(hekayə)
Bir qəsəbədə Həsən adlı dəcəl, dalaşqan, 12 yaşlı bir oğlan var idi.
Həsən dostları ilə kompyüterdə savaş oyunları oynamağı, televizorda qorxulu savaş filmlərinə baxmağı xoşlardı. Onlar hər dəfə savaş filminə baxandan sonra dava-dava oynayar, belə oyunlardan sonra isə çox vaxt dalaşardılar.
Qonşuluqda bir Xanım nənə yaşaırdı. O, həmişə uşaqldarı danlayırdı:
- Nə qədər qışqırışmaq, nə qədər dalaşmaq olar? Bunlar hamısı vəhşi, qəddar filmələrə baxmaqdandı. Baxdığınız filmlərdə, oynadığınız oyunlarda hamı bir-birini öldürür. Belə oyunlar adamı vəhşiləşdirir. Az oynayın bu qəddar oyunları.
Xanım nənə uşaqları tez-tez danlayar, uşaqların da deyingən qarıdan heç xoşları gəlməzdi. Qarı nənə özü də bunu yaxşı bilirdi.
Bir gün dostlar sevincək yığışdı ki, tonqal qalasınlar. Axı bu axşam onların ən çox xoşladığı Novruz bayramı axşamıydı. Tonqal qalayıb tonqalın üstündən hoppanacaqdılar. Həsən tonqalın yerini düzəltməyə başladı. O bunu yavaşca eləyirdi ki, Xanım nənə pəncərədən görüb deyinməsin.
Bayram axşamı nə baş verdisə, həmin gün bütün qəzetlər, jurnallar 12 yaşlı Həsənin qəhərəmanlığından yazdı. Televiziya kanalları onun cəsarətini nümayiş elədi. Həsənə «qəhrəman» dedilər.
- Mən nə qəhrəmanlıq eləmişəm ki? – deyə Həsən təəccübləndi.
Niyə belə deyirdi Həsən? Neyləmişdi ki, ona «qəhrəman» deyirdilər? Niyə dəcəl oğlan qəhrəmanlığını boynuna almırdı?
Hadisə belə baş vermişdi: Həsən həyətdə tonqal qalamaq üçün yer düzəldəndə dostları odun toplamağa getdi. Birdən Həsən tüstü iyi hiss elədi. Baxdı ki, tüstü qonşudan – Xanım nənənin evindən gəlir. Qəfildən tüstülənən ev alovlanıb yanmağa başladı.
Xanım nənənin 83 yaşı vardı. Kimsəsi yox idi. Oğlan əvvəl istədi camaatı köməyə çağırsın. «Camaat eşidib gələnə qədər gec olar!” – deyə fikirləşib tez yanğın olan həyətə qaçdı. Qapıda qıfıl yox idi. Deməli, nənə evdəydi:
- Xanım nənə, Xanım nənə! – deyə o qapını bərkdən döyüb çağırdı.
Səs gəlmədiyini görən Həsən vaxt itirməyib pəncərədən evə girdi. Qarı yatmışdı. Onun qulaqları zəif eşidir, gözləri pis görürdü.
- Sənsən, nə istəyirsən, – deyə qarı səsindən Həsəni tanıyıb soruşdu.
- Nənə, tez qalx, yanğındır!
«Yanğın» sözünü eşidən qarı qorxudan elə qışqırdıi, səsi qəsəbəyə yayıldı. Həsən çox çətinliklə qadını evdən bayıra çıxartdı. Camaat dəhşət içərisində çatana kimi taxta evin alovu göyə qalxdı. Qışqıran kim, vedrə ilə su daşıyan kim… Hamı elə bilirdi ki, nənə evdə qalıb. Evin alovu göyə qalxmışdı.
Tüstü azalanda gördülər ki, Xanım nənə xeyli aralıda qısılıb bir küncdə oturub, qorxudan da Həsəni bərk-bərk qucaqlayıb.
Camaat nənəni salamat görüb sevindi. Qarı ağlaya-ağlaya başna gələni danışdı:
- Bayram axşamıydı, dedim bir şam yandırım. Necə yuxu tutub məni, şam yanıb qurtarıb, yəqin elə yanğın da ordan başlayıb. Bir də eşitdim bu Allah köməyi olmuş Həsən məni oyadır. Belə deyəndə qarı Həsəni göstərib onun üzündən öpdü.
Qarı çox danışdı. Sözünün axırında da belə dedi:
- Həmişə elə bilirdim ki, bu uşaqlar vəhşi, qəddar filmlərə baxa-baxa ürəkləri daşlaşır. Sən demə, əsl insanı heç nə dəyişdirə bilməz. Mənim bu – qəhrəmanım kimi.
Gecəni nənə Həsəngildə qaldı. Səhər qəsəbədə Novruz bayramı həmişəkindən daha şən, daha maraqlı keçdi.
Az bir vaxtda xəbər jurnalistlərə də yayıldı. Jurnalistlər Həsəndən soruşdular:
- Qəhrəmanlıq eləyəndə yanmaqdan qorxmadın?
- Burda qəhrəmanlıq yoxdur. Məgər mənim yerimə siz olsaydız belə eləməzdiz?
Daha dostların “vəhşi oyunlar” oynamağa vaxtları qalmırdı. Çünki onlar Xanım nənə üçün ev tikənlərə kömək eləyirdilər.
Müəllif: Gülzar İbrahimova