Raykom katibi

(hekayə)

     Bu gecə köhnə inturistin müştəriləri hər gündəkindən xeyli az idi. Bu da yəqin ki, havanın çox şaxtalı və küləkli olmasındandı. Saat üçün yarısını göstərirdi. Müştərilərin başı üstündə dayanmış ofisiant  məzlum baxışları ilə «çox xahiş edirəm durun çıxın gecdir, yuxum gəlir», deyirdi.    
        Sevinclərindən yuxuları qaçmış  iki yoldaş səndələyə-səndələyə mehmanxananın restoranından bayıra çıxdılar. Azadlıq prospektində Zöhrab və Süleymandan başqa nə bir maşın, nə də bir adam var idi. Küçəyə təzəcə çıxmışdılar ki, qasırğalı, qarlı  külək onların sifətinə sanki bərk bir sillə vurdu. Sərxoş yoldaşlar isə bu tufandan üşümək əvəzinə qəhqəhə çəkib güldülər.  
        Nahaq yerə deməyiblər ki, təbiətdə pis hava olmur, pis əhval ruhiyyə olur. Bu gecə də Zöhrab və Süleyman üçün çox gözəl bir hava var idi.
        Zöhrab ondan da nəşəli idi. O elə bilirdi ki göydən qar əvəzinə ağ çiçək yağışı yağır. Süleymana soyuq heç təsir eləmirdi. O, şərfini və papağını çıxardıb güclə yeriyən yoldaşını çiynindən qucaqladı:
        -Gəlsənə bir bulvara gedək. 
        Zöhrab yoldaşının sözünü təsdiqlədi:
        Əlbəttə gedək, əsil bulvar havasıdı!- deyəndən sonra qəhqəhə çəkib güldü. 
        Onlar gülüşə-gülüşə dənizin lap kənarına qədər gəldilər. Bir az gəzmişdilər ki, bir milis nəfəri əlindəki gur işıqlı  fonarı üstlərinə tutub yaxınlarına gəldi:
         -Leytenant Mirzəyev. Xahiş edirəm sənədlərinizi göstərəsiniz və izah edəsiniz ki, gecənin yarısı bu soyuqda dəniz kənarında nə işiniz var? Uzaqdan içkili olmağınız da bilinir. 
         - Paqonun sənə ağırlıq eləməsin, mən raykom katibi Zöhrab Səltənətliyəm. Hələ mənim yanımdakı məndən də böyük adamdır,   - deyib, ədasından az qala boğulmuş Süleymanı göstərdi.   
         -Onda vəsiqənizi göstərin, - deyən milis işçisi onlardan asanlıqla əl çəkənə oxşamırdı. 
         Bu yerdə Süleyman da söhbətə qarışdı:
         -Ay qardaş, biz sən fikirləşdiyin kimi avara adam-zad deyilik. Çıx, yolunla get. 
         Milis leytenantı isə əvvəlki kimi əli uzalı vəziyyətdə sənəd gözləyirdi. 
          Zöhrab qoltuq cibindən dörd bükülmüş bir kağız çıxarıb leytenanta verdi. Oğlan kağızı əlindəki fonarın işığına tutub oxumağa başladı. Kağız Mərkəzi Komitətnin möhürlü, ştamplı sərəncamı idi. Sərəncamda isə yazılmışdı: «Azərbaycan Respublikası Mərkəzi Komitəsinin 811/ 2411 saylı  19 fevral 1984-cü il  sərəncamına əsasən Zöhrab Mahmud oğlu Səltənətli işlədiyi rayonda katib köməkçisi vəzifəsindən azad olunur və Rayon Partiya Komitəsinin katibi təyin edilir».   
         Cavan milis leytenantı əvvəlcə elə bilirdi ki, gecə yarısı dəniz kənarında gəzənlər avaranın biridirlər. Amma sərəncamı görəndən sonra özünü yığışdırdı:
         -Zöhrab Səltənətli belə görünür ki, siz bu günkü tarixdən raykom katibisiniz. Sizi təbrik edirəm, sağ-salamat işləyəsiniz.  
         -Çox sağ ol, sən məni birinci təbrik edən oldun. Ona görə də həmişə yadımda qalacaqsan. Hər nə işin olsa gələrsən yanıma. Utanmadan, çəkinmədən. Kabinetimin qapısını təpiklə vurub aça bilərsən. Mən sənə icazə verirəm. - deyə Zöhrab ağzı çətinliklə söz tuta-tuta, lovğa-lovğa dilləndi. 
          Leytenant raykom katibinə üzrxahlıq elədi:
         -Siz allah məni bağışlayın, bir az kobudluq elədim. Gedək sizin  təzə vəzifənizə qonaqlıq verim, mənim günahımdan keçin.
        Bayaqdan bəri söhbətə onlara qulaq asan Süleyman dilləndi:
        -Bəs mən sənə demədimmi bu kişi balaca adam deyil? Qonaqlığa qalarsa, sağ ol, elə bil ki, o qonaqlığı vermisən, inturistdə axşam saat ondan üçün yarısına qədər,  o ki var, yeyib - içmişik. 
         -Sabah isə Şüvəlandakı bağımda qonaqlıq verəcəyəm, istəsən, buyurub gələ bilərsən. 
          Milis  leytenantı təşəkkürünü  bildirib, bir daha Zöhrabı təbrik etdi və onlardan ayrıldı. 
          Ertəsi günü Zöhrab düz günortaya az qalmış, saat on ikinin yarısında yuxudan oyandı. Duran kimi arvadı  Zeynəbdən Süleymanı soruşdu:
          -Süleyman tezdən işə gecikmədi ki?
          -Yox, özünün qol saatının zəngi vuran kimi ayılmışdı. Bir stəkan çay içib, tələsik çıxıb getdi. 
          -Bu nə səs-küydür gəlir? Evdə qonaq-zad var bəyəm? 
          -Hə, elə ki, gecəynən eşidiblər vəzifəyə keçibsən, bacın Zeynəbgil, bir də mənim anamgil gəliblər səni təbrik eləməyə. Mən də səni təbrik edirəm, vəzifəndə salamat işləyəsən. Gecə nə deyirdim, dəm idin deyən cavab vermirdin. 
        -Yaxşı, az danış onun yeri deyil, bir stəkan çay hazırla, tələsirəm, gedən yerim var, -deyə həmişəki kimi arvadına kobudluq etdi.                 
         Zöhrab qonaqlarla bir neçə dəqiqə bir yerdə oturandan sonra tez geyinib küçəyə çıxdı. Taksiyə oturub maşını sürdürdü düz Xalq Nəzarəti Komitəsinə. Sərəncamı şəstlə Kadrlar Şöbəsinin rəisi Nərgizə verdi. O, bir növ bununla dərdindən «dəli-divanə olduğu» bu gözəl xanıma acıq verirdi. Çünki işlədiyi müddətdə nə qədər bu qadına girişmişdi də, bütün cəhdləri boşa çıxmış, arzusuna çata bilməmişdi. Nərgizin  otuz iki  yaşı var idi və o həyat yoldaşından uşaq üstə ayrılmışdı. Buna baxmayaraq, bu ciddi qadın  Zöhrabın ailəli olduğunu və üstəlik  «şorgöz» olduğunu bildiyindən ondan zəhləsi gedirdi.   
      Nərgiz sərəncamı oxuyanda gözləri böyüdü. Zöhrab cəmi üç ay onların komitələrində işləmişdi. İşlədiyi müddətdə isə demək olar ki, heç bir iş görməmiş veyil-veyil gəzmişdi. Nərgiz bilirdi ki, Zöhrabın əlindən adi ərizə yazmaq da gəlmir. Onu da Zöhrabın öz dilindən eşitmişdi ki, leytenant Şmidt adına zavodda texnik işləmiş bu adam elə orada da «başını birtəhər girləmişdi». Bu yaxınlarda isə rayonlardan birinə katib köməkçisi vəzifəsinə getmişdi. Belə bir kadrın birdən-birə Raykom katibi vəzifəsinə təyin edilməsi qadını çaşdırdı. Düzü belə şey o ömründə görməmişdi. «Yəqin adamı çox güclüdür», - deyə ürəyində fikirləşdi. Sərəncamı oxuyandan sonra onu Zöhrabə uzatdı və uzun qara kipriklərini qaldırıb Zöhrabın ağarmış çöhrəsinə baxdı. Baxışları ilə yenə də «yox» dedi. Zöhrab cavaba əmin olmaq istədi:
     -Yenə də yox ?
     -Çox təəsüf ki, yenə də «yox»!
     Zöhrab hirsindən Nərgizlə sağollaşmadı da. Qapını çırpıb getdi.   
     Rayonda təzə Raykom katibini qarşılamaq üçün hər tədbir görülmüşdü. Katibin otağı səliqə ilə yığışdırılmış,  stolun üstünə tər çiçəklər qoyulmuşdu.
     Naharda yemək üçün də hər şey qabaqcadan planlaşdırılmış, kimlərin  katiblə bir süfrə arxasında oturacaqları müəyyənləşdirilmişdi. 
      Zöhrab qara rəngli QAZ 31- də elə oturmuşdu ki, elə bil dünyanın bütün problemləri onun çiynində idi. Özünü təzə tanış olduğu sürücüyə göstərirdi. Süleyman isə elə bil dilotu yemişdi. Birnəfəsə danışır, rayondan xəbəri olmaya-olmaya təsərrüfatdan, onun inkişaf yollarından danışırdı. Planı yerinə-yetirməyin yollarını Zöhraba başa salmağa çalışır, dostu isə onu heç eşitmək belə istəmir, ürəyində Nərgizin ona nəyə görə rədd cavabı verməyi haqqında fikirləşirdi.  
     Süleyman özü də vəzifəyə özünü gözə soxmaqla, yaltaqlıqla, cürbəcür əyri-üyrü yollarla gəlmişdi. Məharətlə özünü işgüzar göstərmək bacarığı var idi. O aparatda vacib olan ən vacib qərar lahiyələrinin tərtibatını öz üzərinə götürər və  vaxtından qabaq  «icra edərək» rəhbərliyə çatdırardı. Əslində o yarım səhifəlik yazıda on yerdə səhv edərdi. Amma bu yerdə də «işguzarlığı»  onun dadına çatardı. Ona tapşırılan bütün yazı işlərini Elmlər Akademiyasının Şərqşünaslıq institutunda işələyən elmlər namizədi Səməndər  Cəbrayılova tapşırar,  həmin alim də gecələri oyaq qalaraq «rəhbərliyin» tapşırığını yerinə yetirərdi. 
      İndi isə Süleyman dostu Zöhrabı  artıq neçə ay idi ki, raykom katibi vəzifəsinə hazırlayırdı. Əvvəllər adı leytenant Şmidt zavodunun ştat-əmsal cədvəlində sınaq sexinin texniki kimi gedən və əslində isə Odessa ilə möhkəm alverdə olan  Zöhrab  üç ay  Xalq Nəzarəti Komitəsində, iki ay da katib köməkçisi işləyəndən sonra böyük bir rayona raykom katibi təyin olunmuşdu. Süleyman bəlkə də Zöhrabdan çox sevinirdi. Böyük  bir rayon onların əllərində olacaqdı. Süleyman dostuna nə xahiş etsəydi, Zöhrab onu edəcəkdi. Bütün bü fikirlər Süleymanı şirnikləndirir, bu bir neçə ayda zəhmətinin hədər getmədiyinə sevinirdi. O, yol boyu Zöhrabla şit-şit zarafatlar edir, Zöhrab isə sürücünün yanında ciddi  görünməyə çalışır, özünü katib kimi aparmaq istəyirdi.  
       Sürücünün yaşı əlli beş, altmış olardı. Adı Əlişirin olsa da, hamı ona Əliş kişi deyirdi. İşlədiyi vaxtdan bəri  çox belə katiblər yola salmışdı. Ağzı bütöv olduğundan heç kəs onu işdən çıxartmamışdı. Elə bunu eşidib, Zöhrab da onu işdə saxlamağa qərar vermişdi. 
       Rayon və raykom haqda «donoslar» artıq Zöhraba çatmışdı. Rayon komsomol komitəsinin katibi  Cavanşir Həsənəliyev bilən kimi rayon rəhbərliyinə kim gəlir, axtarıb onu tapmış, təbrik də eləmiş, üstəlik rayon haqda «bütün məlumatları» da təzə katibə əməlli başlı çatdırmağa vaxt da tapmışdı. 
       Cavanşir rayon camaatı tərəfindən sevilməzdi. Rayon gənclərinə «başçılıq  edən»  komsomol  lideri xəbərçi, söz gəzdirən, ara vuran və «mədəni dilənçi» olduğuna görə cavanların ondan lap zəhləsi gedərdi. Həmişə «malbra» siqareti tüstülədən Cavanşiri bir dəfə pul verib siqaret alanda görən olmamışdı. Elə ki, siqareti qurtarardı, zəng edərdi «hərif» tanışlarından birinə. Gəl bir az oturaq söhbət eləyək, gələndə də bir qutu siqaret al. Elə evlərinə lazım olan vacib şeylərin də çoxusunu belə yolla alardı. Dükançılar aralarında onun adını «cındır Cavanşir» qoymuşdular.      
       Zöhrab yol boyu Bakıda Cavanşirin ona dediklərini də  yadına salırdı. Süleymanın hay-küyü onu fikirdən ayıldanda o saatı soruşurdu. Katib darıxırdı. Ona elə gəlirdi ki, yol çox uzanır. O, rayona tez çatmaq, kabinetində, iş stolunun  arxasında tez oturmaq istəyirdi. Heç vaxt vəzifədə olmayan Zöhrab özünü kresloda təsəvvür edir və bu anda sanki uçurdu. Hərdən bir dodaqları qaçır və tez də özünü yığışdırırdı. 
       
