Debat qrupunun konserti

(nağıl)

Bir Uzunqulaq işləməkdən bezib evdən qaçdı. Bir Donuz da nə qədər yeyirdi, heç doymurdu. O üzdən Donuz da evdən üz çevirib meşəyə qaçdı. Uzunqulaqla Donuz meşədə rastlaşıb dərdləşdilər. Bu vaxt Bayquş, Tutuquşu, Ağcaqanad da onlara qoşuldu. Hərə bir cür gileylənirdi:
- Belə haqsızlıq olar? Hamıya danışmaq olar, mənə yox! Ağzımı açıram söz deyim, hamı qışqırır: "Bəsdir dəəəə, kəs səsini"... - Uzunqulaq anqırıb dedi. 
Tutuquşu Uzunqulağın dediyini təkrar elədi:
- Mən də, ağzımı açmağa peşmanam. Hamı deyir: "Bəsdir dəəəə, kəs səsini"...
Donuz əsəbi-əsəbi fınxırdı:
- Mənim də hər yerdə səsimi kəsir, qoymurlar ağzımı açım, ürəyimi boşaldım...
Tutuquşu Donuz deyəni təkrar edib, dedi:
- Məni də qoymurlar ağzımı açım danışım, ürəyimi boşaldım...
- Bu lap haqsızlıqdır! - Hamı bir ağızdan dedi.
Bu yandan da Bayquş uladı:
- Mən çox bezmişəm. Bir kəlmə danışmaq istəyirəm, hamı hirslə qalxıb məni qovur. Az qalırlar daşlasınlar.
- Mən də çox bezmişəm! - Tutuquşu dedi. 
Ağcaqanad vızıldayıb dedi:
- İnsanlar məni də bezdirib. Xoşuma gələn bir yerə qonum, xəbərdarlıq eləmədən, hamı məni öldürmək istəyir. Bilmirəm günahım nədir. Lap bezmişəm.  
Tutuquşu Ağcaqanad deyəni də təkrar edib, dedi:
- Bilmirəm mənim də günahım nədir. Mən də lap bezmişəm.  
Uzunqulaq Tutuquşunun çox danışmağına görə ona irad tutdu:
- Səni düz edib susdururlar, yoxsa bütün günü danışarsan. Bayaqdan kim nə deyir təkrar edirsən. 
Tutuquşu incimək, susmaq əvəzinə, Eşşəyin dediyini təkrar elədi: 
- Mən yazığı da heç ağzımı açmağa imkan vermirlər.
Onlar bütün günü danışdılar, dərdləşdilər, axırda Donuz təklif etdi:
- Gəlin, bir qrup yaradaq, mahnı oxuyaq, müğənnilik edək! Bizim səsimizi kəsmək istəyənlərə acıq verək!
Tutuquşu sevincək qanad çalıb Donuz deyəni dedi: 
- Əlaaa! Qrup yaradaq, mahnı oxuyaq, müğənni olaq!
Uzunqulaq razı olmadı:
- Heç bizə tək-tək qulaq asmaq istəmirlər, qrup şəklində kimdir bizə qulaq asan...
- Tutuquşu bikef-bikef dodaqaltı deyinib yenə təkrar etdi:
- Düzdü, kimdir bizə qulaq asan...
Bu yerdə Uzunqulaq dözməyib ona acıqlandı:
- Kim nə deyir təkrar edirsən. Öz fikrin də olsun bir!
Hamı Uzunqulaqla razılaşdı. Dedilər:
- Düz deyir Uzunqulaq! Kim nə deyir təkrar edirsən. Öz fikrin də olsun!
Tutuquşu bir an başını aşağı saldı, güya küsdü.  Sonra sevincək dedi:
- Qulaq asın, öz fikrimi deyirəm! Düzdür, bizə təklikdə heç kəs qulaq asmaz. Amma mənim Bülbül dostum var. Onun studiyası, mikrofonu var. O, studiyada mahnı aranjeman edir. Mahnı oxuyursan, aparatı ilə səslərə elə gözəllik, elə effekt verir, mahnı çox xoşa gəlir. Hamımız studiyada oxuyaq, o da səsimizdən qəşəng mahnı düzəltsin. Fanaqram oxuyaq, konsert verək.
- Mən razıyam! Mən də razıyam, deyib hamı Tutuquşu ilə razılaşdı.    
Getdilər studiyaya. Anqırsalar da, Fınxırsalar da, Ulasalar da, Bülbül ortaya qəşəng bir mahnı çıxartdı. Bülbül səsyazma işini o qədər gözəl bilirdi, səslərə o qədər düzəliş və effekt verdi ki, mahnı tamam gözəlləşdi. Qrupun adını öz adlarının baş hərflərindən düzəldib "Dubat" qrupu qoydular. 
Tutuquşu meşədə uçub elan verdi:
- Diqqət, diqqət! Bu gün ilk dəfə "Dubat" qrupunun konserti olacaq! Hamını konsertə dəvət edirik. Bilet almağa tələsin.
Hamı həvəslə konsertə gəldi. Artistlər fonoqram oxusa da, konsert hamının xoşuna gəldi. Donuz konsertdən sonra yağışın başladığını görüb Uzunqulaqdan soruşdu:
- İndi bu yağışda harda qalacağıq?
Uzunqulaq çiynini çəkib dedi: 
 - Özüm də bilmirəm...
Yaxınlıqda dayanmış Kenquru bunu eşidəndə dedi:
- Qalmağa yeriniz yoxdursa, bizim evdə gecələyə bilərsiz. Yağış yağır, gedək, bu gecə qonağımız olun. 
