Palinanın gülər üzü

 (hekayə)   


 Boqdan qapıdan girən kimi Alinanı qucaqlayıb həyəcanla dedi: 
- Allaha şükür, sizi salamat gördüm! 
Alina hıçqıra-hıçqıra dedi:
-    Mən də səndən nigaran idim...
-    Ağlama, tez yığışın, getməliyik!
Alina heç nə soruşmadan yığışmağa başladı. O başa düşürdü ki, gecəki bombardımandan sonra evdə qalmaq çox təhlükəlidir. Çarpayıya yaxınlaşıb Denisi oyatdı:
- Oyan, oğlum, getməliyik.  
- Ana, yatıram, yuxum gəlir. – deyib yatağında o yana çevrildi.  
- Ürəyim mənim, balaca günəşim, oyan, getməliyik!
- Azca yatım, duraram. 
Bu dəfə atanın səsi gəldi:
- Qalx, Denis, getməliyik! 
- Ata, gəlmisən? Nə yaxşı…
Boqdan artıq bir həftə idi evə gəlmirdi. O, müharibə başlayan kimi şəhəri rus qoşunlarından qorumaq üçün könüllü cəbhəyə getmiş, Kiyevin küçələrində barrikada quranlara qoşulmuşdu. Gecə qəsəbələrinə raket düşdüyünü eşidib ailəsini təhlükəsiz yerə aparmaq üçün evə qayıtmışdı. Onlar Mariopol şəhərinin Lamakino qəsəbəsində yaşayırdılar.  
Ata Denisi qucaqlayıb silkələdi:
-    Gəlmişəm sizi aparım. Oyan, geyin, tələsirik.  
Denisin gözü gah yumulur, gah açılırdı. Birdən o gözünü tam açıb qlşqırdı:
- Baxın, orda nəsə yanır…
Ana pəncərə səmtə ötəri baxıb həyəcanla dedi:
- Yanır, görmüşük, sən də tez geyin, çıxmalıyıq.
- Niyə ev yanır ki? Uşaqlar kibritlə oynayıb, ona görə? 
Ana oğlunu geyindirə-geyindirə dedi:
- Yox, səni başa salmışıq axı, müharibədir, ona görə. 
- Onda zəng edək, Palina da bizimlə gəlsin. Deyirdi müharibədən çox qorxur. Ölmək istəmir. 
Ana səsi titrəyə-titrəyə dedi:
- Yox zəng eləmə. Xahiş edirəm, daha heç nə demə, onsuz da başımı itirmişəm.
- Yaxşı, onda Makarı oyadım, toxunma jiletini geyindirim. Yerdə qar var. Ona soyuq olmasın. 
- Yox, vaxtımız azdı. Hara ki biz gedirik, ora itləri qoymurlar. 
- Ana, xahiş edirəm, Makarı aparaq. Mən Makarsız darıxaram.  
- Olmaz! 
Denis elə ağıllı, anlayan uşaq idi, valideynləri ona ,“olmaz”, kəlməsini çox az-az işlədirdi. İndi deyilən “olmaz” sözü elə bil şillə kimi Denisin üzünə dəydi. O, həm ağlamağını gizlətmək üçün, həm də dişlərini yumaq üçün vanna otağına keçəndə anası soruşdu:
-    Hara gedirsən?
-    Dişlərimi yumağa!
-    Yuma, vaxtımız azdı. Geyimlisən, qolların islanar. Sonra yuyarsan. 
Denis buna da məəttəl qaldı. İlk dəfə idi ki, yuxudan duranda ata-anası onu dişini yumağa qoymurdu. 
Denis qapıya yaxınlaşdı, onu aralayıb, Makarın yuvasına tərəf baxdı. Ata-ananın yığışmağa başları qarışmışdı. Makarın yemini götürüb həyətə qaçdı. İtin yuvasını açıb qabına yem tökdü. Makar hər səhər yemini yeyər, sonra isə Denisin üstünə atılıb onun üz-gözünü yalayardı. İndi isə Makar yem səmtə baxmadan atılıb Denisin üz-gözünü yaladı, zingildədi. Denis onu öpdü, tumarlayıb əzizlədi:
-    Biz gedirik, getdiyimiz yerə səni aparmırıq. Ora itləri buraxmırlar. Amma sən darıxma, biz qayıdacağıq. Mən səni tək qoymayacağam. 
