(hekayə)
Eliş və Gülüş bağçaya gedirdilər. Eliş bir az böyük yaşlı uşaqların, Gülüş isə kiçik yaşlı uşaqların qrupunda idi.
Bayramdan sonra birinci gün idi ki, hamı bir yerə yığılmışdı. Tərbiyəçi uşaqlarla söhbət edir, bayramı kimin necə keçirdiyini soruşurdu. Ən maraqlı söhbət isə Gülüşlə alındı. Tərbiyəçi Gülüşə çatanda soruşdu:
-Gülüş, bəs sən bayramı harda və necə keçirdin?
Gülüş bayramda kəndə nənəsigilə getmişdi. O kənddən elə maraqla danışırdı ki, bütün uşaqlar da ona diqqətlə qulaq asırdılar. Birdən Gülüş dedi:
-Çənddə evimizə ayı ciymisdi, mən onu çölə saydım.
Tərbiyəçi də uşaqlar da Gülüşün sözlərinə ürəkdən güldülər. Uşaqlardan biri dedi:
-Gülüş, sənin necə gücün çatdı o boyda ayını qovdun?
Tərbiyəçi dedi:
-Axı uşaqlar sənə diqqətlə qulaq asırlar, adam yalan danışmaz, Gülüş!
Gülüş pərt oldu. Onu ağlamaq tutdu:
-İnanmıysınız Elişdən soyuşun! O da mənnən kəndə getmişdi, -dedi.
Tərbiyəçi Elişi çağırdı ki, heç olmasa Eliş Gülüşün dediklərini uşaqlara o əməlli başa sala bilsin. Eliş nədən söhbət getdiyini bilən kimi onu da gülmək tutdu:
-Müəllimə, Gülüş heç nəyi özündən uydurmur. Bu hadisə həqiqətən də olub. Gülüş doğrudan da Arını otaqdan qovub, amma ayını yox. O təkcə «r» hərfini deyə bilmir, onun əvəzinə «y» deyir. Uşaqlar təzədən gülüşdülər. Bu dəfə Gülüş də onlara qoşuldu.
Müəllif: Gülzar İbrahimova