                        Rayona təzə katib gəlir

       Nəhayət ki, günortaya az qalmış qara QAZ-31 Rayon Partiya Komitəsinin qarşısında dayandı. Gələnləri Rayon Komsomol Komitəsinin katibi, «komsomol» Cavanşir, birinci və ikinci katiblər qarşıladı. Həyətdəcə öpüşüb-görüşdülər. 
       Nahar vaxtına az qaldığından Cavanşir qonaqları yaxınlıqdakı «Kür » yeməkxanasına getməyi təklif etdi. Zöhrabın bu təklif ürəyindən olsa da o üz-gözünü turşudub çətinliklə təklifi qəbul elədi. 
        Nahar çox yox, cəmi bir saat on dəqiqə çəkdi. Amma yeməklərin dadlı olması və maqnitafondan yeməkxanaya yayılan biri-birindən gözəl mahnılar Zöhrabla Süleymanın kefini bir az da kökəltdi. Nahardan sonra yeməkxananın sahibi Həşim qonaqların yeməklərdən xoşları gəlib-gəlmədiyini öyrənmək üçün onlara yaxınlaşdı. Zöhrabı görəndə gözlərinə inanmadı. O Zöhrabı Bakıdan tanıyırdı. Bir yerdə çox yeyib-içmişdilər. Hələ bir yerdə nəşə çəkib kef eləyən günləri də olmuşdu. Onlar qucaqlaşıb-öpüşdülər. Ətrafda onlara təəcüblə baxanlara bir-birlərini haradan tanıdıqlarını açıqlamadılar. Onlardan aralanıb  ordan-burdan söhbət elədilər. Ayrılanda Həşim katibə işarə ilə bildirdi ki, nəşə-filan lazım olsa onun yanına gələ bilər. İki keçmiş yoldaş görüşüb ayrıldılar. 
       Nahardan razı qalmış Zöhrab Həşimi görməyinə sevindi. Deməli, o yorğun olanda, ya əsəbi olanda gəlib Həşimin yanında «sakitləşə » bilərdi.  
       Yeməkdən qayıdanlar ikinci mərtəbədə yerləşən katibin otağına qalxdılar. Kabinet geniş, həm də səliqəli idi. Açıq şabalıdı rəngli mebel dəstinin bahalı olması ilk baxışdan bilinirdi. Mebelə uyğun zövqlə tikilmiş pərdə otağı həm gözəlləşdirir, həm də xüsusi  ciddilik verirdi. Stolun üstünə qoyulmuş böyük qızılgül dəstəsinin ətri otağa yayılmışdı. Gülə baxanda Zöhrabın bir anlıq Nərgiz, onun qızılgülün ləçəyinə oxşayan dodaqları yadına düşdü.    
       Kabinetin gözəlliyinə, genişliyinə Süleymanın da, Zöhrabın da ağızları açılı qalmışdı. Cavanşir bunu hiss etdi:
       -Əvvəlki katib yaxşı adam olmasa da kabinetə xüsusi fikir verərdi. Bu mebeli də mənim zövqümlə almışıq. 
       -Mənim yanımda əvvəlki katibin pisliyindən danışmağı sənə qadağan edirəm. - deyə Zöhrab özünü ağır xasiyyətli, həm də alicənab göstərməyə çalışdı.  
       -Baş üstə, Zöhrab müəllim, necə məsləhətdir,- deyə Cavanşir yaltaq-yaltaq dişini ağartsa da rənginin qızarmağını gizlədə bilmədi.           
       Süleyman Cavanşirə rayonun aparat işçilərini təcili iclasa yığmağı tapşırdı. Cavanşir Mərkəzi Komitənin işçisi qarşısında az qala ikiqat əyilərək, ona baş üstə deyib, çıxdı. Heç beş dəqiqə keçmədi ki, aparatda işləyən bütün işçilər kabinetə yığıldılar. 
       Süleyman Mərkəzi Komitənin ___ tarixli _______ saylı  sərəncamını bərkdən, ahənglə oxuyaraq Zöhrab Mahmud oğlu Səltənətlini  aparat işçilərinə təqdim etdi. Ona hörmət etməyi, tapşırıqlarının vaxtlı-vaxtında yerinə yetirməyi tapşırdı.  
       Heç yeri olmasa da aparat  işçiləri təzə raykom katibinin gözünə girmək üçün ürəkdən əl çaldılar. Təkcə ikinci katibin əl çalmaması Zöhrabın da Süleymanın da gözündən yayınmadı. 
       İkinci katib Əfraim adlı, ağ saçlı, nurani, bir kişi idi. Rayonda çoxdan işləyirdi. Hamı onun xətrini istəyir, hörmət edirdilər. Uşaq da böyük də ona hörmətlə «Əfraim əmi» deyirdi. İclasın sonunda rayonun ağsaqqalı kimi xeyir-dua vermək üçün sözü ona verdilər. Əfraim əmi isə xeyir-duasını çox qısa sözlərlə verdi:
       - Təzə katibimizə işində uğurlar arzu edirəm. Qoy o bizim rayonda heç vaxt özünü qərib hiss eləməsin və onun rəhbərliyi altında rayonumuz birincilər sırasında getsin. Hamı onu sevsin və hörmət eləsin. 
       İclasda katib və qonaq aparat işçiləri ilə yaxından tanış oldular. Hərə öz gördüyü işdən qısaca danışdı. Elə həmin iclasda da iş bölgüsünə yenidən baxıldı və rayonun pambıq və üzümçülük məhsulları üzrə planın vaxtında yerinə yetirilməsi üçün hamının təklifi dinlənildi.          
        Günorta başlamış iclas axşam saat doqquza qədər davam elədi. İclasdan sonra Süleyman Cavanşirdən soruşdu:
        -Bəs katibin hələlik harada yaşayacağı haqda bir şey fikirləşmisiniz?
        -Əlbəttə, bacımgilin evləri böyükdür, neçə otaqları var, hələlik Zöhrab müəllim orada qalar. Təzə ev alana və ya tikilənə qədər. İstəyirsiniz, elə indi gedək baxaq. Xoşunuza gəlməsə başqa ev də var, ora da baxarıq, -deyə Cavanşir birnəfəsə danışdı. 
        Zöhrabla Süleyman qərara gəldilər ki, yeməyə getməmişdən qabaq gedib evə baxsınlar. 
        Katibin maşını on beş dəqiqədən sonra böyük, gümüşü rəngli geniş bir darvazalı həyətin qarşısında dayandı. Daş hasarlardan  yola tərəf şaxələnmiş çılpaq ağaclardan görünürdü ki, həyətin özü çox səfalıdır. Amma ağaclar qışdan çıxdıqlarından çox da mənzərəli deyildilər. 
       Cavanşir ev sahiblərinə katibin gələcəyini çoxdan xəbər eləmişdi  deyən, maşın həyətə çatan kimi, darvaza açıldı və ev sahibləri – ər və arvad qonaqları həyətdəcə qarşılayıb, «xoş gəldin» elədilər. 
        Cavanşir ev yiyəsini- yeznəsini qonaqlara təqdim etdi:
        -Tanış olun, Zöhrab müəllim, Feyzulla mənim  yeznəmdir, rayon seyposunun müdiridir. Bu isə onun yoldaşı, mənim isə kiçik və həm də sevimli bacım Pərcandır. 
       Zöhrab Feyzulla ilə əl tutuşdu. Pərcanın isə üzünə gülümsəyərək, onunla tanış olmağına şad olduğunu bildirdi. Süleyman onu yavaşcadan dümsükləyəndən sonra  çox çətinliklə baxışlarını qadından ayırdı. Elə ilk baxışdan qadının gözəlliyi onun başını gicəlləndirdi. Yan-yörəsində nə danışdılarsa, heç nəyə fikir vermir, yalnız altdan-altdan bu gözəl gəlinə göz qoyurdu. 
       Onlar qalxıb evlərə baxdılar. Sonra isə eyvanda onlara düzəldilmiş stol arxasına keçdilər. Zöhrab hamı ilə birlikdə evləri gəzsə də, heç nə görməmiş, fikri ancaq Pərcanda qalmışdı.       
       Süleyman Zöhrabın fikrin öyrənməmiş dedi:
       -Əlbəttə, evlər yaxşı olmağına çox yaxşıdır, ancaq katib mütləq ayrı qalmalıdır. Sizin otaqlar isə hamısı iç-içədir. Cavanşir katibə başqa yerdə ev taparsan. 
       Süleymanın danışığı Zöhrabın ürəyindən olmasa da, bir söz demədi. 
       Feyzulla onları yeməkxanaya getməyə qoymayıb, axşam yeməyinə dəvət elədi. Hələ yemək stolun üstünə qoyulmamış Zöhrab dostunu həyətin bir tərəfinə çəkib onunla pıçıldaşmağa başladı:
           -Sən nə vaxtdan mənim adımdan danışan olubsan? Mənim  elə bu evdə qalmaq fikrim var idi. 
           -Mən bunu o saat başa düşmüşdüm. Sən gözlərini marıtdayıb Pərcana baxanda. Odla pambığın bir yerdə nə işi ola bilər. Bura səninçün Bakı deyil ki, nə istəyirsən eləyəsən. Rayonun öz qayda-qanunu var. Gözlərin yana baxırsa, bunu hamı o saat başa düşür və niyə baxışların səmtini dəyişdi, o dəqiqə istədikləri yerə yozurlar. 
          -Mənim ərli qadınla nə işim var, gic-gic danışırsan,- deyə Zöhrab özünü təmizə çıxartdı. 
          Süleyman artıq özündən çıxmışdı, amma özünü elə məharətlə aparırdı ki, kənardakılar bunu hiss eləmirdi:
          -Zöhrab, mən səninlə bu gün tanış olmamışam, sənin nə istədiyini mən yaxşı başa düşürəm. Qadını ki, gözün tutdu, o mütləq sənin olmalıdı. Bu qədər əziyyət çəkmişəm səni bu vəzifəyə düzəldənə qədər, sən özün bu qədər xərc tökmüsən, istəyirsən onların hamısını heçə döndərəsən, nə var, nə var bir-iki dəfə üç uşaq anası ilə kef edəcəksən. Rəhbərlik qarşısında sənə görə mən zəmanət vermişəm. Sən səhv eləyən kimi məni vəzifəmdən atacaqlar bayıra. 
         -Yaxşı-yaxşı, indi bir qadına görə az qala mənimlə dalaşmağa hazırlaşırsan. Qurtar boş-boş söhbəti. Harada desən, orada da qalaram. 
          Süleyman dostunun bu sözlərindən sonra bir az sakitləşdi. Onlar evə keçib üstündə cürbəcür dadlı yeməklər olan süfrəyə oturdular. Bir azdan quzu ətindən qıpqırmızı qıharmış kabab da gəldi. 
           Qonaqlar gecə saat ikiyə qədər yeyib içdilər. Onlara qulluq edən Pərcanın yorğunluqdan rəngi ağarmışdı. Həmişə vaxtında yatmağa öyrənmiş qadının gözləri,  yuxusuzluqdan şərab içmiş kimi xumarlanırdı. Həmin xumarlanmış gözlərlə o da hərdən Zöhraba nəzər yetirirdi. Onların baxışları tez-tez qarşılaşırdı. Bu Zöhraba xüsusi ləzzət verir, o getmək istəmirdi. Zöhrab çox içməsə də artıq sərxoş idi. 
         Süleyman onun bu halını görür, hər şeyi yaxşı başa düşürdü. Buna görə də bir neçə dəfə təklif etdi ki, getmək vaxtıdır. Amma Zöhrab bir az da oturaq deyə, getmək istəmirdi. 
         Qonaqlar gecədən keçənə qədər oturandan sonra getmək üçün ayağa qalxdılar. 
         Feyzulla qonaqları mehmanxanaya buraxmayıb evlərində saxladı. Cavanşir  də onlarda qaldı. 
         Səhərisi günü ertədən Cavanşir qonaqları götürüb qonşuluqda yerləşən ikimərtəbəli, gözəl bir evə apardı. Zöhrab heç evlərə baxmamış, həyətdəcə Süleymana danışmağa imkan verməyib, tez fikrini bildirdi:
          -Çox gözəl həyətdir, xoşuma gəldi, ev də yaxşı evə oxşayır, elə buradaca qalaram. Sabahda, birigündə arvad uşağı da yığışdırıb gətirərəm. 
           Cavanşir katibə yaradığına çox sevindi:
            -Əlbəttə, çox yaxşı evdir. Sahibi də Arif adlı yaxşı, canlara dəyən bir oğlandır. Əvvəllər mənim yanımda uçot bölməsinin müdiri işləyib. İndi Moskvada böyük bizneslə məşğuldur. Gözü tox adamdır. Evi də kirayəyə sən deyən çox baha qiymətə vermir. 
         Süleyman etiraz etmək istəsə də artıq gecikmişdi. O, dostunun gözünü çəkmədiyi bir  qadınla qonşu  həyətdə qalmasını istəmirdi. Özü də Zöhrabın xasiyyətinə bələd idi. Əgər qadın Zöhrabın xoşuna gəlmişdisə də, lap beş uşaq anası olsaydı da, onu ələ keçirəcəkdi. Bu da rayon yerində söz-söhbətə səbəb ola bilərdi  və bu xəbər «yuxarıya» çatan kimi Zöhrabın vəzifədə qalıb-qalmaması  müzakirəyə qoyula bilərdi. Arada Süleymanın çəkdiyi əziyyətlər heçə gedəcəkdi. Düzdü, Zöhrabın vəzifəyə gəlməsində Süleyman yuxarıların adı ilə dostundan xeyli pul qopartmışdı, amma o, bununla kifayətlənmir, katib dostunun hesabına çoxlu pul qazanmaq istəyirdi..
       Səhərisi günü Süleyman  Zöhraba vəzifəsində möhkəm olmağı tapşırıb Bakıya yola düşdü. Onu  şəhərə Əliş apardı və axşama da qayıdıb gəldi. 
       Zöhrab böyük bir həvəslə işə başladı. Kefi kök idi. İlk gündən  gözəl bir qadınla, Pərcanla rastlaşmağını böyük uğura başlanğıc əlaməti sayırdı. 
       O, Süleymanın dediyi kimi uzun müddət raykom katibi işləmək üçün plan qurmalıydı. Ən əvvəl işini kadr dəyişikliyindən başlamığa daha çox üstünlük verdi.. Düzdü, bu rayonda onun o qədər də dostu, tanışı yox idi, amma yenə də bacardığı qədər «öz adamlarını» ətrafına yığmalıydı.    
 