Hava azca işıqlanırdı ki, Boqdan, Alina və Denis evdən çıxdılar. Atanın hər iki əlində ağır çamadan, çiynində avtomat vardı. Makar onların ardınca qaçanda Boqdan ona çımxırdı:
-    Otur, Makar, otur… Olmaz, olmaz… Otur… 
Denis atasına heç nə deməsə də, ata Denisin yalvarışlı baxışlarını görüb astaca  dedi:
-    Olmaz, oğlum, olmaz…
İt çəkilib arxa pəncələri üstə oturdu. Denisə baxıb zingildədi, zingildədi… Denis kövrəlsə də, atasından çəkinib ağlamadı. Baqdan həmişə deyərdi: 
-    Kişilər ağlamaz. Onlar çətinə düşəndə göz yaşı axıtmamalı, çıxış yolu axtarmalıdırlar. Qadın, qız ağlasa, ayıb sayılmaz, çünki, onlar zərif olur.
Alina son dəfə dönüb evlərinə baxdı, sonra yoluna davam elədi. Denis isə dostu Polinanı görmək ümidi ilə onların evinə tərəf baxdı. Amma bir yandan çiskin, bir yandan tüstü, heç nə görə bilmədi.  
Yolda onlara çoxlu adamlar qoşuldu. Aralarında əsgərlər də vardı. Əsgərlər camaatı tələsdirir, amma lazım olanda onlara kömək də edirdilər. Denis gördüklərindən dəhşətə gəlmişdi. Hələ bu vaxta qədər o, anasının bu qədər ağladığını görməmişdi. Onlarla gedən qadınların çoxu ağlayırdı. Bir xeyli yol gedəndən sonra Denis yoruldu. Anasını qucaqlayıb dedi:
-    Yoruldum, ayaqlarım ağrıyır, gedə bilmirəm!
 Boqdan Alinadan soruşdu:
-    Sən çamadanın birini apara bisəydin, mən Denisi qucağıma alardım. 
-    Əlbəttə, ikisini də apararam. Sən uşağı götür, yazıqdır, gedə bilmir. 
Bir xeyli qarlı yolla gedəndən sonra qarşılarına çay çıxdı. Çay dərin olmasa da, sürətlə axırdı. Çayı keçmək üçün körpü yox idi. Əsgərlər quru budaq yığdılar, hardansa taxta tapıb gətirdilər. Sonra iri daşları çaya düzdülər, üstünə də taxta, budaq qoydular. Körpü kimi keçid düzəltdilər. Camaat körpünün üstünə çıxan kimi taxtalar əyilir, adamların ayağı islanırdı. 
Başqa yol yox idi. Əsgərlərin dediyinə görə rus tankları dörd yandan Mariopola hücum eləmişdilər. Uşaq Nevroloji xəstəxanasını, şəhərin mərkəzindəki böyük doğum evini raketlə dağıtmış, sonra yaşayış binalarını bombalamağa başlamışdılar. 
Əsgər bunları deyəndə bir qoca həyəcanla qışqırdı:
-    Dəhşət! Bu tarixdə görünməmiş bir genosiddir!
Hamı bir səslə, “düzdür, düzdür”, dedi. Denis atasından soruşdu:
-    Ata, genosid nədir?
Denis atasından nə soruşsaydı, ata onu aydın başa salardı. Bu dəfə ata başını bulayıb dedi:
-    Oğlum, böyüyəndə bunu özün başa düşəcəksən!
İndi hamının ümidi bircə ona qalmışdı ki, tez sərhəddə çatıb başqa ölkəyə keçsin. Sərhəddə çatmağa isə hələ iki saatdan çox yol qalmışdı. Körpüdən keçəndə Baqdan Denisi qucağından yerə qoyub dedi:
-    Düş qucağımdan, İkimiz ağır olarıq, taxtalar ağırlığa dözməz, əyilər, paltarlarımız islanar. Amma əlimdən buraxma, çaya yıxılarsan. 