Artistlər Kenqurunun təzə, işıqlı evini görəndə çox sevindilər. Kenquru yemək hazırladı. Yeməkdən sonra qonaqlara yataq düzəltdi. Hətta ağacda yatmağa alışmış Ağcaqanad, Bayquş, Tutuquşu da özlərinə yumşaq yataq hazırlatdı. Axı onlar daha adi quş, adi həşərat deyil, böyük artist idilər. Bala kenquru onlara həvəslə, həsədlə baxırdı. 
Beləliklə, neçə gün keçdi. "Dubat" qrupu meşənin aşağısında, yuxarısında, dərinliyində, qayada, mağarada, bulaq başında - bir sözlə, hər yerdə konsert verdi. Konsertdən qayıdanda da Kenqurunun evində qaldılar. Kenquru çox yorulur, öz balasına diqqət, vaxt ayıra bilmirdi. Ona görə bir gün qonaqlara dedi: 
- Siz hər gün bazara gedib bazarlıq edirsiz, konsert üçün lazım olan geyimlər, konfetlər, şirələr alırsız. Bu dəfə də bazardan qayıdanda çörək, kartof, soğan alarsız, mən bir də bazara getməyim. İşlərimi çatdıra bilmirəm.
Donuz gülüb dedi:
- Nə danışırsan, heç bizə yaraşar, kartof, soğan daşıyaq?
Uzunqulaq da Donuz deyənə gülüb dedi:
- Harda görünüb ki, ev sahibi dursun bir yanda, qonaq bazarlıq eləsin. 
Kenquru hirslənsə də, bu sözləri sakit-sakit dedi:
- Mən sizi bir gecəliyə qanaq gətirmişdim. Demişdim yağış yağır, gedək, bu gecə bizim qonağımız olun.   
- İndi nə demək istəyirsən, bizi evdən qovursan? - Bayquş belə deyib uladı.
Kenquru pərt olub dedi:
- Mən demədim çıxın, gedin. Mən dedim on beş gündür mən bazarlıq edirəm, yorulmuşam. Bu gün də kartofu, soğanı, çörəyi siz alın. 
Donuz üzünü hirslə Eşşəyə tutub fınxırdı:
- Eybi yox, alarıq. Niyə almırıq. Bu gün Uzunqulaq kartof, soğan, çörək də alar...
Uzunqulaq Donuzun üstünə anqırdı:
- Bir çətinlik olan kimi Uzunqulaq yada düşür. Mən heç nə alan deyiləm! 
- Özün bil. Kim alır, alsın. Mən pul xərcləyən deyiləm. Onu bilin ki, mən olmasaydım, siz bu qədər uğur qazanmazdız. - Donuz dedi. 
Bunu eşidən Tutuquşu, Ağcaqanad, Bayquş, Uzunqulaq hərəsi bir tərəfdən özünü tərifləməyə, öyməyə başladı. Həyasız Ağcaqanad da susmadı: 
- Mənim məlahətli, incə səsim olmasaydı, mahnı elə də şirin alınmazdı. 
Mübahisə etməkdən hamı yorulanda Tutuquşu dedi:
- Özünüzü çox öyməyin. Mən, bir də dostum Bülbül olmasaydı, siz heç vaxt bu qədər uğur qazana bilməyəcəkdiniz. 
Mübahisə çox uzandı. Kenquru nə qədər qışqırdı, "Sakit olun, balam yatır", heç kəs ona fikir vermədi. Bala Kenquru yuxudan yarımçıq qalxdı. Ana Kenquru bu acgöz, həyasızları evə qonaq çağırdığına, onlara vaxt itirdiyinə görə çox peşiman oldu. 
Uzun mübahisədən sonra "Dubat" qrupu konsertə yollandı. Konsertdə işıqlar söndü, fanaqram kəsildi. Hamı qışqırdı:
- Heç nə olmaz, canlı oxuyun! 
" Dubat " qrupu əlacsız qalıb canlı oxumağa başladı. Fanaqramsız elə bərbad gündə oxudular, hamı hirslənib pulunu geri aldı. 
Artistlər pərt halda Kenqurugilə qayıtdılar. Qapını bağlı görüb Kenqurunu səslədilər. Kenquru pəncərədən boylanıb soruşdu:
- Sizə nə lazımdır?
- Qonağı da belə qarşılayarlar? Bu harda görünüb? - Donuz hirslə fınxırdı:
- Mən heç kəsi qonaq çağırmamışam. Qonaq üç gün olur. Siz isə mənim evimdə on beş gün qaldınız, bəsdir! 
- Meşədə eitsələr qonaqların üzünə qapı bağlamısan, biyabır olacaqsan. Ayıbdır, qapını aç! - Uzunqulaq dedi.
- Eybi yox, qoy buna görə mənə ayıb olsun. Amma mən öz evimdə rahat yaşamaq istəyirəm. 
- Sənə nə oldu bir günün içində, birdən-birə, belə dəyişdin? - Bayquş dedi. Uzunqulaq da, Donuz da, Ağcaqanad da, Tutuquşu da Bayquş deyəni dedi:
- Elə dəyişdin, səni tanımaq olmur!
- Düzdür, mən dəyişdim. Amma əminəm ki, siz heç vaxt dəyişməyəcəksiniz. Elə olduğunuz kimi Uzunqulaq, Donuz, Tutuquşu, Ağcaqanad və Bayquş da qalacaqsız.      

 

      Nağılçı: Gülzar İbrahimova