(hekayə)
Bəlkə də heç bir insan, ömründə belə soyuq, belə şaxtalı qış görməmişdi. Adamı hər zaman isindirən yun paltolar da, qalın gödəkçələr də, nənələrimiz toxuyan əlcəklər də, həmin qış heç kəsi soyuqdan qoruya bilmirdi. Vaxtilə ana-nənələrimizin toxuduğu yun corablar, yun əlcəklər 1941-1945-ci illər Böyük Vətən Müharibəsi adlandırdığımız, mənasız müharibədə minlərlə sovet əsgərinin əllərini, ayaqlarını şaxtada donmaqdan qoruyurdu. Amma o dəhşətli ilin qışında heç bir geyim Xocalı camaatını isidə bilmirdi.
Bəlkə Azərbaycanımız həmin vaxt soyuqdan, şaxtadan yox, dünya ölkələrinin ona soyuqluğundan donurdu, yalanlardan, böhtanlardan donurdu, heç nə ilə isinə bilmirdi. Bəlkə də həmin qış ermənilərin qana susadığını insanlara qabaqcadan xəbər vermək istəyirdi. İnsan qanından göl yaranacığından xəbər verirdi.
İnsanlığın məhvinə yönəldilmiş dəhşətli Xocalı soyqırımını da ermənilər belə bir qış günündə təşkil eləmişdilər. Həmin günü 1992-ci ilin 22 fevral tarixini dünyanın ən pis erməni millətçiləri azərbaycanlıların təqvim tarixlərinə «Xocalı» soyqırımını insan qanı ilə əbədi yazdı. Tarix təkrar olunur deyirlər. Amma bəşər tarixində, ümumiyyətlə heç bir xalqın tarixində belə bir qanlı tarix olmayıb.
Həmin gün Xocalı camaatı bütün dəhşətləri öz gözləri ilə gördü. Qaniçən erməni quldurlarının murdarlıqlarını göstərən çox hadisələrin şahidi olsaq da, belə bir vəhşilik heç kəsin ağlına gəlmirdi. Xocalı camaatı ilə bərabər həmin dəhşəti bütün Azərbaycan yaşadı. Necə yaşadı, bir allah bilir. Rusların qəddar siyasəti və köməyi ilə öz düzəltdiyi silahları özünə tuşlanan Azərbaycan xalqı heç vaxt belə aciz, köməksiz olmamışdı. Öz qılıncımız öz başımızı parçaladı. Ürəyimizə sancıldı.
Hər bir Xocalı dəhşətinə, törədilmiş vəhşiliyə böyük bir kitab yazmaq olar. Danışacağımız hadisə bu dəhşətlərdən biridir.
Fevralın 28-də Xocalı camaatına hər kəs öz köməyini etməyə çalışırdı, kimisi onların sağ qalanlarına, kimisi ölənlərin daşınmasına kömək edir, kimisi onları qarşılayır, kimisi sığınacaq verir, kimisi pulla, kimisi ərzaqla, kimisi pal-paltarla, hərə gücü çatan bir şeylə Xocalı camaatına yardım etməyə çalışırdı. Evdə yemək hazırlayıb xəstəxanalara aparan ana-bacılarımız da az deyildilər. Heç nəyə gücü çatmayanlar isə evdə oturub onların halına ağlıyırdılar. Bəlkə də Azərbaycan torpağı tarix boyu bu qədər göz yaşı içməmişdi.
Həmin qanlı gündə dəhşət və müsibətlər içərisində hərə bir yolla canını xilas etməyə, yaxınlarına kömək etməyə çalışırdı. Böyük-kiçik bilməyən, qana susamış azğın düşmən heç kəsə aman vermir, qocaları, xəstələri öldürür, istədikləri adamları əsir götürürdülər.
Xocalıdan gələnlərə kömək edəndən sonra, camaat vertalyotlarla meyitləri də daşımağa başladılar. Ölənlərin içərisində soyuqdan donaraq, göyərmiş bir körpə də var idi. Deyilənə görə körpənin ata və anasını ermənilər öldürüblərmiş.
Bütün bu dəhşətlər içərisində köməyə qoşulmuş bir nəfər meyitləri basdıranda körpəni basdırmağa qoymadı. Tez onu maşına qoyub xəstəxanaya apardı. Həkimlər ona hər cür tibbi yardım göstərsələr də körpə ayılmadı ki, ayılmadı. Kor-peşiman körpəni təzədən basdırmağa aparan həmin adam əvvəlcə onu məscidə, yudurtmağa götürdü. Bu günahsız körpəyə heç bir köməyi dəymədiyinə görə acı hisslər və göz yaşları içərisində boğularaq körpəni mürdəşirə verdi. Körpəni isti su ilə yumağa başlayan mürdəşir görür ki, uşaq tərpənir. Bundan sonra o qaçıb uşağı gətirən adamı muştuluqlayır. Həmin adam sevincdən göz yaşları tökür. Bu adam xalqın sevdiyi müğənni, «Sona bülbüllər» mahnısının təkrarsız ifaçısı, Qədir Rüstəmov idi.
Dediyinə görə Qədirin həyatda ən xoşbəxt günü həmin gün olub. O körpəyə öz adını verib. Bu yenidən dünyaya göz açan körpənin ikinci adı idi.
Müəllif: Gülzar İbrahimova