Günəş Ayı danladı



Səmada rastlaşdılar,
Dünyadan danışdılar.
Çəkərək dərindən ah,
Günəşdən soruşdu Ay:
-    Sən gəzirsən dünyanı, 
İsidirsən hər yanı, 
Ey işıq saçan mələk,
Necə edim sənin tək,
Mən də par-par parlayım,
Hər yana nur paylayım?
 
Günəş dedi: - Gözəl Ay!
Sənin də parıltın var,
İşıq saçan donun var.
İşgüzar olsan əgər,
Arzun həyata keçər,
Sən də işıldayarsan, 
Hər gün şölə saçarsan.

Sən çox vaxt əsnəyirsən,
Göydə mürgüləyirsən, 
Bürüyürsən gecəni,
Qaranlığa, zülmətə. 
Yaxşı ki ulduzlar var,
Yerə nur saçır onlar,
Yoxsa dünya hər gecə, 
Qap-qaranlıqda qalar.

Ay bilmədi nə deyə,
Başını dikdi yerə,
O, səhvini anladı,
Günəş onu danladı:
-    Bütün işini atsan, 
Gün ərzində çox yatsan,
Olarsan qaraqabaq, 
Rəngin olar ağappaq.
Qayda ilə iş görsən,
Vaxtın qədrini bilsən,    
Sən də par-par yanarsan,
Həmişə nur saçarsan.    
Bil, yatmağı sevən kəs,
Heç vaxt parlaya bilməz! 

 

                                Müəllif: Gülzar İbrahimova