(hekayə)
Kəlbəcərdə bir kənd var idi. Qeyrətlilər kəndi. Hər tərəfi sılıdırım qayalıqlar əhatəsində yerləşərdi bu kənd. Gecələr qayalığın başından
Dəhşət saçan qanunları, ölüm, qan qoxuyan qanunları.
Kənd qeyrət qalası idi. Buranın cavanları bacı namusu gözləmək, bacı qeyrəti çəkmək kimi qayğılardan azad idilər. Xoşbəxt yaşayırdılar. Bacıları bir kimsəyə ürək verməz, kimsəni sevməz, kimnənsə məktublaşmaz, bulaq başına görüşə getməz, çadırda toy çalınanda gizlin-gizlin çadırdan cavanlara boylanmazdılar.
Çünki, bu kənddə qız yox idi. Bəli, bu kənddə qız yox idi. Qızsız, bacısız qalmışdı kənd. Gülsüz-çiçəksiz qalmışdı, gülüşsüz, qəhqəhəsiz qalmışdı bu kənd. İçin-için ağlar qalmışdı bu kənd. Kəndin başbilənlərinin məsləhəti ilə.
Yazmağa əlim gəlmir. yazmamağa ürəyim. Amma yazıram, yazıram ki, bilməyənlər bilsin, yazıram ki, eşitməyənlər eşitsin. Anadan olan körpə qızları öldürərdilər bu kənddə. Bu qeyrət qalasında. Qeyrətli olardılar, güclənərdilər, körpə qızların canlarına qıydıqca. Körəpələri beşikdəcənə boğduqca. Başbilənlərə qulaq asdıqca əllərini qana batırar, yenicənə həyata göz açmış körpə qızları analarından zülmlə ayırıb ya boğar, ya diri-diri basdırar, ya da qarlı havada çöldə qoyub tələf edərdilər. Anaların göz yaşlarına məhəl qoymadan. Onların yalvarışlarına baxmadan.
Allahdan qorxmazdılar bu qeyrətlilər. Körpə qızlarını məhv etdikdən sonra daha da şax gəzərdilər. Sanki fəxr edərdilər. Ana yalvarışlarını, fəryadlarını, göz yaşlarını təbii sayardılar. Heç nəyə baxmazdılar. Təkcə başbilənlərin sözün eşidərdilər.
At çapar, güləşər, bir-birlərinə meydan oxuyardılar kişilər. Əsl kişi kimi. Çox güclü idilər. Hətta körpələrinə belə gücləri çatardı. Rəhmsizlikdən, qəddarlıqdan qan pərdəsi örtərdi onların gözlərini. Qıyardılar körpə, gücsüz məxluqlara. Hər «kişi» öz körpəsini özü boğardı.
Yadlarından çıxarardılar ki, körpəni Tanrı yaradıb və yaratdığı gündən onları müqəddəs mələklərə tapşırıb. Hər körpənin üstündə bir mələk qoyub.
Başbilənlərin ürəkləri daşa dönmüşdü. Onlar anaları qızsız, qardaşları bacısız qoyardılar. Nə Tanrıdan, nə Peyğəmbərdən, nə hakimdən nə axirət dünyasından qorxmazdılar. Namaz qılardılar. Allaha ibadət edərdilər. Hər kəlmələrində «Allah» işlədərdilər, bu allahsızlar.
Evlənmək istəyənlər, arvad qulluğundan xoşlanmaq istəyənlər, oğul atası olmaq istəyənlər isə gedib «biqeyrətlər» yaşayan kəndlərdən evlənərdilər. Qonşu kəndlərdən, qız övladlarını məhv etməyən, onları sevə-sevə böyüdüb ərsəyə yetirən kəndlərdən qız alıb gətirərdilər. Həmin qızı onlara verməyəndə isə ya qızı qaçırdar, ya da yerli dibli itirərdilər.
