Var ol, ey gözəl Çinar! 

 

Elə ki əsdi külək,
Qorxdu bala Kəpənək,
Başladı ağlamağa,
Köməyə çağırmağa. 

Çinar gördü ki Külək,
Hara gedir Kəpənək,
Düşür onun izinə,
Torpaq atır gözünə.

Dağıdır saçlarını,
Əzir qanadlarını,
Onu tez xilas etdi, 
Oyuğunda gizlətdi.

Qoca Söyüd kükrədi,
Küləyə belə dedi:
-    Sakit ol, bəsdir əsdin,
-    Sən nəfəsləri kəsdin.

Toz-tozanaq qaldırdın, 
Suları bulandırdın.
Hamı səndən çəkinir, 
Böcək, quş uça bilmir.

Bu vaxt Külək dəyişdi,
Utanıb sakitləşdi.
Kəpənək olub çox şad,
Uçaraq çaldı qanad.

Söylədi: - Gözəl Çinar,
Qol-budaq at, lap çoxal!
Çox yaxşı bilirəm mən,
Xeyirxahlıqdır peşən,

Sən hamını istidən, 
Günəşdən qoruyursan,
Salxım yarpaqlarınla, 
Sərinlik yaradırsan.

Var ol, Ey, Qoca Çinar!
Var ol, Ey Gözəl Çinar!

 

                           Müəllif: Gülzar İbrahimova