                    
                  Özbaşınalıq baş alıb gedir
       
     Əfraim əmi bilirdi ki, katib belə  özbaşınalıqla çox işləyə bilməyəcək. Ona görə də bir neçə dəfə üstüörtülü Zöhrabı başa salmaq istədi. Amma Zöhrab söhbəti səmimiyyətdən uzaqlaşdırıb rəsmiləşdirdi. 
      Üstüörtülü heç nəyi başa düşməyən Zöhraba Əfraim əmi hər şeyi açıq başa salmağa çalışdı. Bu isə Zöhraba xoş getmədi. Əfraim əmini acıladı və üstündən hələ bir acıladı da. 
      Bundan sonra Zöhrab sakit oturdu  və  öyüd-nəsihət kar eləməyən Zöhraba daha heç nəyə irad tutmadı.
      Özbaşınalıq rayonda baş alıb getməyə başlamışdı. Əliəyri adamların hərəsi bir cür yolla katibə yaxınlıq yaradıb, kolxozu rayon camaatının gözü qarşısında yeyib-dağıdırdılar. 
       Zöhrab gücünü yalnız bir yerə yönəltmişdi. Pambıq yığımına. Şum vaxtı, əkin vaxtı o qədər də narahat olmayan katib, yığım vaxtı camaata qan uddururdu. Gündüzləri kabinetdə dörd saat yuxuya gedən katib gecələri yalnız səhərə yaxın evinə gedirdi. Bir briqadirin, ya bir rəhbər işçinin ixtiyarı nə idi ki, gecə saat 3-dən tez evinə gedə. 
       İş rejiminin bu qaydası onun özünə xüsusi ləzzət verirdi. Belə qaydada işləməsi onu daha da işgüzar göstərirdi. Gözü ayağının altını görmürdü. Ətrafını avam, geridəqalmış, özünü isə qoçaq, çoxbilmiş sayırdı. 
 
                         Plan, yenə də plan 

     Dekabrın son gününə qədər bütün rayonların hesabatları Mərkəzi Komitə katibinin stolunun üstündə olmalıydı. İllik planın yerinə yetirilməsinə dair illik hesabatlar. Bu rayonlara verilən tapşırığın ən məsuliyyətlisi və ən ciddisi idi. Həmin hesabatlar 3 gün ərzində Moskvada Mərkəzi Komitədə müzakirə olunar, Azərbaycan Respublikasının il ərzində planı necə yerinə yetirib-yetirməməsinə yekun vurulardı. 
      Bu qayda Mərkəzdən- Moskvadan belə qoyulmuşdu və artıq neçə illərdi ki, buna əməl olunurdu. Baş katibin özü bu hesabatların vaxtında yığılması ilə maraqlanırdı. Bu qaydanı pozmağa heç bir rayonun cürəti çatmırdı. 
      Süleyman son günlər tez-tez Zöhraba zəng edir, hesabatların tərtib edilməsini onun yadına salırdı. Rayonda isə hesabatların tərtib edilməsinə cavabdeh kurator illik hesabatı çoxdan hazır edib Zöhraba göstərmişdi. Zöhrab isə hər dəfə rüblük  hesabatlarda olduğu kimi illik  hesabata da istədiyi kimi əl gəzdirmişdi. Yəni faktiki əkin sahələrinin sahəsini yarıbayarı az göstərərək, məhsul yığımı üzrə planın 110 faiz  yerinə yetirildiyini göstərmişdi. Sonra da həmin rəqəmləri kimsə görməsin deyə, qovluğa qoyub seyfdə gizlətmişdi ki, dekabrın 30-da Bakıya aparıb təhvil versin. 
                    
