Gəlin, hamımız ana dilimizdə danışaq ki, bir birimizi yaxşı anlayaq. Dilimizi sevək,əzizləyək, qoruyaq!
Ana dilim! Sən bütün dillərdən ucasan! Həmişə uca qal, olduğun kimi!
Ana dilimizi sevək! Ana dilini sevmədən onu yaxşı öyrənmək olmaz, bu dildə gözəl danışmaq da olmaz. Necə ki, Vətəni sevmədən, onu yağıdan qorumaq mümkün olmadığı kimi.
Ana dilim! Doğma dilim! Sən dünyanın bütün dillərindən şirinsən. Çünki öz dilim, ana dilimsən.
Anam məni ilk dəfə ana dilimdə danışdırıb. Mən dilimə xəyanət edib başqa dili ana dilimdən çox sevə bilmərəm. Ayrı dil öyrənərəm, danışaram da, amma heç vaxt onu öz dilimdən üstün tutmaram.
Ana dilimizdə düşünək ki, qəlbimiz, ruhumuz sevinsin.
Balalarımızı ana dilimizdə əzizləyək ki, balalarımız ata-analarını, nənə-babalarını yaxşı anlasın, onlarla bir dildə danışsın, ruhu milli, əqidəsi möhkəm olsun, Vətənini, elini-obasını sevsin.
Ana dilimizdə sevək, sevgimiz yalandan uzaq olsun. Cavan ailələrimizin əhdi-peymanı möhkəm olsun ki, ocağı daima isti qalsın.
Balamıza ana dilimizdə layla deyək ki, beşikləri sakit-sakit yırğalansın, yuxuları şirin olsun.
Balalara ana dilini mükəmməl öyrədək ki, nənələrin öyüdünü, babaların nəsihətini anlaya bilsinər.
Əjdadlarımızın bizə əmanəti olan ana dilimizi qoruyaq ki, bu dildə danışan, kindən-küdurətdən çox-çox uzaq olan elimizi-obamızı, canımız olan - AZƏRBAYCANIMIZI qoruyaq!
Müəllif: Gülzar İbrahimova