(hekayə)
Bu gün bayram idi. Nadir çoxdan eşitmişdi ki, martın 8 –də bütün anaların bayramı olacaq. Həmin gün atası evə böyük bir dəstə gül gətirdi. Onu Nadirin anasına verib, bayramını təbrik elədi.
Sonra Eliş həyətə düşəndə fikir verdi ki, çoxları əlində hədiyyə və güllə evə gəlir. Nadir də anasına hədiyyə etmək qərarına gəldi. Amma onun hədiyyə almağa pulu yox idi. O, fikirli-fikirli evlərinin yanındakı bağda gəzməyə başladı.
Birdən gözləri ağacın dibində bitmiş ağ güllərə sataşdı. Onlar çox gözəl idilər.
Nadir sevindi: «Bu gülləri yığıb anama hədiyyə edərəm, həm də bayramını təbrik edərəm».
Belə fikirlə Eliş gülləri səliqə ilə topladı. Onlardan balaca bir dəstə düzəltdi. Tez evə qaçıb gülləri anasına verib dedi:
- Ana, sənin 8 Mart qadınlar bayramını təbrik edirəm!
Sevda xala gülləri görəndə sevincdən gözləri yaşardı. Onları qoxlayıb dedi:
- Oğlum, sən belə gözəl gülləri haradan toplamısan? Heç bilirsən bu güllər necə adlanır?
- Nədir ana? - deyə Eliş maraqla soruşdu.
Ana gülləri məhəbbətlə oxşayıb danışmağa başladı:
- Novruzgülü! Bu güllər müqəddəsdir. Onlar baharın gəlişini bildirən ilk xəbərçilərdir. Bu çiçəklər hətta qarın altında cücərməyə başlayırlar. Qarlar əriyən kimi də başlarını qaldırırlar. Bu güllərə «qargülü» də deyirlər. Bu güllərlə sən evimizə bahar təravəti, həm də Novruz bayramının ətrini gətirdin. Çox sağ ol!
Eliş anasını hələ bu qədər sevinən görməmişdi. Ona görə özü də çox sevindi.
Müəllif: Gülzar İbrahimova