Hovuzda

 (hekayə) 
     
Uşaq idman sağlamlıq mərkəzi Elnarla Telligilin evlərinin yaxınlığında yerləşirdi. Mərkəzdə böyük hovuz vardı. Elnarla Telli hovuzda çimməyi xoşlayır, tez-tez hovuza çimməyə gəlirdilər. 
Elnar artıq yaxşı üzməyi öyrənmişdi. Telli isə hələ yaxşı üzə bilməsə də yavaş-yavaş dostuna baxıb öyrənirdi. 
Hovuz böyük olduğundan Telli dərinə getməyə qorxur, yalnız hovuzun bir küncündə üzməyi öyrənirdi. 
Bir gün Elnarla Telli hovuzda olarkən qəribə bir hadisə baş verdi. Reproduktorla uşaqların məşqçisi Sveta müəlliməni çıxışa çağırdılar. Sveta müəllimə uşaqları yaşca hamıdan böyük olan və yaxşı üzməyi bacaran Mahirə tapşırıb çıxdı. Mahir hovuzun yuxarı başında idi. Tellinin yanında dörd-beş  yaşlı balaca oğlan var idi. Bununla neçənci dəfə idi ki, həmin uşaq Elnar və Telli ilə bir vaxtda üzməyə gəlirdi. Üzə bilməsə də  üzməyi öyrənmək üçün ağ penoplastırdan tutub çapalayır, üzmək öyrənirdi. Çox zəhmətkeş uşaqdı. Adı Seymur idi. Seymur özündən böyüklərə diqqət edir, onlar kimi üzməyə çalışırdı. Hamıdan balaca olduğundan, qrup uşaqları ona xüsusi diqqət yetirirdilər. Hamı bildiyini ona öyrətməyə çalışırdı. O isə məşqçiyə də, uşaqlara da diqqətlə qulaq asır, onlar kimi üzməyə çalışırdı.      
Birdən Telli baxdı ki, Seymurun əlindəki penoplastr iki yerə bölündü və o  suda çapalamağa başladı. Telli elə başa düşdü ki, Seymur az da olsa üzüb  yaxınlıqdakı ipdən tuta biləcək. Amma birdən Telli gördü ki, Seymur suyun altına düşür. O, tez səsləyib Sveta müləliməni köməyə çağırdı. Sveta müəllimə isə hovuz ətrafında yox idi. 
Seymurun yaxınlığında da Tellidən başqa kimsə yox idi.  Onda Telli bir aralıda üzən  Elnarı köməyə səslədi: 
-Elnar, tez bura gəl, Seymur boğulur.
Elnar ona tərəf döndü. Telli qışqıraraq nəsə deyir və suyu göstərirdi. Hovuzdakı uşaqların  səs-küyündən Elnar heç nə başa düşə bilmədi: 
-Başa düşmədim nə deyirsən, gözlə yaxınına gəlim, - dedi və Telliyə tərəf üzməyə başladı. 
Elnar onu yaxşı eşitməsə də Tellinin həyəcanlı çağırışından nigaran oldu. Yaxınlaşanda isə Tellinin göstərdiyi yerə baxanda həyəcandan bir anlığa dondu. Seymur yavaş-yavaş suyun dibinə düşürdü. Elnar dönüb bir Mahir tərəfə, bir də hərəkətsiz suyun dibinə gedən Seymura baxdı. Əgər Mahiri çağırsaydı, Mahir onu eşidənə qədər, dediyini başa düşənə qədər vaxt keçəcək, bəlkə də Seymuru xilas etmək gec olacaqdı. Bunu fikirləşib dərindən nəfəs aldı. Gözlərini bərkdən açıb suyun dibinə baş vurdu. 
Bir anda Seymurun saçlarından yapışıb onu suyun üzərinə çıxartdı. Telli də çatıb ona kömək elədi. Seymuru öskürək tutdu. Bir az öskürəndən sonra özünə gəldi. 
Bəlkə də heç boğulmağın, batmağın nə olduğundan xəbəri olmayan Seymur heç Elnarla Telliyə «sağ ol» da demədi. 
Elə bu vaxt Mahir də gəlib çıxdı: 
-Necəsiniz, uşaqlar, - deyə üzənlərdən soruşdu.
 Elnarla Telli bir-birlərinə baxıb güldülər. Amma Mahirə heç nə demədilər. Onlar öz fədakarlıqlarından çox sevindilər. Heç kəsin  Seymurun başına nə gəldiyindən xəbəri olmadı. Bu sirri yalnız Elnar və Telli bildi.
 Onlar hovuzdan çıxandan sonra əl-ələ tutub atılıb-düşə evlərinə qayıdanda sevincdən elə bil yerimir, uçurdular. 

 

 Müəllif: Gülzar İbrahimova