Nazik taxtalardan düzəldilmiş yalançı körpünün üstündən o qədər adam keçirdi, taxtalar davam gətirmir, suyun içərisinə batırdı. Hamının ayaqqabısı, ayağı buz kimi su ilə dolurdu. Amma heç kəs səsini çıxarmırdı. Boqdan Denisi çaydan keçirtdi ki, qayıdıb Alinaya kömək eləsin. Denis çayı keçəndə ağlamsındı:
-    Ata, ayaqlarım islandı.  
-    Bir az döz, anaya da kömək edim, çamadanları çaydan keçirək, corabını dəyişərik.     
Denis soyuqdan səsi titrəyə-titrəyə “yaxşı”deyib, çayın suyuna baxa-baxa səbrlə ata-anasını gözlədi. Onlar gələnə qədər birtəhər dözdü. Soyuq ayaqlarını elə bil bıçaq kimi kəsirdi. Anası yaxınlaşanda isə özünü saxlaya bilmədi. Anasına qısınıb ağlaya-ağlaya dedi:
-    Ayaqlarım soyuqdan ağrıyır, çox bərk ağrıyır. 
Alina balasını qucaqlayıb onun, yaş ayaqqabılarını soyundurdu. Çamadandan corab çıxarmağa vaxt yox idi. Onları gözləyən avtobusa çatıb, bombardımandan canlarını qurtarmalı idilər. Vaxt az idi. Ana Denisin yaş corablarını da soyundurdu, ayaqlarını azca ovuşdurdu. Başından papağını çıxarıb Denisin hər iki ayağını onun içərisinə salıb isitdi. Denis sakitləşdi. 
Baqdan çamadanları yerə qoyub yenə oğlunu qucağına aldı. Denisin ayaqlarının ağrısı azaldı, o sakitləşdi. Çaydan keçəndə çoxunun ayağı islanmışdı deyə, buzlu yol ilə getməkdən hamı ağrıdan axsayırdı. Əsgərlər neçə qocanı çiyinlərində aparırdı. Qocalar sakitləşmir, dayanmadan dua edir, bu bəladan tezliklə qurtarmaq üçün Tanrıya yalvarırdılar. 
Nəhayət ki, çox əziyyətdən sonra şüşələri bombardımandan sınıb-tökülmüş bir avtobus gördülər. Avtubus gecədən onları gözləyirdi. Pəncərəsiz avtobusla, şaxtalı külək üzlərinə vura-vura, soyuqdan əsə-əsə yarım saatdan çox yol gedib, nəhayət ki, sərhəddə çatdılar. 
Polşa ilə sərhəddə çox adam var idi. Hamı tezliklə sərhəddən keçib, müharibənin dəhşətindən uzaqlaşmağa çalışırdı. 
Alina Denisin əlindən möhkəm tutmuşdu ki, onu itirməsin. Keçid məntəqəsində böyük izdiham və növbə var idi. Səs küydən qulaq tutulurdu. Ukrayna əsgərləri ailə-uşaqlarını bombardımandan, müharibə gedən şəhərlərdən uzaqlaşdırmaq üçün onları Polşaya yola salırdılar. Gömrükçülər camaatı tələsdirirdi ki, bir gündə sərhəddi çox adam keçə bilsin. 
Sərhəddə qucaqlaşan kim, ağlaşan kim… Əsgərlərin çoxu ailəsini yola salıb vuruşmaq üçün təzədən geri qayıdırdı. Denis həyəcan içərisində ətrafa baxanda birdən uzaqdan Makarı görüb sevincək qışqırdı:
-    Makar, mən burdayam! Bura gəl! 
