxışını davam edir). İnsan bu gün mənə şad xəbər verdi. Dedi, artıq hamı bilir ki, salafan torbalar canlıları məhv edir. Tədbir görməyə başlayıblar. İlk dəfə Fransa hökuməti salafan torbalardan istifadəyə qadağa qoyub. Sonra İngiltərə, Amerika da belə bir qərar çıxarıb. Ümidvarıq, tezliklə fəlakətdən qurtulacağıq!
Bunu eşidəndə Su pəriləri quyruqlarını suya elə bərk çırpırdılar, su hündürə qalxıb yağış kimi hamının başına töküldü.
Su pəriləri - (xorla) - Var olsun Kral! Var olsun Kraliça, Var olsun Şahzadə Mehin!
Nağılçı – (yavaşca) Aman Tanrım, balaca qız doğrudan Şahzadə imiş!
Qız – Vaxtdır, ayrılmalıyıq. Sən quruya get, mən suya. Qızıl daşla gəldiyin yolla qayıdacaqsan. Ürəyində xoş arzu tutmağı unutma!
(Şahzadə Mehin bunu deyib başını sağa-sola hərəkət etdirdi. Saçlarından ətrafa zərli su damcıları səpələndi. Qızılı paltarı islanan kimi əllərini qaldırıb yuxarıdan aşağıya tullandı. Suya çatmamış cüt ayağı təkləşdi, su pərisinə döndü.
Nağılçı - (Nağılçı daşın üstünə oturub gözünü yumdu, arzusunu dedi) - “Qoy dənizlər, okeanlar təmizlənsin, balıqlar rahat yaşasın!”.
Nağılçı - Fransadan qayıdandan sonra da Şahzadə Mehini yaddan çıxarmadım.
Bir gün eşidəndə salafan torbalardan istifadə bütün ölkələrdə qadağan olub, sevindim. Sevincimi Şahzadə Mehinlə bölüşmək üçün Fransaya getdim. Həmin qərarın sürətini çıxarıb konvertə qoydum. İçərisinə bir neçə qızılgül ləçəyi atdım. Konverti aparıb Qızıl daşın altına qoydum.
Əmin idim ki, Şahzadə onu mütləq oxuyub Su pərilərinə şad xəbər verəcək, onlar da sevincdən quyruqlarını bərkdən suya çırpacaqlar.
Müəllif: Gülzar İbrahimova