Nağıllar, nağıllar...

                                                   

Nağıllarda uydurmalar, yalanlar var, hamı bilir,
Bəs nə səbəbdən görəsən nağılları hamı sevir...
Uşaqlıqdan eşitmişik, nənələrdən, babalardan,
Heç indi də biz doymuruq, nağıllardan, dastanlardan!

Nağıllarda həm sevinc var, həm kədər var, 
Həm ağladan, həm güldürən, böyük sirr var.
Bəlkə elə ona görə nağılları biz sevirik, 
Oxuduqca oxuyuruq, dinlədikcə dinləyirik...

Bəlkə orda dəbdəbəli saraylar var, padşahlar var, 
Saraylarda çoxlu-çoxlu xəzinələr, qızıllar var,
Bəlkə elə dəbdəbəni, xəzinəni biz sevirik,
Yox, nağılda kasıb da var, kasıba kömək edirik!

Dənizlər var nağıllarda, dəryalar var, aşıb-daşır,
Nağıllarda heyvan var ki, insan kimi dil danışır,
Bir fikir ver hər nağılda pislə-yaxşı qarşılaşır, 
Pisi məğlub etmək üçün yaxşı onunla savaşır. 

Nağıllarda şirinlik var, nağılları hamı xoşlar,
Ta qədimdən hər bir elin, öz sevdiyi nağılı var,
Qulaq assaq biz dünyaya, o bizə nağıl danışar, 
Bütün dünya, dünyadakı, yaxşılarla yaxşılaşar!

 

                                                              Müəllif: Gülzar İbrahimova