Etibarlı it qarlı yol ilə avtobusun izinə düşüb sərhəddə qədər qaçıb sahiblərini tapmışdı. Denis onu uzaqdan gördü. Makar bir təpəyə qalxmış, ordan – yüzlərlə, bəlkə də minlərlə camaatın içərisindən Denisi tapmışdı. Denisi görən kimi tez qaçıb onun yanına gəldi. Denis sevinib Makarı qucaqladı. Makar onun üzünü yaladı. Denis bir az sakitləşdi. Bayaqdan çox həyəcan keçirirdi ki, bir gündə iki dostundan – Palinadan və Makardan ayrıldı. Bu ayrılıq onu üzürdü. 
İndi Makar onu axtarıb tapmış, Denis onu qucaqlamışdı. Bir an Denisin ürəyindən keçdi:
-    Kaş indi Palina da burda olaydı… Həmişəki kimi üçümüz birlikdə olaydıq!
Növbə uzun çəksə də, Denis Makarla vaxt keçirdiyindən darıxmadı. Ayaqqabısı yaş olsa da Denis onu hiss etmirdi. Anası ona təzə corab geyindirmiş, ayağına da salafan torba keçirtmişdi ki, ayaqqabının yaşı corabına dəyməsin, ayaqları isti qalsın. 
Növbə onlara çatanda Boqdan sevimli arvadını və oğlunu öpüb Alinaya dedi:
-    Darıxma, özündən, bir də oğlumuzdan muğayat ol. Biz mütləq qələbə qazanacağıq. 
-    Əlbəttə, mən buna inanıram, –  deyib Alina əlcəklərini çıxartdı. Göz yaşı içərisində Baqdanın üzünü tumarladı. 
-    Ata, biz nə vaxt evimizə qayıdacağıq?- Denis atasından soruşdu.
-    Düşmənləri vətənimizdən çıxardacağıq, onları öz ölkələrinə qovacağıq, şəhərimizi düşmənlərdən tərtəmiz təmizləyəndən sonra sizi çağıracağıq. Qayıdarsız, biz yenə birlikdə yaşayarıq. İndi siz başqa ölkəyə gedirsiz. Orda mənim yerimə anandan muğayat olarsan. Sən mənim qorxmaz, igid oğlumsan!
-    Yaxşı ata, Polinanı  görsən deyərsən mənimlə vatsaapla danışsın.    
-    Yaxşı. – Deyib ata üzünü çevirdi. O daha danışa bilmədi. Polina Denisin uşaqlıq dostu idi. Onlar bağçaya da bir getmişdilər. Denis birinci, Polina ikinci sinifdə oxuyurdu. Bir-birlərini o qədər çox istəyirdilər… Polina, Denis Makar bir yerdə çox maraqlı vaxt keçirirdilər. 
Ötən gecənin bir yarısında Polinagilin evindən bir az aralı balistik raket düşmüş, onun zərbəsindən Polinagilin evi sanki yerin altına girmişdi. Ən dəhşətlisi isə o idi ki, ata-ana, Polina da həmin an evdə olmuşdular. 
Alina və Denis gecə səsə oyanmışdılar. Denis nə baş verdiyini dərk edə bilməyib təzədən yuxuya getmişdi. Alina Palinagilin evlərinin yerlə yeksan olduğundan gecə ilə xəbər tutdu. Zəng edib bunu Boqdana dedi. Yanğınsöndürənlər və xilasedicilər Aleksandrovlar ailəsindən heç kəsi xilas edə bilməmişdilər.¬ 
Polşa ilə sərhəddə gömrük işçiləri itin sərhəddən keçirilməsinə icazə vermədi. Bunun üçün xüsusi arayış istədilər. Denis bunu eşidəndə pərt olub peşman-peşman Makarı öpdü. Makar da gözlərini döyə-döyə sanki hər şeyi başa düşürmüş kimi Denisə baxıb başını aşağı salıb zingildədi. Qəribəsi o oldu ki, onu Makardan ayıranda altı aylıq küçüyün gözlərindən yaş axdı. Əlbəttə ki, Denis də,  özünü saxlaya bilmədi.                                                                                                                      Yoxlama-nəzarət məntəqəsindən keçən kimi Alina orda Annanı gördü. Anna da onların qonşusu idi. Onlar qucaqlaşıb ağlaşdılar. Anna əli ürəyində səsi qırıla-qırıla dedi:
-    Alina, bu nədir, Alina… Evimizdən, eşiyimizdən didərgin düşmüşük, ağlar qalmışıq… Lənətə gəlsin, bu qaniçən faşistlər! 