Qeyrətlilərə bələd olan bir kimsə qızlarını halallıqla həmin kəndin oğlanlarına ərə verməzdi. Qeyrətlilər qızları zorla özlərinə ömür-gün yoldaşı edərdilər. Həmin qızlar oğul doğardılar, ailə başçılarını xoşbəxt edərdilər, qız doğanda isə özləri bədbəxt olardılar.
Bir sirri var idi bu kəndin. Hər kəsən anadan olan qız körpəsini məhv etsəydi, onun ardınca onun 4-5 oğlu olardı. Elə bil Tanrı da qorxardı bu kəndin camaatının allahsızlığından, çəkinərdi bu qeyrətlilərə qız övladı verməkdən.
Bir evdə 8-9, bəzən də 10-12 oğlan uşağı olardı. Sevinərdi həmin külfətin başçısı. Tanrının onu çox istədiyinə görə. Çox oğlan payı verdiyinə görə.
Bu qədimdə, tunc əsrində olmuş hadisələr deyil. Sivilizasiyanın inkişaf eləmiş illərin faciələridi. 2000-ci ilin son illərinə qədər olan faciələr. Yağı həmin qeyrətlilərin kəndini viran elədiyi illərə qədər olan zamandı.
Amma həmin kişilər öz torpaqlarını yağıdan qoruya bilmədilər. Torpaq uğrunda ölmədilər. Yaşadılar. Yaşadılar ki, diri-diri cəzalarını çəkməkçün.
Bəlkə də elə bütün elimiz onların əməllərinin, törətdiklərinin, allahsızlıqlarının qurbanı oldu. Bəlkə elə ona görə qan gölməçələrini qurutmaq qisməti yazıldı taleyimizə. Oğullarımızın, uşaqlarımızın başlarını bir yerdən tapdıq, bədənlərini bir yerdən. Çox-çox cavanı torpağa pay verdik. Ondan da çoxuna qoltuq ağacı düzəltdik. Başı ləçəklilərimizi, gül kimi, çiçək kimi qızlarımızın qədrini bilmədik, onları yağıya əsir elədik. Qolu, beli sınmış kimi quruyub qaldıq. heç bir şey eləyə bilmədik. Başımıza nə gəldisə, «Tanrı sən özün keç bizim günahlarımızdan» dedik. Görəsən Tanrı günahlarımızdan keçdimi?
Bəlkə bu körəpələrin ahu zarıydı ki, başımıza sonsuz-saysız fəlakətlər gəldi. 20 Yanvar qırğınını gördük. Xocalı soyqırımında donmuş insanlardan dağ qurduq. Onların donu açılmaqlarını da gözləyə bilməyib basdırdıq.
Soyumuzun qırımı bəlkə ona görə baş verdi ki, biz bir-birimizin qədrini bilmədik. Oğul- atanın, ər-arvadın, qardaş-bacının qədrini bilmədi. Bəlkə taleyimizə bunların acısıydı yazıldı? Tanrı onu tanımaq istəməyənlərin sanki yadlarına salmaq istədi: «Allah var, onu tanıyın, yaddan çıxarmayın»!
Əsrin sonunda Allah zəlzələ adıyla Yurdumuzu, elimizi silkələdi. Dedi, dayanın! Allahınızı, dininizi tanıyın!
Bəlkə namuslu, qeyrətli, gözəl-göyçək, boy-buxunlu qızlarımızın fəryad, imdad səslərini eşitməməkçün özümüzü eşitməməzliyə vurduğumuza görə sinəmizə biri-birinin ardınca dağlar çəkildi?
Bəlkə çəkdiklərimiz əsir düşmüş qadınların ah-naləsinə görədir ki, həmin qadınlar ömürlərinin qara sonuna qədər əziyyət çəkdilər, evdə-çöldə işlədilər, neçə uşaq doğub, kasıblıqla böyütdülər, ərləri isə bütün günü heç bir iş görmədən çayxanalarda günlərini keçirtdilər. Yağı obalarına basqın edəndə elə çayxanadancana qaçıb canlarını qurtardılar. Dedilər ki, insan bir kərə dünyaya gəlir. Onda da özünü qurban vermək ağılsızlıqdır. Arvad-uşağı yağıya əsir verdilər. «Bütün rayonlar qəşəng qızlarla doludur», deyə fikirləşdilər, «Hansı qızı istəsəm ala bilərəm. Bundan ötrü candan keçməyə dəyməz», deyib düşmən qabağından qaçdılar.
