Bu yaz oxumur quşlar,
Yaman qəmgindi onlar,
Nə qol-qanad açırlar,
Nə də şən-şən uçurlar.
Biz bilmirik bəlkə də,
Quşların da cəbhədə,
Həlak olanları var...
Ona görə bu bahar,
Heç cəh-cəh vurmur quşlar...
Bəlkə qanlı davada,
Bala yatmış yuvada,
Bir od saçan mərmidən
Yuva od tutub yanmış...
Ana balasız qalmış...
O gündən yazıq ana,
Həmişə sızıldamış,
Bir daha oxumamış,
Daha cəh-cəh vurmamış...
Ölümdür müharibə!
O haqlı, haqsız bilmir,
O cavan, qoca bilmir,
Uşağa rəhmi gəlmir...
Məhv edir arzuları,
Yox edir canlıları..
Yaxşını da öldürür,
Yamanı da öldürür...
Zülmətdir müharibə,
Dəhşətdir, müharibə,
Gəlin, qoruyaq sülhü,
Olmasın müharibə!
Müəllif: Gülzar İbrahimova