Sülhə salam

 

Bir təyyarə düzəltdim,
Üstünə də bir qəşəng
Göyərçin şəkli çəkdim
Qanadları ağappaq
Üstü üç rəngli bayraq
Adı da var “Sülh gəmisi”
Sülhə səsləyir hər kəsi

Göyərçin təyyarəmlə
Dünyanı gəzəcəyik
Ac qalan uşaqlara
Yemək  göndərəcəyik
Əlləri donanlara
Yun əlcək verəcəyik.


Göyərçin təyyarəmin
Bombası da olacaq
Nahaq savaşanların,
Dava axtaranların
Silah toplayanların
Sursat anbarlarını
Özü bombalayacaq.

Qoy dünyada heç bir kəs
Müharibə etməsin
Heç bir böyük kiçiyi
Ağladıb incitməsin!

Dünyanı gəzəcəyik
Göyərçin qanadından
Dünyanın hər yerinə
Çoxlu sülh səpəcəyik
Dava-dalaş bitəcək
Uşaqlar sevinəcək
Əl edib bizə onlar,
“Sülhə salam! ”, deyəcək

 

                             Müəllif: Gülzar İbrahimova