Bəlkə azca sevgi tapmaq arzusu ilə görüşə çıxmış, sonda doğranmış bədəni zibillikdən tapılmış cavan bir qızın ahu-zarına görə zülmlər çəkdik.
Bəlkə sevilmiş, körpəsi ilə atılmış sonda ayaqlar altda qalmış qızlarımızın ürəklərinin üsyanına görədir başımıza gələnlər?
Bəlkə dırnaqları gedə-gedə palçıq düzəldib ev hörmüş və sonda naxələf oğul tərəfindən döyülüb evindən-eşiyindən bayıra atılmış qoca anaların ah-naləsinə görə Tanrı bizi bu boyda cəzalandırır. Bəlkə elə onlara görədir çəkdiklərimiz?
Hüquqları kişilərlə bərabər sayılan, əslində isə həmişə əzilən, hüquqsuz qadınların çıxmayan səsinin ah-naləsidir bəlkə, bizi yarı yolda qoyan?
Bəlkə elə qadınların çəkdiyi əziyyətlərdəndir ki, qız genləri günü-gündən zəifləyir. Bunu doğulan qızlardan, həkimlərin və ən nəhayət özümüzün müşahidələrimizdən açıq görmək olar. Baxın, qohum-əqrəbada bir başı sağlam, özü sağlam qız uşağı tanıyrsınızmı? Qızların əksəriyyəti ya xəstə olur, ya əsəbi, ya ürəkkeçməli, ya başı anadangəlmə zədəli və sairə, və sairə.
Analar, qızlardır hər bir millətin gələcəyi. Müqəddəs kitabda yazılıb: «Xanım və xanım qızlar uca Allahın qüdrət qələmiylə çəkdiyi, Camal ismiylə süslədiyi sevimli varlıqlardırlar. Onlar ibadət və itaətləriylə cənnət hurilərindən üstün, yetişdirdikləri imanlı nəsil səbəbiylə cənnət ayaqları altına səriləcək qədər çox ülvi bir şərəfə layiqdirlər.
Xanım qızlar yer üzündə yaradılan ilk insana yoldaş olan Həvva anamızın dəyərli qız övladları, fatehləri yetişdirən anaların qız övladlarıdırlar.
Peyğəmbərlərə analıq etmiş analar bir millətin və məmləkətin böyüklərini yetişdirən tərbiyəçiləridirlər.
Keçmişin və gələcəyin ən böyük dahi nəslini yetişdirmə ləyaqətinin sahibləridirlər. Onlar yurdumuzun dirəyi, qaranlıq dünyamızın çırağı, möhnət və kədərlə dolu ömrümüzün sevinc bulaqlarıdırlar. Gərək olarsa, yurdumuz və millətimiz üçün bir əsgərdirlər.
Xanım qızlar ədəb və namusun sadiq qoruyucularıdırlar.
Onlar nəsillərin artması üçün böyük Peyğəmbərin sevdiyi və sayğıyla yad etdiyi insanlardırlar».
Rəhmə gəlin, zülm sahibləri. Bu gündən rəhmə gəlin ki, bir varlıq kimi məhv olmayaq!!!
Görəsən bizim xanım qızlarımıza, xanım-xatın analarımıza etdiyimiz zülmü Tanrı bağışlayacaqmı? Bağışlayacaqmı?
Məhəmməd Peyğəmbərin müqəddəs bir kəlamı var. «Günahların bəzisini nə namaz, nə oruc, nə də həcc pak etmir. Onları ancaq və ancaq ağır cəzalar yuyur». Bəlkə də elə çəkdiklərimiz öz günahlarımızın ağır cəzasıdır ki, biz çəkirik.
Müəllif: Gülzar İbrahimova