                             Məqsədli qonaqlıq                           

      Zöhrab hesabat sarıdan arxayın idi. Nigarançılığı təkcə öz istəyindən idi. Yeni ili necə keçirəcəyindən, qurduğu planının baş tutub-tutmayacağından idi.  
      Plan isə beləydi: Dekabrın 30-da Kərim həkim katibin tapşırığı ilə Cavanşirə zəng edib Pərcan üçün palatanın hazır olduğunu xəbər verəcəkdi. Cavanşir isə həmin günü Pərcanı Bakıya, müalicəyə aparacaqdı. Sonra xəstəxanada həkim Cavanşiri başa salacaqdı ki, xəstəxanada şərait yaxşı olmadığından, Pərcanı evinə – yaşamadığı və özünün şəxsi müalicəxana kimi istifadə etdiyi, xəstə üçün hər cür şəraiti olan  evinə aparmaq istəyir. Yəqin ki, Cavanşir buna etiraz etməyəcəkdi. Çünki o katibin tanışlığı ilə bura gəlmişdi. Ondan sonra Pərcan müalicə adıyla Zöhrabla görüşəcəkdi. Sonrası isə gün kimi aydın bir plan idi. 
       Pərcan əvvəlcədən hər şeyə yavaş-yavaş hazırlaşırdı. Belinə yun şal bağlayıb gəzir, sızıldayır, hamının yanında tez-tez ağrıkəsici həblər içirdi. 
      Zöhrab isə məqsədinin həyata keçməsi üçün yollar axtarırdı. O, balıq yeməyi çox xoşlamasa da Kürdən ona yaxşı balıqlar gətirilməsini tapşırdı. Səhərisi gün,  günortaya yaxın raykomun həyətində bir ağ jiquli dayandı. Sürücü qapıçı ilə xəbər göndərdi ki, katibə xəbər versinlər tapşırdığı  balıqları gətiriblər. 
 Jiqulinin yük yeri demək olar ki, iri-iri balıqlarla dolu idi. Bu qədər balığı heç bir aya yeyib qurtarmaq olmazdı. Fikirləşdi ki, bura gələndən evə arvad-uşağa bir əməlli-başlı sovqat göndərməyib. Üzünü Əliş kişiyə tutub dedi:
     -Balıqların yarısını Feyzullagilə, yarısını da Bakıya – bizim uşaqlara çatdırarsan. Get, axşama qayıdıb gələrsən. 
     -Baş üstə, deyə Əliş kişi həmişəki kimi yavaşcadan dedi və maşını işə saldı ki, əvvəlcə Feyzullagilin balıqlarını versin.  
        Pərcan balıqları görən kimi dodaları qaçdı. Səhər ertə qonşu həyətdən katibin ona zillənmiş ehtiraslı baxışlarını yadına saldı. Onlar hər səhər beləcənə baxışar, uzaqdan uzağa bir-birlərinə eşq oxuyardılar. Pərcan tez-tez ətrafa boylanar, kimsənin onları görəcəyindən ehtiyat edərdi. Zöhrabın isə heç bir şey vecinə deyildi. Pərcan icazə versəydi, katib elə dəmirdən  setkalı hasarı adlayar, keçib Pərcanı qolları arasına alardı. Onlar hər səhər beləcənə səssiz-səmirsiz bir-birlərinə «Sabahın xeyir» deyər və dərindən ah çəkərək ayrılardılar. Pərcan bu vaxt şəhərdə yaşamaq arzulayardı. 
        «Xaraba qalmış rayonda camaatın dedi-qodusundan bir addım da atmaq olmur. Hamı adamı güdür, işləri-gücləri yoxdur, qırılmışların», deyə ürəyində deyinirdi. 
      Hər dəfə Zöhrab Pərcangilə belə pay  göndərəndə qadının ürəyinə yağ kimi yayılırdı. Bu dəfə də belə oldu. O, tez qonşudan Sitarə arvadı çağırdı ki, balıqları təmizləməyə kömək eləsin. Özü isə ərinə tez zəng elədi.     
       Dəstəyi katibə götürdü:
     -Bəli! 
      Pərcanın katibədən zəhləsi gedirdi, ona görə də salamsız-kalamsız, amiranə səslə dedi: 
   - Feyzini çağır telefona!
   - Baş üstə, bu saat, - deyə katibə qaçaraq anbardan Feyzullanı telefona çağırdı. 
     Pərcan çox az-az  hallarda Feyzullanı işdən axtarırdı. Ona görə də Feyzulla nigaran qaldığından telefona tez gəldi:
     -Salam, nə olub, nigarançılıq yoxdur ki? – deyə təngənəfəs soruşdu.
       Pərcan ərini sakitləşdirdi:
     -Heç nə olmayıb, niyə elə təngənəfəssən?
      Feyzulla nigarançılığını gizlətmədi:
     -Qorxdum, dedim yəqin yenə ağrıyıb eləyirsən. 
      Pərcan əzilə-əzilə: 
     -Yox Feyzi, ağrımağına ağrıyıram, amma nigarançılıq yoxdur, Katib çoxlu balıq göndərib, mən də hazırlayıram, səni axtardım ki, onu axşam yeməyinə bizə çağırasan balıq yesin. 
      -Özün ağrıyırsan, bütün günü sızıldayırsan, bu yandan da evə qonaq çağırırsan, mən səni başa düşə bilmirəm, - deyə Feyzulla narazılığını bildirdi. 
       Amma narazılığını bildirsə də arvadının təklifi onun da ürəyindən idi. Özünü Pərcana ürəyi yanan göstərirdi.   
      -Bilirəm ay Feyzi, canım o qədər ağrıyır ki, heç nə gözümdə deyil, amma ayıbdır axı, kişi o qədər balıq göndərib, yaxşı çıxmır, özümüz yeyək, o da ailəsi burda olmaya-olmaya qalsın qıraqdan baxsın. 
      - Yaxşı, nə deyirəm ki, indi ki, belədir, sən deyən olsun. Amma heç olmasa Sitarə arvadı çağır gəlsin sənə kömək eləsin, deyən Feyzulla həqiqətən də qıymırdı ki, arvadı əziyyət çəksin. 
      - Sitarə arvadın elədiyi iş mənim ürəyimə yatmır. Özüm birtəhər bişirəcəyəm, - deyən Pərcan ərinə həmişəki kimi yalan satdı. 
      Əslində Pərcan bütün ev işlərini Sitarəyə gördürər, axşam Feyzulla gələndə isə özünü yorğun göstərərdi. 
       Pərcan əri ilə sağollaşıb dəstəyi yerinə qoydu. Sitarəni çağırıb bütün işləri ona tapşırdı. Sonra isə özünə bəzək-düzək verməklə məşğul olmağa başladı. 
       Sitarə arvad neçə illər yaxınlıqdakı «Dadlı» yeməkxanasında baş aşbaz işləmişdi. Amma sonralar müdirin çətin xasiyyətindən bezib işdən çıxmışdı. Orta yaşlı bu qadının əlindən hər iş gəlirdi. Yemək bişirməyin, xüsusən də balıq bişirməyin ustası idi. Süfrəni xüsusi zövqlə bəzəyərdi. 
       Axşama bir az qalmış hər şey hazır idi. Həyət-baca, ev-eşik gül kimi, Pərcan bəzəkli, yaraşıqlı, süfrə də hazır idi. Ona görə də Pərcan bir bəhanə ilə Sitarə arvadı evlərinə göndərdi ki, Feyzulla gəlib arvadı burda görməsin. Fikirləşsin ki, bu qədər işi onun arvadı təkcə görüb, arvadından razı qalsın. 
      Həqiqətən də elə oldu. Feyzulla içəri girəndə süfrəyə, arvadının ləyaqətinə, işgüzarlığına heyran qaldı. Heyrətini gizləyə bilmədi:
      -Mənim gözəl arvadım, sən bu işləri təkcə necə çatdırdın,  deyə  uşaqların yaxında olmadığına əmin olub, arvadını öpdü.             
      Pərcan isə üz-gözünü qırışdırıb əzildi:
      -Özümə qəsd eləmişəm, ağrılarım bərkiyib. Eybi yoxdur, keçib gedər, əsas odur ki, qonaq razı getsin. 
       Çox keçməmiş Zöhrabla Cavanşir də gəldilər. Yeməyə oturdular. Yeməklərin dadı, süfrənin təm-tərağı qonaqları heyran eləmişdi. Sahibənin şərəfinə badələr qaldırıldı. Pərcan stol arxasında ikiqat oturmuşdu. Zöhrab səbəbini bilə-bilə soruşdu:
        -Pərcan xanım, siz öz gözəlliyiniz və işgüzarlığınızla şax oturmağa layiq bir qadınsınız, niyə belinizi bükürsünüz, düz oturun, xahiş edirəm, mən şəxsən bu badəni sizin ailənizin sağlığına qaldırmaq istəyirəm!
        Bu yerdə Pərcanın əvəzinə əri Feyzulla cavab verdi:
       -Ağrıyır Zöhrab müəllim, ona görə ikiqat oturub. 
       Zöhrab üz-gözünü turşutdu:
       -Bəs ağrıyırsa, niyə bu qədər əziyyət çəkib, belə süfrə hazırlayıb? Özü də harası ağrıyır, niyə həkimə aparmırsan?      
      -Zöhrab müəllim Pərcan nə vaxtdır ki, mədəsindən şikayətçidir. Bakıya apara bilmirəm, bir aydan çoxdur yoxlama gəlib Bakıdan başım ona qarışıb. Yoxlamam qurtaran kimi gərək onu əməlli həkimə aparam. 
       -Nə yoxlama, hardan gəlib, kim göndərib - heç nədən xəbəri olmayıbmış kimi soruşdu. Halbuki, özu bu yoxlamanı təşkil etmişdi ki, Feyzullanın başı qarışıq olsun, arvadını həkimə apara bilməsin. 
        Feyzulla bu sualı çoxdan gözləyirmiş kimi sevincək cavab verdi:
         -Bakıdan Xalq Nəzarəti Komitəsindən gəliblər. 
         -Nahaq mənə bunu əvvəldən deməmisən. Mən bu işi günü bu gün həll edərəm. Yoxlamanın sənə heç bir ziyanı dəyməz. Sən isə yubatma, Pərcanı tez həkimə göndər. Özün gedə bilməsən də, Cavanşirlə göndər. Mənim Bakıda yaxşı tanış həkimim var. Onunla əlaqə saxlaram, nə vaxt məsləhət görsə, Pərcan xanımı göndərərsən onun yanına. Nigaran qalmazsan, nə lazımdırsa, özü hər şey edəcək. Pərcan kimi mehriban, evcanlı, işgüzar  xanımı belə ikiqat vəziyyətdə görəndə ürəyim ağrıdı. Onu belə qoymaq sənə yaraşmaz – katib sözünü qurtaranda Cavanşirin düz gözlərinə baxdı. Cavanşir iclaslarda adət eləmişdi. Belə halda o katibin dediklərini təsdiq etməliydi. İndi də Zöhrab onun gözlərinə baxan kimi tez dilləndi:
     -Əlbəttə, Pərcana mütləq müalicə lazımdır. Sonra xəstəliyi ağırlaşa bilər. 
       Katibin üzünün ifadəsindən göründü ki, o Cavanşirdən razı qaldı. Sonra iclaslarda olduğu kimi Pərcanın üzünə baxdı. Onun fikrini bilirdi, amma oturanlara çatdırmaq da vacib idi. Bu söhbətin nəticəsi onların - Pərcanla Zöhrabın bir-birlərinə həsrət günlərinin sonu ilə nəticələnə bilərdi. Ona görə də Prəcan sızıldaya-sızıldaya dilləndi: 
      -Feyzulla gözləyir ki, mən sızıldaya-sızıldaya ölüm. O da öz işində işləsin, təzə mallar alsın, satsın, yoxlamalarını yola versin. 
       Feyzulla çoxluğa tabe oldu:
       -Mən bir söz demirəm, Zöhrab müəllim, nə vaxt istəyir, getsin 
həkimə, bircə savadlı həkim olsun ki, düzgün diaqnoz qoysun, müalicə eləsin. 
        Zöhrab dərindən nəfəs aldı:
        -Bu işi mənim öhdəmə ver. Həkimi mən tapıram, qalan işlər isə Cavanşirlikdi.  
         Feyzulla razılıqla qayğıkeşliyinə görə katibə minnətdarlığını bildirdi.
          Zöhrab sevindiyindən özünü saxlaya bilməyib stolun altından ayağını Pərcanın ayağına sürtdü. 
          Pərcan az qaldı sevindiyindən ürəkdən qəhəqəhə  çəkib gülsün. Amma özünü saxladı. Utanırmış kimi başını aşağı saldı. 
          Sevindiyindən həmin gecəni səhərə qədər yatmayan və gözəl olduğu qədər də hiyləgər qadının Zöhrabla yaxınlaşmaq istəyində əsas üç məqsədi, var idi. Birinci məqsədi  rayonda hamıdan pullu olan raykom katibini ələ keçirmək. İkincisi hər an işdən çıxarılmasından səksədə olan ərini nə yolla olur-olsun vəzifədə saxlamaq məqsədi. Pərcan eşitmişdi ki, ərinin vəzifəsinə  çoxlu göz dikənlər var və onların hərəsi bir yol axtarır ki, rayon Sovetinin sədri olsunlar. Pərcan bilirdi ki, nə qədər ki, əri bu vəzifədədir, pulları indiki kimi başlarından aşacaq. Rayonun bütün arvadları ona paxıllıq edəcək, necə ki, indi eləyirlər. 
         Üç uşaq anası Pərcanın üçüncü istəyi isə daha müdhiş bir istək idi. Daxilən bu riyakar qadının yaşadığı həyat onu heç qane etmir, gec də olsa romanlardakı məhəbbətdən dadmaq, kinolardakı gizli sevgi məcəralarını yaşamaq istəyi ona rahatlıq vermirdi. Bu qara sevda onun beynini elə dumanlandırmışdı ki, sayılan vəzifələrdə işləyən ərinin, qardaşının adına ləkə gətirəcəyi haqda düşünmək belə istəmir, üç uşaq anası olduğu haqda belə varmırdı. Bir anlığa onları yadına salanda «Hər şey cavan canıma qurban olsun» deyib, onu ayıltmaq istəyən  fikirlərdən uzaqlaşmağa çalışırdı. Zöhrabın hündür boyunu, şux qamətini yadına salıb, subay-salıq qız uşağı kimi «bəxtəvər-bəxtəvər» gülümsəyirdi.        