-    Yazıq millətimiz! Nə günahın sahibiyik ki, başımıza bu bəla gəldi…
Bu vaxt “Evronyus”ün müxbiri onlara yaxınlaşıb özünü təqdim etdi və sual verdi:
-    Ukraynanın hansı bölgəsindən gəlmisiz. Orda nələr baş verib, deyə bilərsiz? 
-    Bu dəhşətdir, çox xahiş edirik, dünyaya çatdırın, qoy xəbər tutsunlar. – Deyə Anna həyəcanla suala cavab verdi. Biz Mariopulun Lamakino qəsəbəsindənik. Qəsəbəmizi balistik raketlərdən atəşə tutub, evlərimizi dağıdırdılar. Biz də baş götürüb qaçmışıq. Bir raket qonşuluğumuzda Aleksandrovlar ailəsinin evinə düşüb yerlə yeksan elədi. Gecəyarısı bir ailə yox oldu. Yazıq Polina, qızcığaz, nə yaşı vardı… ikinci sinifdə oxuyurdu. 
Anna danışdıqca Alina oğluna baxırdı. O istəmirdi ki, Denis Annanın dediklərini eşitsin. Ata-ana Palinagilin başına gələn faciəni - Palinanın ölümünü Denisdən gizlətmişdilər. Onlar bilirdi ki, Denis Polinanı necə çox istəyir. Qızın ölümü Denis üçün böyük bir zərbə olacaqdı. Oldu da…
Denis Palinanın adını və Aleksandrovlar ailəsi sözünü eşidəndə hər şeyi başa düşdü. Başa düşdü ki, o daha əziz dostunu heç vaxt görməyəcək.  
Bir anlığa bilmədi neyləsin. Boylanıb Makarı axtardı. İstədi dərdini Makarla bölüşsün. Baqdan hələ getməmişdi. Dayanıb gözləyirdi ki, Alina ilə Denis sərhəddi tamam keçsinlər, sonra qayıtsın.       
Birdən Denis əlini anasının əlindən çəkib Makarın yanına qaçdı. Sanki Makar da bunu gözləyirmiş kimi yerindən sıçrayıb oğlana tərəf götürüldü. Baqdan “Makar, dur”, deyə qışqırsa da, onu dayandıra bilmədi. Denis qəflətən qaçıb sərhəddi Ukrayna tərəfə keçdi. Kömrükçülər bir-birinə dəydi. Onlardan biri uşağı tutmaq istəsə də, oğlan sürüşüb əlindən çıxdı. Makar Denisin qucağına atıldı. Denis Makarı qucaqlayıb qışqıra-qışqıra, ağlaya-ağlaya dedi:
-    Bizim dostumuz ölüb. Daha Polina yoxdur. Sən də onu axtarma. O heç vaxt qayıtmayacaq. Biz onu sevirdik. Elədir, Makar? Polina çox yaxşı idi. Onu öldürdülər. Palina hamını sevirdi. O bizim dostumuz idi. Müharibədən çox qorxurdu. Ölməkdən çox qorxurdu. Makar, Makar, biz Polinanı unutmarıq, yaxşı?
Gömrük işçiləri Denisi Makardan ayırıb anasının yanına qaytardılar. Heç kəs Denisi ovuda bilmədi. Heç vaxt ağlamayan Baqdan da ağladı. 
Alina ilə Denisi Polşada çox isti qarşıladılar. Onlara rahat, isti otaq verdilr. Denisin yeni dostları oldu. Sevimli itindən ayrıldığını eşidəndə ona gözəl bir küçük də hədiyyə etdilər. 
Amma Denis Lamakino qəsəbəsindəki evlərindəki xoşbəxt günlərini,  Palinanın gülər üzünü və Makarın yaşlı gözlərini heç vaxt unutmadı.    

 

                 Müəllif: Gülzar İbrahimova