Hopgopologiya dərsi


(hekayə)

     Direktor uşaqların tanımadığı bir qadınla sinfə girdi. Qadının hündür boyu vardı. Qara, kostyum geyinmiş, gözünə eynək taxmışdı. Yad qadın sinfə girəndə heç salam da vermədi. Eynəyinin altından baxaraq tez bir vaxtda hamını hirsli-hirsli gözdən keçirtdi. Direktor dedi:
     -Bu gündən Yaman müəllimə sizə yeni fənndən dərs deyəcək! Hopgopoloğiya fənnindən!  O xarici vətəndaşdır. Dilimizi yaxşı bilir və öz fənninə qarşı tələbkardır. Yalançılar ölkəsindən çox xahiş ediblər ki, bu dərsi proqramımıza salaq. Biz də onların xahişini yerinə yetirmişik.
Yaman müəllimə yalnız indi uşaqlara hirslə: “Salam!” – dedi.
Direktor gedən kimi müəllimə çantasını açdı. Ordan uzun bir çubuq çıxarıb bərkdən stola vurdu və qışqırdı:
     -Hopgopologiya dərsində hər kəs özündən fantaziya qurmalı, yalan uydurmalıdır. Kim mənim dərsimdə düz söz danışsa, mənə cavab verəcək.
Sinifdə elə  sakitlik oldu ki, elə bil heç kəs nəfəs almırdı. Birdən təzə müəllimə elə qışqırdı ki, hamı dik atıldı. O bu dəfə əlindəki çubuğu stola elə vurdu ki, çubuq iki yerə bölündü:
     -Kim mənim dərsimə hazırlıqsız gəlsə, mənə, şəxsən mənə cavab verməli olacaq!
Uşaqlar qorxudan əsməyə başladılar. Onlar heç belə “əzazil” müəllimə görməmişdilər. Tənəffüsdə direktora şikayət elədilər. Direktor uşaqlara qulaq asıb dedi:
      -Yaman müəllimə sizə deyib ki, mənə cavab verəcəksiniz. Bu hər yerdə belədir. Bütün uşaqlar dərsi öyrənib müəlliməyə cavab verirlər. Niyə xoşunuz gəlmir Yaman müəllimədən? Sizin istəyinizə görə biz Yalançılar ölkəsi ilə münasibəti poza bilmərik.
Uşaqlar bikef-bikef getdilər. Onların hərəsi səhərki Hopgopoloğiya dərsinə bir uydurmalıydılar. Aman.... nə çətin dərs imiş bu Hopgopoloğiya dərsi. Uşaqlar bunu sonradan başa düşdülər.

1-    dərs.
      Yaman müəllimə çubuğunu ci stola çırpıb yavaşca soruşdu:
      - Kim dərsə hazırdır?
      Hamı əlini qaldırdı. Yaman müəllimə hamının yalanına qulaq asıb heç birini bəyənmədi.
      Natiq dedi:
       -Dünən eyvandan baxırdım, bir maşın elə sürətlə gəlirdi, yəqin ki, saatda 200-lə gələrdi!
       -Ola bilər! “2” alırsan! – deyib Yaman müəllimə Natiqə “2” yazdı.
       Gülər dedi:
      -Axşam anam saçlarımı elə hördü ki, saydım. Düz yüz hörük oldu.
      -Ola bilər, lap 200 də ola bılər! “2” alırsan!
     Səməd dedi:
      -Bağımızda bir balqabaq yetişmişdi, 50 kq olardı, kəsib bütün qonşulara payladıq, yenə də artıq qaldı.
      -Braziliyada bir balqabaq yetişib, çəkisi 100 kg-dır. “2” alırsan.
     1-ci, “2”, “3” dərsdən hamı “2” alandan sonra, ilk dəfə Murad yaxşı qiymət aldı. Bunun da tarixi belə olmuşdu.
      Zəng vurulub qurtaran kimi Murad axsaya-axsaya sinfə girdi. Yaman müəllimə Murada baxdı. Sonra isə sakit-sakit çantasından uzun bir çubuq götürüb hirslə stola çırpdı və qışqırdı:
      -Cavab ver! Niyə dərsimə gecikmisən?
     Murad başına gələnləri danışdı:
     -Səhər-səhər dərsə gecikirdim. Tərslikdən avtobus da yox idi. Ağlıma bir fikir gəldi. Dəftərimdən bir kağız cırıb qayıq düzəltdim, qələm yonanı da mühərrik əvəzi qayığa bərkitdim. Qəzet köşkündən batareya alıb mühərrikə qoydum. Çantamdan su butulkasını çıxartdıb yerə tökdüm. Qayığı suya qoyub, mühərriki işə saldım. Qayıq yerindən elə götürüldü ki, özümü güclə içinə atdım.
     Elə təzəcə yerimi rahatlayırdım ki, qayıq ildırım sürəti ilə məktəbi ötüb keçdi. Qışqırdım:
     -Aman, dərsə gecikəcəyəm!
       Mən mühərriki dayandırana qədər, motorlu qayıq gedib çıxdı açıq dənizə, yaxınlaşıb çimərlikdə dayandı. Elə bil mən buna demişdim:
      -Məni apar  çimərliyə...
       Nə isə... İndi burdan qayıt, “Murad”, necə qayıdırsan, öz-özümə dedim.
      Tez çantamdan qələm qutusunu çıxartdım. Kağıza bir mobil telefon şəkli çəkib yapışdırdım qutunun üstünə. Mühərrikdən batareyanı çıxarıb qutuya qoydum. 10 qələmin hərəsinin üstünə bir rəqəm yazdım. Sonra isə nömrə yığıb dostuma zəng elədim: “Yaman müəllimənin dərsinə gecikirəm, de hirslənməsin, gəlirəm!”.
     Dostum dedi:
     -Mən Hindistanın paytaxtı Pakistandayam, özüm 2-ci dərsə ancaq çataram.
     Yadıma düşdü ki, dostum yarışdadır. Axşam da onu televizorda göstərdilər. 200 kq çəkili pəhləvanı necə qaldırıb yerə çırpdısa, o biri pəhləvanlar qaçıb gizləndilər.
     Başqa çıxış yolu tapmalıydım. Yaxınlaşdım çimərlikdə təyyarə sürən uşağa, dedim:
     -Dost, dərsə gecikirəm, məni də tulla, məktəbə!
     Uşaq pilot papağını başına qoyub əmr elədi:
      -Sərnişinlər! Yerinizi tutun, kəmərləri bağlayın!
    Uşaq təyyarəni elə sürətlə sürdü ki, düz beş dəqiqəyə məni məktəbə çatdırdı. Amma düz məktəbin yanında təyyarənin qapısını açdı. Təyyarəni yanakı elə çevirdi ki, guruluguppaz düşdüm məktəbin həyətinə.  Durub üst-başımı təmizləyib qışqırdım:
    -Ey, neyləyirsən, belə də təyyarə sürərlər?
    -Neyləyim, özün dedin, məni məktəbə tulla, mən də tulladım, “sağ ol”undur?
    -Yaxşı, sağ ol! Axsaya-axsaya özümü birtəhər sinfə saldım. Yaman müəllimə, ona görə də bağışlayın, dərsə gecikmişəm!
   -Otur, çox ciddi səbəbdən dərsə geciksən, də dərsi gözəl danışdın. Sənə “əla” qiymət verirəm!
İlk dəfə Yaman müəllimədən əla qiymət alan Murad oldu.

 

        Müəllif: Gülzar İbrahimova