                         Görüş planı 

         Səhərisi gün  günortaya az qalmış Zöhrab zəng edib Feyzullanı tapdı. Onu yanına çağırtdırdı. Bakıdakı həkimin adını, bütün koordinatlarını- telefonunu, işlədiyi xəstəxananın yerini- hamısını vərəqəyə yazıb Feyzullaya verdi və ona möhkəm tapşırdı:
         -Bax, xəstələrin əlindən həkimin bir saat olsa belə vaxtı yoxdur, amma mənim xətrimi istəyir deyə, mənim göndərəcəyim xəstəni mütləq qəbul edəcəyinə söz verdi. İki həftədən sonra Kiyevə, konfransa getməlidi, ona görə tapşırdı ki, mümkünsə, xəstə iki günə gəlsin. Gəlməsə gərək bir də bir aydan sonra gəlsin. Məncə bunu uzatmağın da heç bir mənası yoxdur.  
           Əlbəttə, Zöhrabın  Bakıda Kərim Məmmədhüseynov adlı yaxşı həkim dostu var idi. Amma Kiyev, konfrans məsələsi, hamısı özünün uydurması idi. 
           Feyzulla Zöhraba diqqətlə qulaq asandan sonra onunla  razılaşdı:
           -Əlbəttə, mən də sizinlə razıyam, heç sonraya saxlamaq lazım deyil. Danışıram Pərcanla, günü bu gündən hazırlaşar, icazə versəniz Cavanşir də onu Bakıya aparar. 
           -Mən Cavanşirə sənin xətrinə bir həftə icazə verirəm. Mərkəzdən də soruşsalar  deyəcəyəm  iş dalınca göndərmişəm. Sən bu barədə narahat olma. 
        Feyzulla kabinetdən çıxan kimi, Zöhrab sevindiyindən uşaq kimi oynamağa başladı. Şkafda gizlədiyi konyakdan bir qədəh süzüb boşaltdı. Kefi kök, damağı çağ idi. Elə bil çiynindən böyük yük götürülmüşdü. Tez telefonu götürüb Pərcana zəng elədi.     
         Dəstəyi uşaqların ortancılı  – Nərgiz qaldırdı. Onun beş yaşı vardı. Amma hələ də yaxşı dil açmamışdı:
         -Ayo, ayo !
         Zöhrab uşağın səsindən Nərgiz olduğunu bildi. Səsini azca dəyişdirib soruşdu:
         -Ya atanı, ya da ananı telefona çağır!
         -Ana, cəl telefona, deyə Nərgiz anasını telefona səslədi.    
         Pərcan uzanmışdı deyə, ərincək telefona gəldi. Dəstəyi qaldıran kimi «həsrətindən yandığı sevgilisi»nin səsini eşitdi, sevindi. Amma telefonda kimsənin səslərini eşidəcəyindən ehtiiyat edib qorxudan üsüörtülü danışdılar:
         -Necəsiniz?
         -Sağ olun, yaxşıyıq, sizin işləriniz necədir?
         -Bizim işlər əladır. Bu gün sizə söz verdiyim o işi də həll elədim. Allah qoysa, bu yaxınlarda gedib müalicəni alarsan. Hər şey mənim planlaşdırdığım kimi olacaq. Narahat olmağına əsas yoxdur. Feyzulla ilə danışmışam, razılığını almışam.
         -Sevindirdiniz məni. Axır ki... Amma çox xahiş edirəm, ehtiyatlı olun.     
         Bu vaxt həyətdən evin böyük oğlunun – Nahidin səsi gəldi:
        -Ana, əgər Ənnağı əmidirsə, soruş gör, axşamüstü gedib boz atını götürsəm olar?
        -Yox, Dəhrəli kəndindəki əmoğlum Yusif idi deyib, Pərcan qorxudan  «həsrətlisi» ilə sağollaşmamış dəstəyi yerinə qoydu.    
         Zöhrab zəng edib Kərim həkimlə plan qurmuşdu. Dekabrın 30-da Pərcan onların danışdığı kimi Bakıda, Kərim həkimin  xüsusi xəstələri üçün ayırdığı evində olacaqdı. Pərcan Gənclik metrosunun yaxınlığında  yerləşən həmin evə gələn kimi Kərim həkimlə Zöhrab zəngləşməliydilər. Həmin zəngdən sonra da Zöhrab hesabatı Bakıya aparmalı və iki gün də orada qalıb, Pərcanla yeni ili qarşılamalıydı. 
                      
                              Bir az da keçmişdən     

     Zöhrab Moskva Dövlət Elektrotexnika institutunda oxumuşdu. Həmin instituta da onu əmisi düzəltdirmişdi. Tanışlarının vasitəsilə, pulla. İnstituta girəndə Zöhrabın cəmisi 18 yaşı vardı. Dörd illik ixtisası 8 ilə başa vuran bu cavan oğlan həyatını cavanlarla veyillənməklə və alverçiliklə məşğul olmaqla  keçirirdi. Qaldığı yataqxanada «Brodyaqa Zoxrab» ləqəbini də qazanmışdı. Yataqxana beşmərtəbəli idi.  Beşinci mərtəbədə mühəndis-cihazqayırma ixtisasının tələbələri qalırdılar. Burada yaşayan cavanlar iki qrupa ayrılmışdılar, «professorlar» və «brodyaqalar».  Yəni oxuyanlar və  oxumayıb veyillənənlər. «Brodyaqa»lara Zöhrab başçılıq edirdi. Hər gecə yataqxanada cavan qız, oğlanlarla  içki, eyş-işrət məclisi düzəldir, səhərə qədər əylənirdilər. Zöhrabın o vaxt Sveta adlı bir yaxın rəfiqəsi də vardı. Onlar çox vaxt bir otaqda qalırdılar. Bundan başqa Eursk vağzalında daima bilet alveri edən dostları da vardı. Vasyə adında. Onların gəzməkləri də yeyib-içməkləri də bir yerdə olardı. 
       Bəli, Raykom katibinin keçmişi belə olmuşdu. Mərkəzi Komitədə heç kəs, hətta Süleyman da Zöhrabın bu ləqəbindən, bu  işlərindən xəbərsiz idi. 

                               Görüş gününə hazırlıq 
         

     Nəhayət ki, iki həsrətlinin görüş günü gəlib çatdı. Zöhrab özünə yer tapa bilmirdi. Stolunun üstündə bütün sənədləri yığışdırıb stolun siyirməsinə qoymuşdu ki,  bircə görüş məsələsi ilə məşğul ola bilsin. Bircə neçə aylardan bəri onu intizarda qoyan Pərcanına çatsın. Bu fikirləri bir an da olsa ona rahatlıq vermirdi. Bütün günü qadının ağappaq çöhrəsi, gizli, mənalı baxışları bir an da olsa kişiyə rahatlıq vermirdi. Son dəfə qadını görəndə isə onun «Apar, məni hara istəyirsən apar» deyə qulağına pıçıldadığı sözləri dönə-dönə qulaqlarında əks-səda verirdi. Zöhrab artıq heç nə düşünmək iqtidarında deyildi. Bu fikirlər içərisində katib başını iki əlləri arasına almış və dərin fikirlər içərisində çapalayırdı. Kabinet onu sıxırdı, getməyə, gəzməyə yer axtarırdı. Özünə yer tapa bilmirdi.       
        Əfrayım əmi ona dekabrın 30-nun illik hesabatın təqdim edilməsinin sonuncu günü olduğu haqda dəfələrlə xəbərdarlıq etmişdi. Amma Zöhrabın fikri-zikri yalnız Pərcanın yanında qalmışdı. Qadın onu öz gözəlliyi, naz-qəmzəsi ilə tamam ovsunlamışdı. Dünən də, srağagün də Süleymanın da  ona illik hesabat haqda tapşırığı tamam Zöhrabın yadından çıxmışdı. Daha doğrusu, illik hesabat mühasib tərəfindən çoxdan hazır idi, hətta Zöhrab öz şişirdilmiş rəqəmlərini də çoxdan cədvələ düzmüşdü. Amma hesabat ağ qovluğun içərisində seyfdə olsa da  Zöhrabın yadına da düşmürdü ki, onu bu gün Mərkəzi Komitəyə  çatdırmalıdır.  
        Katib həkim dostu ilə sonuncu dəfə danışdı. Həkim muştuluq xəbəri – Pərcanın artıq həkimin otağında olduğu xəbərini ona çatdıranda Zöhrabın az qaldı sevincindən ürəyi yerindən qopsun. Heç sağollaşmamış dəstəyi yerinə qoydu. 
       Zöhrab bu cür fürsəti əldən verməmiliydi. O bu günün çoxdandır ki, həsrətindəydi. Ürəyi nanə yarpağı tək titrəyir, həyəcanlı anlar yaşayırdı.
        O ilk əvvəl sürücünü yanına çağırtdırdı. Əliş kişiyə təcili Bakıya getməli olduqlarını bildirdi. Maşın hazır idi. Sürücü artıq neçə gün qabaq bilirdi ki, dekabrın 30-da Bakıya hesabat aparmalıdırlar. 
        Zöhrab başını itirmiş halda aparat işçilərini yığıb onlara bəzi tapşırıqlar verdi və hamıya məlum etdi ki, Mərkəzi Komitəyə hesabat aparır. Beş dəqiqəlik iclas başa çatan kimi yola tədarük gördü. Yola çıxmaq üçün pul götürmək üçün seyfi açdı. Orada iki qovluq vardı. Onları stolun üstünə qoyub seyfin dibində gizlətdiyi iyirmi beşlik paçkasından ikisini götürdü.
       Gözü seyfin alt gözündəki qızıllar və pullarla dolu olan  Sonra Zöhrab fikirləşdi ki, dünyanın işini bilmək olmaz. Bu qədər pulu, qızılı özündən uzaqda qoyub getmək də ağılsızlıqdır. Əliş kişi «ağzıbütöv» adamdır, deyirlər, lazım olsa qoyaram yanında. 
     Bu fikirlərlə  o, seyfdəki puları təzədən sayıb diplomat çantaya yığdı. Qızılları da səliqəylə əl dəsmalının arasına qoyub diplomatın küncünə qoydu. Bir xeyli onlara baxdı. İlahi, onun ömründə bu qədər var-dövləti olmamışdı.Bir də ağlından keçdi ki, çantanı bəlkə Bakıya- arvadının yanına qoysun, tez də bu fikrindən əl çəkdi. Çünki onların arası çox soyuq idi. Vəzifədə olmasına görə arvadını boşaya bilmirdi, yoxsa çoxdan boşamışdı. Qorxurdu ki, boşanmağı ona hər yerdə maneə ola. Yoxsa elə bu saat ərizə yazıb katiblikdən çıxar, ömrünün axırına qədər bu pullarla kef çəkərdi. Pərcanı da özü ilə aparardı. Pərcanı yadına salan kimi Zöhrab elə bil nəşəli fikirlərindən ayılan kimi oldu. 
      Seyfi bağladı. Qapıdan çıxmaq istəyəndə yadına düşdü ki, hesabatı götürməyib. Yolundan geri qayıtmağı xoşlamasa da qayıtdı. Dilxor-dilxor  təzədən seyfi açdı. Seyfdə cəmi iki qovluq vardı. Biri hesabat qovluğu, digəri isə Mərkəzi Komitədən və Dövlət Təhlükəsizlik Komitəsindən gələn məxfi sənədlər qovluğu. Üstdəki qovluğu qoltuğuna vurub kabinetdən çıxdı.
       Əliş kişi hələ katibi belə kefli, nəşəli görməmişdi. Zöhrab sürücüsü ilə yol boyu şit-şit, vəzifəsinə yaraşmayan zarafatlar edir, yerli-yersiz qəhqəhə çəkib gülürdü. Hələ bir dəfə də olsun sürücüsünə bir manat verməyən Zöhrab maşına oturan kimi Əliş kişiyə iki iyirmibeşlik verdi:
      -Əliş kişi, götür bunları, gələndən başım qarışıq olub, sənə əməlli pul-zad verməmişəm.  
      -Zöhrab müəllim, niyə narahat olursunuz? Vallah, billah mən sizdən heç nə ummuram. Allah canınızı sağ eləsin, mənə heç nə lazım deyil, deyə sürücü utandığından pulu götürmək istəmədi. 
      -Az danış, götür deyirəm, götür, sözü çevirmə, - deyib katib pulu qabaq oturacağa qoydu.
       Əliş kişi çəkinə-çəkinə pulu götürdü: 
      -Nə deyirəm ki, cibiniz bərəkətli olsun.
       Sonra Zöhrab əlindəki qara diplomatını da Əliş kişiyə verdi:
       -Bu diplomat da sənə əmanət. Özün bilirsən mən hər adama etibar eləmirəm. Bilirəm, sən bütöv adamsan, ona görə ancaq sənə etibar edirəm. İçində bir az pul var. Başqasınındı. Kabinetdə qoymadım ki, nigaran qalaram.
         Əliş kişi diplomatı alıb yanına qoydu:  
        -Arxayın ol, yoldaş katib, mən on beş ildi katiblərnən işləyirəm. Belə şeylər çox görmüşəm. heç bir nigarançılığın-zadın  olmasın. 
         Zöhrab bir az arxayınlaşdı. 
     
