Çiçəkli, yazlı Vətən!    

 

Bahar, sən nə gözəlsən!
Hər dəfə gələndə sən,
Mən də coşub-daşıram, 
Sənə nəğmə qoşuram!

Qaranquş sənlə gələr,
Yazdan müjdə gətirər,
Qoşular ona quşlar, 
Cəh-cəhlə oxuyarlar. 

Qıpqırmızı lalələr,
Yamaca düzülərlər, 
Elə bil düzə güllü, 
Əlvan xalı sərərlər.

Qönçə açar ağaclar, 
Ağappaq olar bağlar,
Çiçək açar gül, çəmən,
Hansından danışım mən?

Gül-çiçəyi çağırar, 
Hava yaz ətri qoxar,
Bahar ləçəklərindən, 
Düzə çələng toxuyar.

Hətta tikanlı kollar, 
Dalayan gicitkanlar, 
Qarağatlar, moruqlar, 
Yazda çox gözəl olar!

Təbiət belə vaxtlar,
Adamı heyran qoyar! 
Çox güman uçar bu an,
Qanadı olsa insan!

Başı qarlı zirvələr, 
Möhtəşəm mənzərələr,
Hər şey göz önündədir,
Mənim Vətənimdədir!

Bu yerdə mən ürəkdən 
Uca səslə deyirəm:
"Çiçəkli yazınla sən,
Vətən, necə gözəlsən?!".                                                    

 

                                 Müəllif: Gülzar İbrahimova 
 


 

Laylay ay canım, gözüm

Bəxtəvər qarışqa

Dünyanın bir arzusu var

Toppulu-topuş küftələr

“Oğul”, - dedi mənə Vətən


NÖVBƏTİ SƏHİFƏ