                    
                      Hesabat təqdim edildi

     İki saatdan sonra onlar artıq Bakıda, Mərkəzi Komitənin qarşısında idilər. Girəcəkdə oturan milis işçisi Zöhraba  dedi ki, yuxarıda iclasdır, ora qalxmaq olmaz. Zöhrab vaxtı itirməməkçün oğlanın cibinə bir beşlik basıb pilləkənlərlə yuxarı altıncı mərtəbəyə qalxdı. Sülemanın katibəsi bildirdi ki, iki gündür Süleyman xəstədir, işə çıxmır. Zöhrab hesabatı kimə verəcəyini fikirləşdi. Axırda qərara gəldi ki, qovluğu ümumi şöbəyə versin, hansı şöbəyə lazımdırsa, ora da göndərərlər. Özü də vacib işinə yubanmasın. Belə bir qərara gəldiyinə özündən xoşu gəldi. Ümumi şöbəyə yaxınlaşıb şöbə müdirinin otağına girdi. Məryəm xanım otaqda tək idi. Zöhrab Məryəm xanımı çoxdan tanıyırmış kimi hay-küylə içəri girdi:
      -Xoş gördük sizi, Məryəm xanım!
      -Xoş gününüz olsun, - deyə Məryəm xanım gülərüzlə ona cavab versə də Zöhrabı tanımadığı üzünün ifadəsindən bilinirdi.
       Zöhrab özünü təqdim etdi: 
      -Zöhrab Səltənətliyəm, raykom katibi, yadınızdadır, təsdiq olunmağım haqda sərəncamı Siz özünüz mənə təqdim etmişdiniz.
       Məryəm xanım əlini-əlinə vurdu: 
      -Hə, yadıma düşdü. O vaxt bu cür paltoda, papaqda deyildiniz, ona görə tanımadım. Bağışlayın siz allah, tanımadım. Necəsiniz?
      -Çox sağ olun, yaxşıyam. Özüm gəldim ki, yeni ilinizi təbrik də edəm, deyib cibindəki konverti çıxarıb Məryəm xanımın stoluna qoydu. 
      Qadın qızardı:
      -Çox sağ olun, sizin də yeni ilinizi mən təbrik edirəm. 
       Konverti göstərib, -Nə əziyyət çəkirsiniz, buna ehtiyac yoxdur, desə də o tərəf bu tərəfə baxıb konverti tez stolun siyirməsinə qoydu. 
      Zöhrab məmnun halda ağ qovluğu da Məryəm xanıma verdi:
      -Zəhmət olmasa bunu da müvafiq şöbəyə verərsiniz.
      -Baş üstə yoldaş katib,- deyə Məryəm xanım eyni nəvazişlə Zöhraba baxdı və razı halda gülümsündü. 
      -Çox sağ olun, bir daha neçə belə yeni illərə çıxaq, deyən Zöhrab Məryəmlə sağollaşıb, bununla Komitədəki işini bitmiş hesab elədi.  Dərindən bir nəfəs aldı. Sanki çiynindən ağır bir yük götürülmüş kimi. Komitənin çıxacağından zəng edib Kərim həkimi aradı. Pərcanın yanında tam sakitlik olduğunu eşidib sevindi, ünvanı dəqiqliklə öyrənib maşını ora sürdürdü. 
     Maşın Bakının küçələri ilə şütüyür, ara-sıra yağan qar maşının şüşələrinə çırpılırdı. Arada şübhəli bir sükut vardı. Əliş kişiyə elə gəldi ki, Zöhrab həyəcan içərisindədir. Onu fikirdən yayındırmaq və həyəcanını azaltmaq üçün sükutu pozdu:
      -Hesabatı təhvil verə bildinizmi Zöhrab müəllim?
      -Əliş kişi, qurban olum sənə, hesabatdan-zaddan danışıb qanımı qaraltma. , yaxşısı budur götür bu iyirmi beşliyi, - o cibindən şax bir iyirmibeşlik çıxarıb Əliş kişiyə verdi və sözünü davam elədi, -yaxşı bir bazarlıq elə, gətir bax, bu kağızda yazılan ünvana. İki dənə də yaxşı araq almağı yaddan çıxartma. Yoldaşlarla yeni ili qeyd edəcəyik. Tez gəl. 
      Dünyagörmüş, neçə-neçə katiblər yola salmış Əliş kişi başa düşdü ki, katib belə həyəcanla çoxdan bəri həsrətdə qaldığı bir qadının görüşünə gedir. 
      Bircə onu başa düşmədi ki, katibin belə həsrətlə görüşünə can atdığı üç uşaq anası, hər yerdə namusdan, qeyrətdən ağız dolusu danışan Fezullanın gözəl arvadı, Rayon cavanlarının tərbiyəçisi, komsomol Cavanşirin bacısıdır. 
 Əliş kişi həmişəki kimi, «Baş üstə», deyib, daha söz deməyə ürək eləmədi. 
       On beş dəqiqədən sonra maşın Gənclik metrosuna yaxın bir yerdə beşmərtəbəli binanın qarşısında dayandı. 
      
                           Baş tutmayan vüsal
  
      Zöhrab evi çoxdan tanıyırmış kimi maşından düşən kimi ikinci bloka girdi. Birinci mərtəbədə dayanıb o tərəf bu tərəfə baxandan sonra yavaşcadan, qorxa-qorxa  üstündə 16 rəqəmi yazılmış  qapını döydü. Qapını tibb bacısı açdı. Ağ xalatda. İçəridə çarpayıda isə Pərcan uzanmışdı. Qadının rəngi həyəcandan ağarmış, o daha da gözəlləşmişdi. Həyəcandan Zöhrabın  dili söz tutmurdu. O, güclə, boğula-boğula  danışırdı. Bir az da tibb bacısının burada olması katibi lap birtəhər eləmişdi. O yazıq-yazıq tibb bacısına baxdı. Tibb bacısı bu baxışların mənasını başa düşmədi, elə bildi qonaq çay istəyir:
      -Mən bu saat sizə çay düzəldərəm, soyuqdan gəlibsiniz. 
      Zöhrab etiraz elədi: 
      -Yox, əziyyət çəkməyin,- istədi etiraz etsin boğazı qurumuşdu deyə, etiraz etmədi. 
      Çay hazırlamaq üçün mətbəxə keçmək istəyən tibb bacısı telefon zənginə ayaq saxladı. Dəstəyi götürdü. Zəng edən  Kərim həkim idi. Elə bərk danışırdı ki, səsi otağı bürümüşdü:
      -Salam, Zəhra!
      -Salam doktor!
      -Necədir bizim xəstə, Pərcan xanımı deyirəm, ağrımır ki ? 
      -Yaxşıdır, dediyiniz qohumu da yanına gəlib. 
      -Lap yaxşı. Sən isə orada ləngimə. Yarımçıq yazılmış xəstəlik vərəqələri var, onları təcili yazıb doldurmaq lazımdır, Səhiyyə Nazirliyindən ( Canəli müəllim, dəqiqləşdirmək lazımdır, o vaxt Səhiyyə Nazirliyinin adı nə olub) istəyiblər, ora aparmalıyam. Otur taksiyə, tez gəl xəstəxanaya. Mən Pərcana vəziyyəti başa salaram, bu günlük  sənsiz keçinər. 
       Zöhrab telefon söhbətini eşitdikcə içi gülürdü. Pərcana baxır, baxdıqca da domba gözləri xumarlanırdı. Telefon danışığı uzandıqca soyuqdan gəlmiş katibin səbri tükənirdi.   
      -Doktor, qonaq soyuqdan gəlib, olar ona çay dəmləyim sonra gəlim?- bu sözləri deyəndə, qız ani olaraq çevrilib «qonağa» baxdı və onun Pərcana zillənmiş xumar, nəşəli  baxışlarının şahidi oldu. Bu ehtiras, şəhvət dolu baxışlardan qız elə bil diksindi. Hər şey ona aydın oldu. Pərcanın ailəli olduğunu qız bilirdi. Onu da başa düşürdü ki, bu gələn onun əri deyil, başqa kişidir. Bütün bunları özündə götür-qoy edə-edə dönüb nifrətlə Pərcana baxdı.  İlk dəfəydi ki, tibb bacısı işlədiyinə peşmançılıq çəkdiyini hiss elədi. Hirslə Kərim həkimə  həmişəki kimi «baş üstə» deyib dəstəyi yerinə qoydu. Demək olar ki, yerinə çırpdı. Dəstəyin səsinə Zöhrab da Pərcan da diksindilər. 
       Zəhra o dəqiqə  kimsəyə bir söz  demədən, paltosunu geyinib çantasını götürdü, sağollaşmadan qapıdan çıxdı. 
       Qız çıxan kimi  Zöhrab qapını bağlamaq üçün ayağa durdu. Onun çıxıb getdiyini yəqin eləmək üçün qapının gözlüyündən baxdı. Bu vaxt qapının ağzında iki milis nəfərinin o yan bu yana baxaraq hansısa ünvanı axtardıqlarını gördü. Az keçmədi ki, milislərdən biri qapını döydü. 
      Zöhrab əvvəlcə istəmədi qapını açsın, amma onlardan birinin əlində Əliş kişiyə verdiyi kağızı tanıyanda fikrindən daşındı. Bildi ki, kişinin başında bir iş var. Onda olan əmanətindən nigaran qaldı. Qapını açdı.   
        Milislər dəvət gözləmədən evin dəhlizinə girdilər. Hər ikisi orta yaşlı olardı.  
       -Salam!  Özümü təqdim edim, milis mayoru İsmayılov, - o ara verərək yanındakı yoldaşını göstərdi,  - baş leytenant Dadaşov. Şəhər milis idarəsindənik. İçəri keçmək olar? Söhbətimiz var sizinlə. 
        Zöhrabın nigarançılıqdan səbri çatmadı, əsəbi halda dilləndi:
        -Xeyr, olmaz! Eşidirəm sizi, nə lazımınızdır?
        Mayor İsmayyılov bu cavabı adi qarşıladı:
        -Bizə raykom katibi, Zöhrab müəllim lazımdır.
        -Mənəm, nə olub ki, -  soruşan Zöhrabın rəngi bir az da qaçdı.
         Bu dəfə baş leytenant Dadaşov dilləndi:
        -Yol qəzası baş verib, AZM 45-00 nömrəli maşının sürücüsü, yəni sizin sürücünüz, Əlişir Kazımov maşınla adam vurub. Həmin adam və sürücünün özü də ağır vəziyyətdə xəstəxanadadırlar. Sizin maşının isə qabaq hissəsi səkidəki elektrik dirəyinə dəyib dağıldığından  qaradskoyun qarajına aparıpıb. 
        Zöhrab dəhşətə gəldi. Qulaqlarına inanmadı. Elə bildi eşitdiklərini yuxuda eşidir. Aldığı xəbərdən bütün vücuduna titrəmə gəldi.  
        Dadaşov isə heç nəyə fikir vermədən sözünü axıra çatdırdı:
        -Maşının içərisində olan nə varsa siyahıya almışıq. Onların kimə məxsus olduğunu araşdırmaq üçün sizin izahatınız da vacibdir. 
       Bu anda Zöhrab  nədən söhbət getdiyini o saat başa düşdü. Əliş kişini  yox, öz var-dövlətinin aqibətini fikirləşdi. Onları qurtarmaq üçün yollar, yalanlar axtardı. Amma xəbərdən çaşmışdı, deyə, Heç bir çıxış yolu ağlına gəlmirdi.  
       Bircə gücünü toplayıb bunu deyə bildi:
      -Mənim ağır xəstəm var, onun yanına gəlmişəm, siz hara gəlmək lazım olduğunu deyin, mən gəlib izahatımı verərəm.  
      -Xeyr, yoldaş Səltənətli. Söhbət çox ciddi bir məsələdən gedir. İzahatlar bu saat təsdiq olunmalıdır.  Sonraya saxlaya bilmərik. Xahiş edirik bizimlə gedəsiniz. 
       Zöhrab yenicə əynindən çıxartdığı paltosunu təzədən geyindi. Boylanıb təəsüflə Pərcana baxdı. Pərcan danışıqlardan və Zöhrabın baxışından bir şey anlamadı. Elə başa düşdü ki, onların görüşü haqda kimsə milislərə xəbər verib. Bunun bir qurğu olduğunu yəqin elədi. Özü də Kərim həkimin vasitəsilə qurulmuş bir qurğu. Ürəyində bir anın içərisində Zöhraba nifrət yarandı.        
       Yorğanı bir tərəfə atdı. Ətir iyi bütün evi götürdü. Bayaqdan ətir iyindən az qala bihuş olacaq qadını indi bu qoxu hiddətləndirdi. Aynanın qarşısındakı fransız ətrini götürüb var gücü ilə aynaya çırpdı. Aynanın sınıqlarında öz əksini gördü. Hirsindən, hikkəsindən rəngi boğulmuşdu. Elə bil bir anın içərisində solmuş, bayaqkı naz-qəmzəli, gözəl qadından əsər-əlamət belə qalmamışdı.  
         Amma Pərcan səhərə qədər Zöhrabı gözlədi. Zöhrab isə gəlib çıxmadı ki, çıxmadı. Sübh tezdən durub göz yaşları içərisində  yığışdı.  Zöhrabın bircə dəfə də olsun zəng etməməyi onu lap yandırdı. Elə göz yaşları içərisində  də yol maşını tutub rayona yola düşdü. Yol boyu Zöhraba inandığına görə özünü qınadı, danladı. Peşiman-peşiman evinə qayıtdı.              


                        İkinci bəd xəbər

        Yeni ilin səhərisi Zöhrab Süleymana zəng elədi. Onlar «Qurd qapısı» adlanan restoranda, kabinələrin birinə çəkilib söhbət elədilər. 
        Süleyman Zöhrabın ağarmış rəngini, çuxura düşmüş gözlərini görəndə  elə bildi ki, Zöhrab raykomda baş verənlərdən xəbərdardır. Onların arasında qarışıq bir söhbət alındı:
        -Vladimir Timofeeviçin yanına getməmisən? 
        Zöhrab əvvəlcə elə başa düşdü ki, Süleymanın onun başına gələnlərdən xəbəri var. Suala sualla cavab verdi: 
        -O kimdir elə?
        -Xüsusi şöbədə işləyən Vladimir Timofeeviçi deyirəm. 
        -Məni milis rəisinin özü çağırmışdı. Özü ilə söhbət eləmişəm. Açıqcana təklifimi də elədim, razılaşmadı. 
         Əvvəlcə Zöhrab Süleymandan olanları gizlətmək istəyirdi. Amma söhbət əsnasında onun hər şeyi bildiyini zənn edərək heç nəyi gizlətmədi. Sən demə, Zöhrab yanılıbmış. Dostu  onun başına gələnlərdən  tamam xəbərsizdi.  
         -Nə milis, nə təklif, sənin sözlərindən heç nə başa düşmürəm. Bu üç günü harada itib batmısan? Nə olub ki, yoxa çıxmısan. Mənimlə açıq danış. 
        -Mən elə bilirəm sənin xəbərin var, ona görə danışmıram.
        -Əliş kişi avariya eləyib, maşınla adam vurub. Özü bir az yalanıb, amma vurduğu adam  ölümcül Semaşkodadır.   
        -Yaxşı, mən başa düşə bilmirəm ki, Əliş kişi adam vurub, yaralayıb, ya öldürüb, bunda sənin nə taqsırın var ki, cinayətkar kimi gizlənmisən?  
        -Mənim bədbəxtliyim burasındadır ki, avariyadan sonra Əliş kişi huşunu itirib. Onu xəstəxanaya aparıblar. Maşını isə QAİ-yə aparanda onun içində nə var siyahıya alıblar. İşin tərsliyindən seyfdəki pullarımı, bir də qızıllarımı  diplomat çantaya qoyub saxlamaq üçün Əliş kişiyə vermişdim. Hamısını tam manatına qədər, qızılların sayına qədər siyahıya alıblar. İndi iş böyüyüb, bu qədər pulun, qızılın kimə məxsus olması haqda məndən izahat istəyirlər. Rəisin özünün yanında oldum, nə qədər dil tökdüm ki, pulun yarısını götürsün, səs-küyə salmasın, razılaşmadı ki, razılaşmadı. 
      Süleyman eşitdiyi xəbərdən  dəhşətə gəldi. «Pripiska» xəbəri bu xəbərin yanında yüngül xəbər idi. Bu xəbərdən isə nəinki Zöhraba, hətta Süleymana da ziyan dəyə bilərdi. Raykom katibinin maşınından bu qədər pulun tapılması, özü böyük cinayət idi. Bu pulların kimə məxsus olmasını milis aydınlaşdıracaqdı. Sorğu-sual olacaqdı. Protokollar tərtib olunacaq, bu haqda məlumatlar Mərkəzi Komitəyə qədər gedib çıxacaqdı. Milisdə bu haqda mütləq cinayət işi qaldırılacaqdı. Haqqında cinayət işi qaldırılan adam da heç vaxt raykom strukturunda qala bilməzdi. Süleymanın irəli sürdüyü kadrın  özünü belə göstərməsi Mərkəzi Komitönin şöbə rəisinin işdə qalıb-qalmaması məsələsinə də  öz mənfi təsirini göstərəcəkdi. Süleymanı, Zöhrab kimi cinəyatkarı irəli çəkdiyinə görə çox asanlıqla işdən kənarlaşdıra bilərdilər.
      Bu fikirlər bir anın içərisində Süleymanın başını şişirtdi. Başını əlləri arasına aldı. Vəziyyətdən çıxış yolu görmədi. 
      Süleymanın dizləri titrədi, özünü güclə ələ aldı. Dostunun bilmədiyi o biri bəd xəbəri isə  Zöhraba belə çatdırdı:
       -Sən elədiklərinlə mənim də karyerama son qoyacaqsan. Heç bu haqda fikirləşmisən? 
        Zöhrabın səsi titrəyirdi: 
       -Mən haradan biləydim ki, Əliş kişi bu hoqqanı çıxaracaq?
       -Hələ mən onu demirəm, mən sənin dəfələrlə yadına salmışdım ki, dekabrın 30-u hesabatın son günüdür?
       Zöhrab gözlərini döyə-döyə cavab verdi:
       -Dekabrın 30-u günorta saat 3-də hesabatı ağ qovluğun içərisində öz əlimlə Məryəmə vermişəm. İstəyirsən bu saat onun yanına gedək. 
       -Yox, Zöhrab, çox gecikmisən. Özü də sənin Məryəmə verdiyin hesabat qovluğu deyil, məxfi sənədlər qovluğu olub. Qovluğun içərisində elə sənədələr də  olub ki, həmin sənədlə tanış olub, orada yazılanları icra edəndən sonra başqa ələ keçməsin deyə onu dərhal yandırmalıydın. Sən isə onları saxlamağın bəs deyil, hələ gətirib əldən-ələ də vermisən. 
        Məryəm qovluğun sənədləri ilə tanış olandan sonra onları sənin dediyin kimi aidiyyəti şöbəyə çatdırıb. Amma sənəddə xüsusi şöbəyə aid sənədlərin olduğuna görə Məryəm onları sosial-iqtisad şöbəsinə deyil, xüsusi şöbəyə göndərib. Məxfi sənədlər bu yolla xüsusi şöbənin rəisi Vladimir Timofeeviçin əlinə keçib.  Qovluğu alan demaqoq xaxol aləmi ayağa qaldırıb ki, göndərdiyim sənədlərə raykom katibi dırnaqarası baxır, onları icra etmir.
       Digər tərəfdən də hesabatın sonuncu tarixə qədər təqdim etməməyin və kimsəni xəbərdar etmədən yoxa çıxmağından aləm bir-birinə qarışdı. Zəng edib rayondan hesabatı istədilər. Heç kəs tapıb verə bilmədi. 
       Əfraim əmiyə tapşırıq verdilər o da təzədən bütün kolxoz, sovxozlardan məlumat  yığıb hesabat tərtib etdi. Hər rüb verilmiş hesabatlarla illik hesabat arasında böyük fərq alındığına görə  mərkəzdən rayonun «pripiska» ilə məşğul olmağından şübhələndilər. Elə həmin saat  hesabatlarınızı  təzədən yoxlamaqçün  rayona  7 nəfər göndərdilər. Gedənlər Əfraim əminin hesabatlarının düzgün olduğunu təsdiq elədi. Rayonunuzun rəqəmlərindən göründü ki, hər rüb verdiyin rüblük hesabatlara görə  neçə min hektar əkin sahələrini hesabatlarda yarıbayarı az göstərməklə siz planı artıqlaması ilə yerinə yetirməyə nail olmusunuz. Məhsul planını artıqlaması ilə yerinə yetirdiyinizə görə hələ mükafat da almısınız. Moskvadan bunu bilsələr dərimizə saman təpərlər. Ona görə də ordakılara çatmamış, burdakılar tez bu məsələyə baxacaqlar. Səni cəzalandıracaqlar ki, özləri cəza almasınlar.  
       Bu günlərdə sənin məsələnə büroda baxılacaq. Partiya sıralarından çıxarmaqla canını qurtarsan böyük işdir. Təki cinayət işi qaldırmasınlar. 
       
                              
        
       Süleyman ikinci bəd xəbəri gətirmişdi.  Zöhrab olmayan bu üç günün ərzində Mərkəzdən yeddi nəfər komissiya tökülüb gəlmiş gəlib katibin otağını açdırmış  Təzə ilin qədəmi Zöhraba düşməmişdi. bu xəbəri Süleymandan eşidən kimi süstləşdi. Beynindəki fikirlər bir-birinə qarışdı. Pərcan haqda fikirləşmək vaxtı deyildi. İndi ancaq o özünü fikirləşməliydi. 
       Zöhrab üçün bu qara xəbərdi. Dəhşətli xəbərdi. Bütün rayonlar «pripiska» ilə məşğul olduqları vaxt tərslikdən bircə onun işlərinin üstü açılmışdı. Bir tərəfdən də bütün pulları, qızılları əlindən çıxmışdı. İş düzəltmək adı ilə neçə adamdan aldığı pullar batmışdı. Bu pulları o necə qaytaracaqdı o ? 
        Ən dəhşətlisi isə Əliş kişinin ilişməyi oldu. İndi o hansı yolla olur olsun özünü təmizə çıxarmalı idi. Amma yol yox idi. Süleyman da ona heç bir kömək vəd eləmədi. Bircə möhkəm tapşırdı ki, onu heç vaxt ələ verməsin. Balaları var. 
         Belə vaxtda hər kəsən özünü fikirləşirdi. Zöhrab heç kəsdən kömək gözləmirdi. Düşüncələri onu məngənə kimi sıxırdı. Bütün ömrü boyu çalışmışdı. Çalışmışdı ki, varı-dövləti olsun. İstəklərini həyata keçirtsin. Elə təzəcə arzularına çatırdı ki, hər şey bir-neçə günün içərisində məhv olub getdi. Özü də bircə qadının güdazına. Necə pis niyyətli imiş bu arvad, deyə  Zöhrab ürəyində  Pərcana nifrət elədi. Elə bil neçə aydan bəri həsrətində qaldığı, gecə-gündüz haqqında fikirləşdiyi həmin qadın deyildi.   
                                  
       
     
               Allah adamın axırını xeyir eləsin
    

      Komissiya işini qurtarandan sonra 22 səhifəlik Aktı imzalamaq üçün Əfraim əmiyə verdi. İkinci katib Zöhrab işlədiyi müddətdə özbaşınalığın  olduğunu bilirdi, amma bu dərəcədə olduğuna inana bilmirdi. İlkin partiya təşkilatlarının qərarı olmadan hər hansı məsələlərə baxılması və qərar qəbul edilməsi, həmçinin onların qərarına əsaslanmadan yüzə qədər adamın partiya sıralarına qəbul edilməsi və yaxud büro iclası keçirilmədən partiya sıralarından  üzvlərin xaric edilməsi və saxta səndlərlə büro üzvləri adından qərarların verilməsi, planın yerinə yetirilməsi haqqında Mərkəzi Komitəyə yalandan, şişirdilmiş rəqəmlərin göndərilməsi, rayonda heç bir əsas olmadan kadr dəyişikliyi ilə məşğul olması və sairə çoxlu sayda siyasi pozuntular. Bütün bunları oxuyub qurtarana qədər Əfraim əminin ürəyi sancdı, stolunun siyirməsini açıb oradan ürək həbi götürüb dilinin altına qoydu.   
      Komissiya işini başa vurandan sonra Bakıya qayıtdı. Ertəsi günü Bakıdan rəsmi telefonoqramma gəldi ki, işdə burağdığı nöqsanları nəzərə alıb Zöhrab Səltənətli vəzifəsindən kənarlaşdırılır və onun işi baxılmaq üçün cinayət orqanlarına göndərilir. 
       Sonda isə qeyd olunmuşdu ki, rayona təzə katib təyin edilənə qədər Əfraim Məcid oğlu Pənahlı katib səlahiyyətlərinin icraçısıdır.     
      Əfraim əminin yaşının bu vaxtında katiblik etməyi ürəyindən deyildi. O, çox tez yorulurdu.  Amma nə  etmək olardı, Mərkəzin qərarı bu idi. Razılaşmalıydı. 
       Bir neçə ay katib işini icra etdikdən sonra sonra nəhayət ki,
 rayona təzə katib göndərdilər. Əfraim əmi dərindən bir nəfəs aldı. Axır ki, o da səhhətinin qayğısına qalıb istirahətə gedə bilərdi. Çox  yorğun idi. Bir az Zöhrabın əməlləri bir az da katib işini aparmaq Əfraim əmini lap yormuşdu. Ona görə də mütləq uzaq bir yerdə dincəlmək qərarına gəldi. Dincəlmək üçün yer də seçdi. Qərara gəldi ki, neçə illər bundan qabaq Həmkarlar təşkilatının göndərişi ilə gedib dincəldiyi Moskva yaxınlığındakı Puşkino istirahət sanatoriyasına getsin. Ordan çox xoşu gəlirdi, həm sakitlik idi, həm də havası çox təmizdi. 
       Əfraim əmi az bir müddətdə yenə də Puşkino sanotoriyasına göndəriş alıb, yubanmadan Moskvaya yola düzəldi. 
      Ürəyi tez-tez ağrıdığından təyyarəyə minməyə qorxdu. Ona görə də iki gün yarım yol gedəcəyinin fərqinə varmadan qatarla getməyə qərar verdi. Kupedə tək olduğundan yol boyu bu bir il ərzində olanları beynində fırlatdı. Fikirləri, düşüncələri onu darıxmağa qoymadı. Bir də ayıldı ki, artıq Kursk vağzalındadır. Yol çamadanı ağır idi. Dönə-dönə Əzizəyə tapşırdığına baxmayaraq arvad çamadanına o qədər şey yığmışdı ki, ağırlıqdan çamadanı qaldırmaq olmurdu. Əslində isə Əfraim əminin ürək həkiminin tapşırığına görə ona beş kiloqramdan artıq yük qaldırmaq olmazdı. 
       Əfraim əmi çamadanı sürüyə-sürüyə birtəhər vaqondan düşürtdü. Tərslikdən yağış da ara vermirdi. Yağışdan islanmamaq üçün bütün hamballar arabaları ilə uzaqda sığınacaqda dayanmışdılar. Əfraim əmi  taksi dayanacağına qədər olan uzun bir yolu çamadanı əlində aparmalı olacaqdı. Bu da onun üçün çox çətin olacaqdı. Ona görə bir də diqqətlə ətrafa boylandı. Bu vaxt yağışın altında sərnişinlərə yüklərini daşımaq üçün az qala yalvaran bir hambal gördü. Rus dilində ləhcə ilə qışqırıb onu səslədi:
      - Ey, nosilşik, idi suda, suda idi ! (Ey yükdaşıyan, yükdaşıyan, bura gəl!).
        «Nosilşik»  müştəri tapdığına sevindi. Tez dəmir arabasını döndərib səs gələn tərəfə sürdü. Yağışdan islanmamaq üçün başına sarafan torba  saldığından üzü görünmürdü. Əfraim əmiyə çatan kimi onun çamadanını götürüb «taçkasına» qoydu və müştərisinin üzünə baxmadan kobud bir səslə yükü hansı tərəfə aparacağını soruşdu:
       -Deduşka, kuda dostavit vaş qruz? (Əmi, yükünüzü hara aparım?) 
        «Nosilşikin» səsini eşidəndə Əfraim əmi elə bildi ki qulaqlarına səs gəldi. Bir an səksəndi. Yağışın altında, yerindəcə duruxub qaldı. Bu səs ona necə də tanış idi, ilahi ? Zöhrabın səsiydi. Qulaqlarına inanmadı. Elə bildi ki, onu qara basır. Fikirləşdi ki, yəqin yol boyu bütün hadisələri başında o qədər fırladıb ki, qulaqlarına da tanış səslər gəlir. Özünü birtəhər sakitləşdirmişdi ki, qulağına yenə də Zöhrabın hökmlü səsi gəldi:
        -Ya spraşivayu kuda vaşi veşi dostavit? (Soruşuram əşyalarınızı hara aparım?).
        Yox, səs eynilə Zöhrabın səsi idi. Kobud, xırıltılı, özü də azərbaycanlı ləhcəsi ilə. Əfraim əmi özünü birtəhər toplayıb:
        - Qde ostanovka taksi, - (taksi dayanacağı hardadı) deyə soruşa bildi. Özü də başını əydi ki, «nosilşikin» yükdaşıyanın üzünü əməlli görsün. Amma o, elə cəld çamadanı götürüb yola düzəldi ki, Əfraim əmi onun üzünə baxmağa imkan tapmadı.
       «Nosilşik» arabasını da elə surətlə sürürdü ki, ona çatmaq olmurdu. 
        Bir xeyli yol gedəndən sonra nəhayət ki, taksi dayanacağına çatdılar. Bu vaxt yenə də Əfraim əminin qulağına Zöhrabın səsi gəldi:
        -Doexali –  (çatdıq), deyib, çamadanı yük arabasından yerə düşürtdü.
         Əfraim əmi cibindən bir beşlik çıxarıb «nosilşikə» uzatdı. «Nosilşik» beşliyi əlində o üzünə bu üzünə çevirib:
         -U menya sdaçi ne budet -  (məndə qaytarmağa xırda pul olmayacaq), -  dedi. 
       -Ne nado sdaçi – (pulun qalanı lazım deyil), deyə müştəri çıxıb getmək istəyəndə «nosilşik» sevindiyindən başını qaldırıb  əliaçıq adama baxdı. İstədi ona minnətdarlığını bildirib «spasibo», (sağ ol) desin, sözü boğazında ilişib qaldı. Hər ikisi qarşılaşan baxışlardan diksindilər. Yalnız indi Əfraim əmi yəqin elədi ki, qarşısındakı adam doğrudan da Zöhrabdır. Səsi gələndə kişilər qarşısında tir-tir titrəyən Zöhrab. Böyük, səkkiz min əhalisi olan bir rayona başçılıq eləyən adam - raykom katibi. Bir vaxtlar səsi gur-gur gurlayan zəhmli-zabitəli bir kişi. Saatlarla qəbuluna düşmək üçün növbə gözlətdirən Zöhrab. 
       Onların hər ikisinin baxışları qarşılaşanda «nosilşik » ildırım vurmuş adam kimi diksindi. Tez «taçkasını» sürətlə sürüb Əfraim əmidən uzaqlaşdı. Əfraim əminin  yanılmadığına şübhəsi qalmadı. Ürəyində şiddətli bir ağrı hiss elədi. Özünü saxlaya bilməyib dizi üstə səkiyə oturdu. Yaxınlıqdakı taksi sürücüsü onun halını görüb taksiyə oturmasına kömək elədi. Onu mehmanxanaya apardı. Əfraim əmi yol boyu düşündü: “Dünyanın işinə, zamanın hökmünə bax! Dünən vəzifə gücünə hökmranlıq edən, böyük, arxalı dağa bənzər bir adamın necə kiçildiyinə bax. Rusiyda, - qərib yerdə bir parça çörək pulu qazanmaq üçün ruslara yük daşımağa razılaşan raykom katibinin alçalmağına bax!”. 
 Bu hər kəlməsindən qığılcım saçan hökmlü bir raykom katibinin taleyi,  aqibəti idi. 

 

       Müəllif: Gülzar İbrahimova